"Hər bir vətəndaş məsuliyyət hissini daha da gücləndirməlidir" ŞƏRH-ÖZƏL

"Bəşəriyyət bu günlərdə yeni bir sınaqla üz-üzədir. Bu sınaqdan da üzüağ çıxmaq üçün Azərbaycan dövləti bütün zəruri potensial və imkanlarından maksimum yararlanır. Koronavirus infeksiyasının dünya gündəmini zəbt etdiyi ilk gündən məsələnin ciddiliyini və gələcəkdə törədə biləcəyi bütün fəsadların qarşısını almaq məqsədilə cənab Prezident İlham Əliyev uzaqgörənlik nümayiş etdirdi və xüsusi tədbirlər planını həyata keçirmək istiqamətində dövlət strukturları qarşısında tələblər qoydu". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

O bildirib ki, Prezidentin şəxsi təşəbbüsü ilə bir gündə 200 nəfəs aparatı ölkəyə gətirilib: "Bundan əlavə cənab Prezidentin göstərişinə əsasən bir həftə ərzində Azərbaycanda tibbi maska istehsal edən müəssisənin işə başlayacağı gözlənilir. Bütün bu faktlar haqlı olaraq onu deməyə əsas verir ki, bu günə qədər görülmüş bütün işlər vaxtında və dəqiq atılmış addımların nəticəsidir. Lakin məsələyə həssas münasibətdə hər şey yalnız dövlətin və hökümətin üzərinə düşməməlidir. Çox təəssüf ki, bəzən Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş qaydalara, tələb və tövsiyələrə riayət etməyən ya da etinasız yanaşan insanların şahidi oluruq. Vətəndaşlar ən sadə qaydalara əməl etmirlər. Kütləvi toplaşmaqdan çəkinmək məsləhət görüldüyü halda insanların toplu şəkildə yığışdığını görürük. Evdən çıxmamaq tövsiyə olunduğuna baxmayaraq insanları küçələrdə görürük. Bu çox məyusedici haldır. Məyusedicidir ona görə ki, vaxtilə bu məsələyə ciddi yanaşmayan cəmiyyətlərin və ölkələrin mövcud vəziyyəti və acınacaqlı durumu göz önündədir. Gün ərzində yüzlərlə insan tələfatı ilə üzləşən bu dövlətlər hələ prosesin başlanğıcında məsələyə barmaqarası baxdıqları üçün mövcud bəlaya uduzurlar. Bu isə onu sübut etdi ki, ağrı və iztirablar həqiqətən də sərhəd tanımır".

Politoloq söyləyib ki, hazırda ölkə vətəndaşlarının normal həyat şəraitinin pozulmaması və insanların təhlükəsizliyinin təmin edilməsi Azərbaycan dövləti üçün prioritet məsələdir: "Bu istiqamətdə Azərbaycan dövləti lazım olan bütün zəruri addımlar atır və işlərə fasilə verilmir. Məsələ bilavasitə ölkə başçısı Prezident İlham Əliyevin şəxsi nəzarəti altındadır. Bu baxımdan hər bir vətəndaş fərd olaraq sosial məsuliyyət hissini və missiyasını daha da gücləndirərək, informasiya təhlükəsizliyində həssas davranaraq milli həmrəylik nümayiş etdirməli və milli təhlükəsizliyimizi qorumalıdır. Ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın da xalqa müraciətində deyildiyi kimi bu həqiqətən də özgə dərd deyil, bütün bəşəriyyətin bir evi, bir dünyası var. Hamımız ən sadə həqiqətləri dərk edib, ümumi səylərimizi ortaya qoyaraq bu çağırışın da öhdəsindən gəlməliyik. Bunun isə tək bir yolu var. Vətəndaş mövqeyi və həmrəylik nümayiş etdirməli cənab Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ətrafında daha sıx birləşib, bu mübarizədən də qalib ayrılmağa çalışmalıyıq".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...