Aydın Əliyev: “Bütün gömrük idarələrində gömrük ödənişlərinin bank və plastik kart vasitəsilə aparılmasına başlanılıb”

Aydın Əliyev: “Bütün gömrük idarələrində gömrük ödənişlərinin bank və plastik kart vasitəsilə aparılmasına başlanılıb”

"Şəffaflığın təmin olunması, vergidən yayınmanın, qaçaqmalçılığın qarşısının alınması və hüquqpozmalara qarşı mübarizənin daha da gücləndirilməsi məqsədi ilə Dövlət Gömrük Komitəsində bir sıra mühüm tədbirlər həyata keçirilib. 4 nəfəri gömrük əməkdaşı olmaqla 11 nəfərdən ibarət böyük cinayətkar qrup sənədlərin saxtalaşdırılması, korrupsiya və digər qanunsuz hərəkətlərinə görə həbs olunaraq məhkəmənin hökmü ilə layiqli cəzalarını alıblar". SİA-nın xəbərinə görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında deyib.


Aydın Əliyev məlumat verib ki, 2011-ci ilin yanvar-mart aylarında Azərbaycan Respublikasının gömrük orqanları tərəfindən qaçaqmalçılığa və gömrük işi sahəsində digər hüquqpozmalara qarşı aparılan mübarizə nəticəsində 4665 hüquqpozma faktı aşkar edilib. Bu faktların 60-ı cinayət xarakterli olub: "Görülən tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 33 fakt aşkar edilmiş, həmin faktlar üzrə 40,7 kiloqram narkotik, o cümlədən 5,6 kiloqram heroin, 1,2 kiloqram tiryək, 29,3 kiloqram həşiş və digər narkotik vasitələr tutulub. Cari ilin üç ayı ərzində aşkar olunmuş 4605 gömrük qaydaları əleyhinə inzibati xəta faktları üzrə 118 hüquqi və 4487 fiziki şəxs inzibati məsuliyyətə cəlb edilib. Bu faktlar üzrə qeyd olunan şəxslərə 254 min manat cərimə tətbiq edilib. Hesabat dövründə gömrük orqanlarında aparılan idxal-ixrac əməliyyatlarına mərkəzləşmiş qaydada nəzarətin həyata keçirilməsi məqsədi ilə Dövlət Gömrük Komitəsində əməliyyat mərkəzi yaradılıb, sərhəd buraxılış məntəqələrindən keçirilən mal və nəqliyyat vasitələrinə videomüşahidə sistemi və nəqliyyat vasitələrinin ölkəyə daxilində hərəkətin izlənməsinə imkan verən izləmə sistemi istismara verilib, gömrük xidmətinin vahid avtomatlaşdırılmış idarə sistemi və yeni servis mərkəzi yaradılıb".


Aydın Əliyev Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında 25 fevral 2011-ci il tarixli və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin imzaladığı 3 mart 2011-ci il tarixli fərmanlarının icrası ilə bağlı görülən işlərdən də danışıb. O, məlumat verib ki, Dövlət Gömrük Komitəsi tərəfindən bu istiqamətdə bir sıra müvafiq tədbirlər artıq görülüb: "Belə ki, Dövlət Gömrük Komitəsinin strukturuna daxil olan bütün gömrük idarələrində pos-terminallar quraşdırılıb, qanunvericilikdə müəyyən edilmiş bütün gömrük ödənişlərinin bank və plastik kart vasitəsilə aparılmasına başlanılıb, gömrük orqanlarında göstərilən xidmətlərin operativliyinin və şəffaflığın artırılması məqsədi ilə müraciət edən şəxslərin qəbul edilməsi ardıcıllığının müəyyən olunması üçün Bakıda Baş Gömrük İdarəsi və Astara gömrük idarələrində elektron idarəetmə sisteminin tətbiqinə başlanılıb, qısa müddət ərzində digər gömrük orqanlarında da bu sistemin tətbiqi tam təmin olunacaq".


Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının ərazisinə idxal edilən nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi, dövlət qeydiyyatının aparılması, uçota alınması, nəqliyyat vasitələrinə dövlət qeydiyyat şəhadətnaməsinin və qeydiyyat nişanının verilməsi və digər prosedurları "bir pəncərə" prinsipi əsasında sadələşdirilməsi məqsədilə müvafiq icra orqanları ilə birgə vahid mexanizmin işlənib hazırlanması istiqamətində aidiyyəti tədbirlər görülür və Fərmanda qeyd olunduğu kimi, 3 ay müddətində icrası təmin olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə