Eldar İbrahimov: “Əsas məqsəd problemlərin az itki ilə həllidir” RƏY-ÖZƏL

"Bildiyiniz kimi Azərbaycanda yeni növ koronavirusa geniş yoluxma halının qarşısının alınması, vətəndaşlarımızın sağlamlığının qorunması istiqamətində karantin rejimi elan edilib. İnsanların xəstəliyə yoluxmaması üçün hər kəsə evdə qalmaq tövsiyə olunur. Bu tövsiyələrin istehsalat müəssisələrinə, sahibkarlara ziyan verməməsi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabinetinə bir milyard manat ayrılıb. Ölkəmiz hər zaman olduğu kimi bu addımı ilə də regionda birincilik göstərdi". Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Eldar İbrahimov deyib.

Azərbaycanda sahibkarların fəaliyyəti üçün hər zaman geniş şəraitin yaradıldığını deyən millət vəkili söyləyib ki, Prezidentin sərəncamı ölkəmizdə sahibkarlara göstərilən diqqtə və qayğının bariz göstəricisidir: "Sahibkarların yaranan vəziyyətdən ziyansız çıxması üçün Nazirlər Kabinetinə ayrılan 1 milyard manat vəsait istər kənd təsərrüfatı, istərsə də digər sahələrdə fəaliyyət göstərən sahibkarlar üçün çox böyük dayaq və kömək olacaq. Sərəncama əsasən, sahibkarlara vergi güzəştləri, digər imtiyazlar nəzərdə tutulur ki, burada da əsas məsələ problemlərin az itki ilə həllidir. Bütün bunlar deməyə əsas verir ki, görülən işlər Azərbaycanın koronavirus pandemiyası ilə mübarizədə necə sistemli və ardıcıl bir siyasət yürüdür".

E. İbrahimov qeyd edib ki, Koronavirusa qarşı Mübarizəyə Dəstək Fondunun yaradılması da Azərbaycanda epidemiya ilə mübarizə istiqamətində atılan addımların düzgün və vaxtında atıldığını təsdiqləyir: " Hesab edirəm ki, hər kəs imkanı çatdığı qədər Fonda vəsait ayırmalıdır. Bu, bir vətəndaşlıq borcudur. Düşünürəm ki, Prezident İlham Əliyevin 1 illik əmək haqqısını Fonda köçürməsi hər kəs üçün nümunədir. Mən də öz növbəmdə bu təşəbbüsə qoşularaq ilk əmək haqqımı Fonda köçürəcəm".

Fikirlərini 65 və daha yuxarı yaşlı insanlara tövsiyə verməklə yekunlaşdıran deputat vurğulayıb ki, hər kəs xüsusilə də qeyd edilən yaş kateqoriyasına aid şəxslər qəbul edilən qərarlara riaəyət etməli, məsələlərə ciddi yanaşmalıdırlar: "Biz bununla təkcə özümüzü deyil, eləcə də ətrafdakılarımızı qoruya bilərik. Ölkəmizdə 65 yaşından yuxarı şəxslərə evdən çıxmaq qadağası qoyulub. Mən də bu kateqoriyaya daxil olduğum kimi evdə qalaraq, qaydalara riaəyət edirəm. Biz özümüzdə məsuliyyət hiss edib, qanunlara əmək etməliyik. Yalnız bu halda koronavirus bəlasından qurtula bilərik".

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə