"Bu il maaşların və pensiyaların gözlənilən artımları hesabına Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı yenə də aşağı düşəcəkdir"
Nazirlər Kabinetinin bugünkü toplantısı 2011-ci ilin birinci rübünün yekunlarına həsr edilir. Birinci rübdə iqtisadiyyatımız uğurla inkişaf etmişdir. Əlbəttə ki, bu ilin əvvəlində əldə edilmiş nəticələri düzgün təhlil etmək üçün biz bundan əvvəlki illərdə Azərbaycanda mövcud olan iqtisadi inkişafı mütləq nəzərə almalıyıq. Çünki son illər ərzində iqtisadiyyatımız durmadan artmışdır. SİA-nın xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev aprelin 12-də Nazirlər Kabinetinin 2011-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında çıxışı zamanı bildirib.
"Son 7 il ərzində ümumi daxili məhsul təxminən 3 dəfə artmışdır, hətta böhranlı 2009 və 2010-cu illərdə iqtisadiyyatımız 14 faiz artmışdır. Ona görə də bu yüksək təməl, yüksək baza üzərində birinci rübdə yenə də müşahidə olunan artım, əlbəttə ki, bizi çox sevindirir.
İqtisadiyyatımız birinci rübdə bütövlükdə 1,6 faiz artmışdır. Ancaq sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sektorumuz 5,6 faiz artmışdır. Bildiyiniz kimi, bizim əsas vəzifəmiz qeyri-neft sektorunu inkişaf etdirmək, neft-qaz amilindən asılılığımızı azaltmaq və beləliklə, ölkə iqtisadiyyatının şaxələndirilməsinə nail olmaqdır. Ona görə qeyri-neft sektorunun inkişafına xüsusi diqqət göstərilir və ölkədə aparılan sosial və iqtisadi islahatlar, ilk növbədə bu məqsədə nail olmaq üçün həyata keçirilir" İlham Əliyev deyib.
Prezidentin sözlərinə görə, sənaye istehsalı bütövlükdə 0,3 faiz artsa da, sənayenin inkişafında əsas məsələ, yəni sevindirici hal ondan ibarətdir ki, qeyri-neft sənayemiz 9,8 faiz artmışdır. Bu da onu göstərir ki, qeyri-neft sektoruna qoyulan vəsait, investisiyalar, sahibkarlara yaradılmış şərait gözəl nəticələrini göstərmişdir. Bütövlükdə sənaye istehsalında o qədər də böyük artımın olmaması neft-qaz sektorunda hasilatda müəyyən azalmanın səbəbidir. Ancaq bu azalma əlbəttə ki, müvəqqəti xarakter daşıyır və hazırda Azərbaycanda neftin hasilatı demək olar ki, yüksək həddə çatmışdır və bu səviyyədə qalacaqdır. O ki qaldı qaz istehsalına, növbəti illərdə qoyulacaq investisiyalar hesabına qaz hasilatımız da artmalıdır.
"Narahatedici məsələlərdən biri odur ki, birinci rübdə inflyasiya 9,1 faiz artmışdır. Bu, bizi narahat edir. Ancaq hazırda inflyasiya birrəqəmli inflyasiyadır, elə etməliyik ki, biz birrəqəmli inflyasiyanın səviyyəsini saxlaya bilək. Bununla bərabər, əhalinin pul gəlirləri 16 faizdən çox artmışdır. Yəni, əgər biz yenə də inflyasiyanı əhalinin pul gəlirləri ilə müqayisə etsək, görərik ki, gəlirlərdə real artım müşahidə olunur. Əminəm ki, bu meyillər il ərzində özünü daha da böyük həcmdə göstərəcəkdir.
Ölkəmizdə yığılan valyuta ehtiyatlari 34,2 milyard dollara bərabərdir. Bu istiqamətdə də bütün tapşırıqlar yerinə yetirilir və valyuta ehtiyatlarımız artır. Ölkəmizdə böyük investisiya layihələri icra edilir və bu layihələr böyük vəsait tələb edir. Buna baxmayaraq, biz həm investisiya layihələrimizi təmin edirik, eyni zamanda, valyuta ehtiyatlarımızı da artırırıq. Bu, özlüyündə gözəl göstəricidir. Eyni zamanda, bu, ölkənin iqtisadi və maliyyə gücünü göstərir. Heç şübhə etmirəm ki, ilin sonuna qədər bizim valyuta ehtiyatlarımız artacaqdır. Bu artım çox təsirli olacaqdır" dövlət başçısı çıxışında qeyd edib.
İlham Əliyev bildirib ki, bütövlükdə iqtisadi sahədə bütün tapşırıqlar yerinə yetirilir.
"Birinci rübün yekunları deməyə əsas verir ki, ilin sonuna qədər də bu müsbət meyillər özünü göstərəcəkdir. Sosial sahədə bütün proqramlar həyata keçirilir. Bütün sosial məsələlər öz həllini tapır. Sosial infrastrukturun yaradılması istiqamətində proqram üzrə işlər aparılır. Məktəblərin, xəstəxanaların, sosial obyektlərin, mədəniyyət, idman obyektlərinin tikintisi investisiya proqramı çərçivəsində müəyyən olunduğu kimi icra edilir. Birinci rübün yekunlarına görə ölkəmizdə orta əməkhaqqı 340 manat səviyyəsindədir. Əgər biz dollarla hesablasaq, bu, haradasa 430 dollara yaxındır. Bu, yaxşı göstəricidir. Orta əməkhaqqının artımı ölkədə həm iqtisadi, həm də sosial sahədə aparılan siyasətin əlamətidir. Biz bazar iqtisadiyyatına sadiq olan ölkəyik. Eyni zamanda, sosial məsələlər də Azərbaycanda uğurla öz həllini tapır. Əlbəttə, bunun ən gözəl göstəricisi ondan ibarətdir ki, Azərbaycanda yoxsulluğun səviyyəsi ildən-ilə aşağı düşür.
2010-cu ilin yekunlarına görə Azərbaycanda yoxsulluq 9,1 faiz səviyyəsində idi. Mən ümid edirəm ki, bu il ərzində həm iqtisadi sahədə, həm sosial sahədə görüləcək işlər nəticəsində, eyni zamanda, bu il maaşların və pensiyaların gözlənilən artımları hesabına Azərbaycanda yoxsulluq şəraitində yaşayanların sayı yenə də aşağı düşəcəkdir. Nəticədə, biz bir neçə il bundan əvvəl qarşıya qoyulmuş məqsədə çatacağıq.
Hər bir ölkədə yoxsullar vardır. Ancaq biz qarşıya vəzifə qoyuruq, bizim hədəfimizdir, bizim məqsədimizdir. Ölkədə aparılan quruculuq işləri, iqtisadi islahatlar, sosial proqramlar bu ağır problemin həlli üçün bizə imkan verəcəkdir. Bununla bərabər, bütün regionlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı uğurla icra edilir. Bu ilin birinci rübündə nəzərdə tutulmuş bütün investisiya layihələri vaxtında həllini tapır. Birinci üç ayda regionlarda təxminən on yeddi min yeni iş yeri açılmışdır. Bu proses davam edir. Bütövlükdə birinci proqramın icrasından sonra ölkəmizdə 930 min yeni iş yeri açılmışdır. Sahibkarlara kömək məqsədi ilə kreditlər ayrılır və bu kreditlər gözəl nəticələrini verməkdədir. Yəni, regionların inkişafı proqramı icra edilir. Regionlara səfərlərim mənə imkan verir ki, görülən işləri özüm gözümlə görüm və deyə bilərəm ki, hər bir bölgədə inkişaf vardır. Ən önəmlisi ondan ibarətdir ki, bu inkişaf davamlıdır. Yəni, biz əldə edilmiş uğurlarla kifayətlənməməliyik. Baxmayaraq ki, son illərdə Azərbaycanda böyük işlər görülmüşdür. Biz daim inkişafda olmalıyıq və daim mövcud problemlərin həlli işində fəal olmalıyıq. Regionların sosial-iqtisadi inkişafı proqramının icrası ilə bərabər, Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafı proqramı da hazırlanır. Bu məqsədlə keçən ay geniş müşavirə keçirilmişdir. Bütün tapşırıqlar verilmişdir.
Hazırda problemlər təhlil edilir. Əslində biz bu problemləri bilirik. O problemlərin həlli üçün xüsusi proqram qəbul olunandan sonra biz bu il proqramda nəzərdə tutulacaq məsələlərin bir hissəsini icra edəcəyik. Ancaq vaxt itirməmək üçün Prezidentin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10 milyon manat ayrılmışdır ki, bu məsələlər təxirə salınmadan həllini tapsın.
Artıq qəsəbələrdə işlər başlamışdır. Mən indi qəsəbələrdə tez-tez oluram, əvvəlki dövrlərdə də olmuşam. Vəziyyətlə tanış oluram və insanlardan birbaşa soruşuram ki, hansı məsələlər onları daha çox narahat edir. Deyə bilərəm ki, qəsəbələrdə son illərdə böyük işlər görülmüşdür. Tikilən məktəblər, demək olar ki, qəsəbələrdə təhsil sahəsinin inkişafına müsbət təsir göstərmişdir. Bəzi qəsəbələrdə su qıtlığı mövcuddur. Kanalizasiya problemi, demək olar ki, bütün qəsəbələrə xas olan məsələdir. Kanalizasiya problemi təkcə qəsəbələrdə deyil, Bakı şəhərinin özündə də qarşıda duran çox kəskin məsələdir. Ancaq bununla bərabər, son illər aparılmış işlər nəticəsində elektrik enerjisi ilə təminat yaxşıdır. Heç bir şikayət, heç bir müraciət olmamışdır. Qəsəbələrin qazlaşdırılması prosesi gedir. Hazırda bu məsələ demək olar ki, tam şəkildə həll edilib. Sadəcə, növbəti bir neçə il ərzində biz yeni xətlərin çəkilişi nəticəsində qazın təzyiqinin də yaxşılaşdırılmasına nail olmalıyıq. Səhiyyə məsələləri müəyyən dərəcədə həll olunub. Amma yeni xəstəxanaların, poliklinikaların tikintisinə ehtiyac vardır. Ən vacib məsələ, - bu problemi bütün qəsəbələrə aid etmək olar, - yollar məsələsidir. Demək olar ki, qəsəbələrin yollarının əksəriyyəti torpaq yollarıdır. Hazırda yol çəkilişi prosesi başlamışdır" Prezident bildirib.
Dövlət başçısı hesab edir ki, geniş, çox dəqiq və konkret proqram qəbul olunandan sonra 2013-cü ilə qədər biz qəsəbələrdə mövcud problemlərin böyük əksəriyyətini həll etməliyik.
"Baxmayaraq ki, bu çox böyük proqramdır. Qəsəbələrdə hazırda 800 mindən artıq əhali yaşayır. Bu özlüyündə böyük bir şəhərdir. Ancaq bu məsələ öz həllini tapmalıdır. Ümid edirəm ki, biz qısa müddət ərzində bu məsələnin həllinə nail olacağıq.
Birinci rübdə ölkəmizdə böyük infrastruktur layihələri icra edilirdi. Bu layihələrin icrası cədvəl üzrə gedir. Qazlaşdırma prosesi gedir. Su, kanalizasiya məsələləri həll edilir, həm magistral, həm qəsəbələrarası yollar çəkilir. Böyük infrastruktur layihələrinin arasında Heydər Əliyev Beynəlxalq Aeroportunun yeni binasının tikintisini mən xüsusi qeyd etmək istəyirəm. Aeroport hər bir ölkənin giriş qapısıdır. Hazırda beynəlxalq aeroportumuz Azərbaycanın indiki inkişaf səviyyəsinə və xüsusilə gələcək inkişafımıza tam şəkildə cavab vermir. Ona görə, həm aeroportun yeni binası tikilməlidir. Artıq işlər başlanmışdır. Eyni zamanda, yeni uçuş-enmə zolaqları tikilməlidir. Bütün xidmət infrastrukturu yenidən qurulmalıdır. Heydər Əliyev Beynəlxalq Aeroportu dünya miqyasında ən gözəl, ən müasir və ən səviyyəli aeroportların sırasına daxil edilməlidir. Növbəti iki il ərzində əminəm ki, tikinti başa çatacaq və ölkəmiz üçün çox vacib olan infrastruktur obyekti istismara veriləcəkdir.
Bildiyiniz kimi, hazırda digər böyük infrastruktur layihələri icra edilir. Mən onların sırasında Beynəlxalq Dəniz Ticarət Limanını qeyd etmək istəyirəm. Orada işlər yaxşı gedir. Gəmiqayırma zavodunun tikintisi gedir. Yəni, bu iki böyük layihə və aeroportu da əlavə etsək, Azərbaycanın nəqliyyat imkanlarını yüksək dərəcədə artıracaqdır. Növbəti aylar ərzində yeni gəmilərin, bərələrin alınması nəzərdə tutulur. Çünki Azərbaycan üzərindən yükdaşımaların həcmi artmaqdadır. Baxmayaraq ki, son illərdə biz ona yaxın yeni müasir tanker, yük gəmiləri almışıq, buna yenə də ehtiyac vardır. Nəzərə almalıyıq ki, 2012-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolu istismara verilməlidir. Biz bütün hazırlıq işlərini elə qurmalıyıq ki, Bakı-Tbilisi-Qars dəmir yolu istismara veriləndən sonra bir gün də yubanma olmasın. Ona görə, yeni bərələrin alınması məsələləri qoyulubdur və bu il o məsələlər öz həllini tapacaqdır.
İnformasiya-kommunikasiya sektorunda bu ilin birinci rübündə çox böyük artım vardır. Bu sektor çox dinamik inkişaf edir. Mən bu barədə fikirlərimi bir neçə dəfə bildirmişəm. Azərbaycan bu bölgədə artıq informasiya-kommunikasiya texnologiyaları üzrə mərkəzə çevrilir. Ənənəvi olaraq Bakutel sərgiləri keçirilir. Azərbaycana və burada görülən işlərə dünyada maraq artır. Bu sektorun inkişafı Azərbaycanda ümumi intellektual potensialın və intellektual imkanlarımızın inkişafına xidmət göstərəcək, eyni zamanda, bu sektorun böyük kommersiya əhəmiyyəti vardır. Artıq bu sektor bizim üçün yeni bir gəlir mənbəyinə çevrilir. Gələcəkdə bu sektorda əldə olunacaq gəlirlər ölkə iqtisadiyyatının inkişafına çox güclü təsir göstərəcəkdir.
Süni peykin yaradılması proqramı icra edilir. Ümid edirəm ki, Azərbaycan artıq yaxın zamanlarda öz peykinə malik olacaqdır. Bu, həm ölkənin imici və nüfuzlu üçün çox vacib olan məsələdir. İlk növbədə isə praktiki nöqteyi-nəzərdən bu, çox vacib olan layihədir. Peykin kommersiya istismarından əldə olunacaq gəlirlər də bizə yaxşı imkanlar yaradacaqdır" Prezident çıxışında vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB