Koronavirus təhlükəsi: üzərimizə hansı məsuliyyətlər düşür?

Koronavirus təhlükəsi: üzərimizə hansı məsuliyyətlər düşür?

Sirr deyil ki, koronavirus infeksiyası (COVİD-19) dünya ölkələrində geniş yayılıb və pandemiya şəklində qlobal təhlükə mənbəyinə çevrilib. Məhz bu baxımdan, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün dünya üzrə hərəkətə keçməklə yanaşı, insanların virus təhlükəsindən qorunması istiqamətində təxirəsalınmaz tədbirlər planlarını həyata keçirir, o cümlədən də, ÜST mütəxəssisləri müxtəlif ölkələrə səfərlər edərək tövsiyələrini verir, maarafləndirmə işləri aparırlar.

Əbəs deyil ki, sözügedən istiqamətdə kifayət qədər ciddi tədbirlər görülür, sərhədlər bağlanır, məhdudiyyətlər tətbiq edilir. Yəni belə bir vəziyyətdə nəzərə alınan əsas amil insanların COVID-19-dan müksimum şəkildə qorunmasıdır. Son günlərin statistik rəqəmlərinə nəzər salarkən, müxtəlif ölkələrdə yoluxanların və ölüm hallarının sayının artdığını müşahidə etsək də, sağalanların da say artımını görmək sevindiricidir. Lakin söz yox ki, sağalma sayının artması heç də insanları rahat etməməlidir. Çünki bildiyimiz kimi, koronavirusa yoluxub-sağalan şəxs yenidən eyni aqibəti yaşaya bilər. Məhz bu baxımdan da nəticə çıxarmaq vacibdir.

Ortada vətəndaşın həyat şəraiti və təhlükəsizliyinin təmin olunması faktoru dayanır

Mühümdür ki, hər bir insan üzərində ciddi məsuliyyət hiss etməlidir. Bu məsuliyyət həm şəxsin özünü, həm də ətrafını yoluxma təhlükəsindən qoruya bilər.
Azərbaycanda da qeydə alınan yoluxma halları hökumətin, müvafiq dövlət qurumlarının diqqəti mərkəzindədir. Çünki ortada vətəndaşın həyat şəraiti və təhlükəsizliyinin təmin olunması faktoru dayanır. Daha dəqiq vurğulasaq, xalqın təhlükəsizliyinin təmin edilməsi və mövcud qlobal problemin təsirindən müdafiəsi Azərbaycan dövləti üçün ən vacib və prioritet məsələ olaraq nəzarətə götürülüb.

Azərbaycanda yoluxma halları minimal rəqəmlərlə ölçülür

Nazirlər Kabinetinin məlum qərarı da bilavasitə həmin reallığı əks etdirməkdədir. Müxtəlif müəssisələrdə, ictimaiyyətin gur olduğu yerlərdə, iaşə, əyləncə obyektlərində, təhsil müəssisələrində, habelə kütləvi tədbirlərin keçirilməsi məsələsində təxir qərarlarının elan edilməsi özündə bu vacib reallığı əks etdirməkdədir. Belə ki, Azərbaycan COVİD-19 infeksiyasının dünyada sürətlə yayılması fonunda, hətta qonşu İranda, Ermənistanda yoluxma hallarının artdığı vaxtda minimal rəqəmlərlə seçilməkdədir. Əlbəttə ki, bu hökumətin önləyici tədbirlərinin sübutudur.

Eyni zamanda, Azərbaycan güclü dövlət olduğunu, öz vətəndaşlarını bütün növ təhlükələrdən etibarlı müdafiəsini təşkil etmək üçün zəruri potensiala malikliyini sözügedən addımları ilə təsdiq edir. Misal üçün, ölkəmizdə səfərdə olan ÜST-ün ekspertləri də qeyd etdilər ki, Azərbaycan hazırkı qlobal təhlükənin ölkə əhalisinə təsirini mümkün qədər minimallaşdırmaq üçün ən səmərəli tədbirlər həyata keçirən ölkələrdən biridir. Nəticədə Azərbaycan hökuməti ÜST-ün tövsiyyələrini və beynəlxalq təcrübənin tələb etdiyi faktorları nəzərə alaraq, vətəndaşların sağlamlığının etibarlı qorunması və virus infeksiyasınln yayılmasının qarşısının alınması yönündə həyata keçirilən tədbirlərin əhatə dairəsini daha da genişləndirib, zəruri qaydaları tətbiq edir.

Birgə mübarizə üsulları koronavirus təhlükəsinin tez bir zamanda aradan qaldıracaq

Yeri gəlmişkən, daha bir vacib məqama toxunmaq lazımdır ki, bu da sözsüz ki, vətəndaş məsuliyyətidir. Yəni tətbiq olunan qaydalar təkcə dövlət orqanlarının deyil, bütövlükdə cəmiyyətin, fərdi qaydada hər bir vətəndaşın üzərinə tələb olunan məsuliyyət qoyur. Daha dəqiq desək, belə hallarda insanlarımız hər hansı siyasi partiyada, ictimai sferada fəaliyyət göstərməsindən asılı olmayaraq ümumi təhlükədən ümumi şəkildə də qorunmalıdırlar. Bu təhlükəni ram etmək üçün ilk növbədə ümummilli məsuliyyət anlayışı ortaya qoyulmalı, dərk edilməli, milli təhlükəsizliyin tərkib hissəsi olaraq həm də milli həmrəylik nümayiş etdirilməlidir. Ona görə də, bu məsələdə siyasi mövqe, fərdi baxış heç bir rol almamalı, ümumvətəndaşlıq hissi, dözümlülük hissi öndə tutulmalıdır. Məhz bu birgə mübarizə üsulu koronavirus təhlükəsinin tez bir zamanda aradan qaldırılmasında öz sözünü deyə bilər.

Forsmajor hallarda mətbuat nə etməlidir?

Virusla mübarizə çərçivəsində təəssüf ki, bəzi dezinformatorlar əhali arasında qəsdən təşviş, qorxu hisləri yaymağa çalışırlar. Belə ki, yalan, dezinformasiya xarakterli video və fotolar, səs yazıları, iddialar təxribat kimi qiymətləndirilir, bu kimi hallara yol verənlər dərhal müəyyən olunur və onların üzərinə müvqafiq hüquqi məsuliyyət qoyulur. Ciddi tədbirlər bundan sonra da görüləcək.

Lakin bu cür təəssüfedici məsələlərin də qarşısının alınmasında əsas yük KİV-lərin üzərinə düşür. Hətta KİV burada məsuliyyət hiss edərək, ictimaiyyət arasında ajiotaj yarada biləcək yazı və məqalələrlə çıxış etməməli, o cümlədən, sosial şəbəkələrdə müxtəlif yalan məlumatların ictimai rəyə sızdırılması cəhdlərinin qarşısını almalıdır. Qeyd etdiyimiz kimi, artıq bir neçə dəfə əhali arasında çaşqınlıqlar yaratmağa söykənən sabotajçılıq hallarına cəhd edilib.

Digər tərəfdən, əgər nəzərə alarsaq ki, media faktoru dördüncü hakimiyyət missiyasını həyata keçirir, demək bu məsələdə daim dövlətin virusla mübarizə istiqamətində apardığı işlərə dəstəyini əsirgəməməlidir. Dövlət tərəfindən mediaya yaradılan şərait də qənaətə gəlməyə kifayət qədər zəmin yaradır ki, KİV bu cür halların qarşısını ala bilmək gücündə və əzmindədir. Belə ki, ortada informasiya təhlükəsizliyi amili də dayanır. Mətbuat yalnız sayt və qəzetlərdə deyil, sosial şəbəkələrdə də fəallığını artırmalı, inanlara tələb edilən qaydalara riayət olunmasını təbliğ etməlidir. Hətta bu proses zamanı xüsusilə fərdi qaydada təbliğatlara da başlanılmalıdır. Çünki hər bir fərd sosiumun tərkib hissəsidir. Təbliğatdan yararlanan şəxs bilgilərini digərləri ilə də bölüşür ki, bu da çox mühümdür.

Digər tərəfdən, belə bir məsuliyyətli zamanda qanunlar da öz sərt sözünü deyir və bu sağlam düşüncəli vəndaşlarımız tərəfindən alqışlanır. Sosial, psixoloji təhlükəsizlik təminatının reallaşdırılması mətbuatın ilkin tədbirlər planında yer almalıdır. Anladılmalıdır ki, bu yalnız dövlətin problemi deyil, eyni zamanda cəmiyyətin problemidir, ona görə də problemin həllində KİV bütün təbliğat imkanlarını var gücü ilə tətbiq etməlidir.

Beləliklə, tələb edilən şərtlərə əməl etməklə mövcud təhlükənin qarşısı alınacaq və bütün bunların təməlində vətəndaş məsuliyyəti ilə yanaşı, həm də vətəndaş-dövlət qarşılıqlı iş birliyi dayanır. Bu iş birliyi isə, çox qısa zamanda koronavirus təhlükəsini aradan qaldıracaq, cəmiyyətin, dövlətin təhlükəsizliyi bundan sonra da ən yüksək keyfiyyətləri ilə təmin olunacaq. Bütün bunlar Nazirlər Kabinetinin Operativ Qərargahının bütün tövsiyə, təklif və qərarlarını qeyd-şərtsiz icra etməsi qarşıda duran vəzifələrin mümkün qədər effektiv icrasını təmin edən əsas faktorlardan biri olduğu üçün hər birimiz, əsasən də, mətbuatın təmsilçisi olaraq məsuliyyət hissini vətəndaşlıq borcu kimi qəbul etməliyik.

Bəhruz QULİYEV,
"SƏS" qəzetinin baş redaktoru,
Fəlsəfə üzrə fəlsəfə doktoru

Bütün xəbərlər Facebook səhifəmizdə