"Azərbaycanda qadınlara nəinki məhdudiyyət qoyulmur, əksinə daha çox güzəştlər edilir” ŞƏRH-ÖZƏL
“Hazırda feminizmlə bağlı “Resurs” Analitik Mərkəzi tərəfindən araşdırılma aparılsa da, sonradan bu anlayışın Azərbaycanda təhrif olunaraq mahiyyətinin dəyişdiyinin şahidi olduq. Ümumiyyətlə, ölkəmizdə feminizm və yaxud feminist hərəkatı üçün mühit yoxdur”. Bu fikirləri SİA-ya açıqlamasında “Resurs” Analitik Mərkəzin rəhbəri, siyasi ekspert Rasim Quliyev deyib.
O bildirib ki, feminizmin ilk forması XIX əsrin əvvəllərində hərakat kimi başlayıb, məzmun etibarilə cinslərin hüquq bərabərliyinə nail olmaq məqsədi daşıyıb.
Mərkəz rəhbəri söyləyib ki, XX əsrin ortalarından sonra Qərbi Avropa və Şimali Amerikada fəallaşmağa başlayan feminizm hərəkatı bugünki formasına qədər inkişaf edib.
Azərbaycanda feminizmin və gender bərabərliyinin vəziyyəti ilə bağlı fikirlərini açıqlayan R.Quliyev qeyd edib ki, XX əsrin əvvəllərində Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətində vətəndaşların səsvermə və digər hüquqlarında cinsi ayrı-seçkilik nəzərdə tutulmayıb: “Sovetlər dönəmində də ölkəmizdə qadın-kişi ayrı-seçkiliyi olmayıb. Müasir Azərbaycan Respublikasında isə konstitusiya və qanunlarda hüquqi, mənəvi, psixoloji, sosial–iqtisadi sferalarda heç bir cinsi ayrı-seçkilikdən söhbət getmir və gedə də bilməz”.
Ekspert vurğulayıb ki, Azərbaycanda qadınlara istər uşaq bağçası, ibtidai-orta məktəb, istər ali məktəb və ya peşə təhsili almaq, hər hansı peşə seçmək və ya idman növü ilə məşğul olmaqla bağlı nə hüquqi, nə də cəmiyyətdə sosial-psixoloji baxımdan mənfi mənada təsir yoxdur: “Bütün qanunlarda Azərbaycan vətəndaşının hüquqları bərabər şəkildə təmin olunur. Bu baxımdan heç bir yerdə qadınlara, eləcə də kişilərə cinsəl məhdudiyyət qoyulmur. Əksinə 8 mart qadınlar bayramı günü kimi qeyd edilir. Ancaq kişilər günü yoxdur. Qadınlar məcburi hərbi xidmətdən azaddırlar, kişilərin hərbi xidmət məsələsi isə qanunla tənzimlənir və məcburidir. Bununla yanaşı, övlad dünyaya gətirən qadınlara sosial məzuniyyət verilir. Xanımlar bu məzuniyyətdən hətta üç il müddətinə istifadə edə bilərlər. Lakin övladı dünyaya gələn kişinin bu ixtiyarı yoxdur”.
R.Quliyev qeyd edib ki, ailələrdə ayrılma baş verən zaman uşağını saxlamaq imkanında olan qadınlar kişilərdən daha çox üstünlüyə malikdirlər: “Ölkəmizdə elmi, ictimai-siyasi və dövlət işində çalışan qadınlara nəinki məhdudiyyət qoyulmur, əksinə mənəvi, əxlaqi dəyərlər baxımından onlara daha çox güzəştlər edilir”.
Mərkəz rəhbəri vurğulayıb ki, ötən günlərdə feminizmdən xəbəri olmayan, qadın azadlığını öz təfəkkürləri ilə başa düşən insanlar Suriyada hüquqi tapdalanan müsəlman uşaqların və ana-bacıların yaşamaq haqlarına diqqət çəkmək üçün dünyaya səslənsəydilər onların şüarları daha keyfiyyətli və xarakterik olardı: “Onlar heç özləri feminizmin nə oldunu bilmirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB