"Parlamentin fəaliyyətində yeni istiqamətlərin olacağına böyük ehtiyac var" ÖZƏL-MÜNASİBƏT

"Parlamentin fəaliyyətində yeni istiqamətlərin olacağına böyük ehtiyac var" ÖZƏL-MÜNASİBƏT

"Yeni parlamentdə bir sıra yeniliklər həqiqətən var. Burada Yeni Azərbaycan Partiyasının deputatlarının sayı qədər olmasa da Azərbaycanda mövcud olan, fəaliyyət göstərən siyasi partiyaların böyük bir hissəsi müəyyən sayda deputatlarla təmsil olunur. Təbii ki, başqa yeniliklər də var". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Deputatın sözlərinə görə, yeniliklər parlamentin rəhbərliyində, həm də ayrı-ayrı komitələrin, komissiyaların rəhbərliyində çoxpartiyalılıq prinsipi nəzərə alınıb: "Hətta ayrılıqda bitərəflər də müəyyən bir qrup kimi həm parlamentin rəhbərliyində, həm də komitə rəhbərliyində təmsil olunurlar. Sözsüz ki, bütün bunlar əvvəlki parlamentlə müqayisədə diqqət cəlb edən yeniliklər və dəyişikliklərdir. Bu dəyişikliklərin praktikada hansı nəticələr verəcəyini zamanla birgəfaliyyət prosesində görəcəyik. Biz də, cəmiyyət də ümid edir ki, bu yeniliklər hər hansı bir nəticəsiz, qeyri-pozitiv yeniliklər kimi qalmayacaq və özlərinin praktiki müsbət nəticələrini göstərəcək. Biz buna inanırıq. Parlamentin fəaliyyətində yeni istiqamətlərin olacağına böyük ehtiyac var. Xüsusilə də yeni qanunların müasir beynəlxalq münasibətlərə və ölkədaxilindəki vəziyyətə, yeni çağırışlara uyğun qanunların yazılmasına ehtiyac var. Eləcə də bir sıra köhnə qanunların dəyişdirilməsinə, qanunlardakı yeni çağırışların, trendlərin əks olunmasına ehtiyac var. Xüsusilə də deputatların hər birinin təmsil olunduğu dairədə əhali ilə, seçicilərlə ünsiyyət və işbirliyinin yaradılması, qurulmasının yeni modellərinə təcrübə olaraq böyük ehtiyac var. Hansıki bizim ötən parlamentin ən ciddi qüsurlarından biri bu idi.

Ölkənin beynəlxalq təmsilçilik və beynəlxalq arenada əməkdaşlıq müstəvisində deputatların fəaliyyətinə kordinal şəkildə dəyişikliyə ehtiyac var. Açığı deyim ki, köhnə deputat korpusunda olan bir çox deputatların beynəlxalq əlaqələr müstəvisindəki fəaliyyəti elə Prezidentin də Milli Məclisdə çıxışında çox açıq eyham vurduğu kimi tam qənaətbəxş olmayıb. Hətta bəzi hallarda beynəlxalq təşkilatlarla lüzumsuz sövdələşmələrə rast gəlinib. Mənim məlumatıma görə bəzi deputatlar müəyyən beynəlxalq tədbirlərdə hətta Dağlıq Qarabağ problemi haqqında danışmaqdan belə açıq-aşkar imtina ediblər və mövqe zəifliyi göstəriblər. Bütün bunlar bizim beynəlxalq parlamentlərarası əməkdaşlıq müstəvisində, beynəlxalq təşkilatlarda parlamentin təmsilçiyi müstəvisində çox ciddi dəyişikliklərə ehtiyac olduğunu sübut edir. Xüsusilə də ölkədə nəzarət sisteminin təmin olunmasında parlamentin ayrıca roluna baxmaq lazımdır. Əvvəlki deputat korpusundan fərqli olaraq seçki dairələrindəki indiki deputatların çox böyük cəsarət nümunələri göstərmələrinə ehtiyac var”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə