"Milli Məclis kəmiyyət və keyfiyyət baxımından müsbətə doğru dəyişir” ÖZƏL-MÖVQE

"Milli Məclis kəmiyyət və keyfiyyət baxımından müsbətə doğru dəyişir” ÖZƏL-MÖVQE

"Prezident İlham Əliyev 2018-ci ildə növbəti dəfə Prezident seçildikdən sonra geniş iqtisadi islahatlar həyata keçiriləcəyini, indiyə qədər davam etdirilən islahatların daha da dərinləşəcəyinin anonsunu vermişdi. O vaxtdan indiyə qədər ötən müddət ərzində Prezident Administrasiyasında, Nazirlər Kabinetində, yerli və mərkəzi icra hakimiyyəti orqanlarında geniş kadr və struktur islahatları həyata keçirilib. Təbii olaraq bu prosesdən Milli Məclis də kənarda qala bilməzdir. Ona görə də növbədənkənar parlament seçkiləri keçirildi. Milli Məclisin ilk iclasında parlamentin yeni rəhbər heyətinin, eyni zamanda komitə sədrlərinin, onların müavinlərinin seçilməsi də onu göstərir ki, qanunverici orqanda da köklü islahatlar, dəyişikliklər baş verib”. Bunu SİA-ya millət vəkili Elman Nəsirov deyib.

E.Nəsirov həmkarı Sahibə Qafarovanın parlamentin sədri seçilməsini olduqca mühüm hadisə kimi dəyərləndirib: "O, ziyalı bir xanımdır, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvüdür. Azərbaycan – AŞPA əlaqələrinin inkişafında da xidmətləri var. O, AŞPA-da komitə sədri olub, xarici dil bilikləri yüksək səviyyədədir, insanlarla səmimi münasibəti var. Elmlər doktoru, professor Sahibə Qafarovanın Milli Məclisin sədri seçilməsi sözün həqiqi mənasında Azərbaycan parlamentarizminin inkişafına xidmət edəcək. Buna sevinirik. Birinci vitse-spiker seçilən Əli Hüseynli Azərbaycanın tanınmış hüquqşünaslarındandır. 2000-ci ildən parlamentin üzvüdür, çox geniş təcrübəyə sahibdir, indiyə qədər parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri olub. Bu baxımdan onun yeni vəzifəyə seçilməsi də çox uğurlu hadisədir. Budəfəki Milli Məclisdə ilk dəfə olaraq bitərəflərin və azlıqda olan partiyaların nümayəndəsi kimi iki millət vəkili parlament sədrinin müavini seçilib. Onlar bitərəf Adil Əliyev və Vətəndaş Həmrəyliyi Partiyasının üzvü Fəzail İbrahimlidir. VHP-ni Milli Məclisdə 3 millət vəkili təmsil edir. Adlarını qeyd etdiyim hər iki deputat parlamentin idarə olunması prosesinə cəlb edilib. Komitələrin sədrlərində və müavinlərində də dəyişikliklər olub. Hesab edirəm ki, bütün bunlar uğurlu seçim olmaqla bərabər, islahatlar prosesinin davamıdır. Bu onu göstərir ki, Azərbaycan parlamenti həm kəmiyyət, həm keyfiyyət baxımından müsbətə doğru dəyişir”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə