Və ya hücum edən bəlli, hədəf bəlli...
“REAL” partiyasının sədri İlqar Məmmədovun son zamanlar ictimai rəyi də maraqlandırmayan boş bəyanatlarının ardınca, ona qarşı təmsil olunduğu düşərgədən də hücumların ediləcəyi proqnozları özünü doğrultmaqdadır. Xüsusilə, parlament seçkilərindən sonra, partiyanın təmislçisi Erkin Qədirlinin mandat qazanması AXCP sədri Əli Kərimlinin hiddətinə səbəb olub. Artıq o da məlumdur ki, Ə.Kərimlinin hələ həbsdə olarkən İ.Məmmədova sosial şəbəkədə reytinq faizində uduzması faktı artıq yeni müstəvidə savaş meydanına çevriləcək.
İlqar Məmmədovun debat qazanmaq şansı yoxdur
Əbəs deyil ki, “REAL” sədri zaman-zaman ənənəvi düşərgədəki partiyalarla bağlı əməkdaşlıq fikirlərindən yayınır. Əldə etdiyimiz məlumata görə, artıq AXCP düşərgədaxili olan-qalan rıçaqlarını saxlamaq üçün müdafiə deyil, hücum planı qurmaqdadır. Bu məqsədlə Ə.Kərimlinin həm partiyasında, həm də “Milli Şura”dakı yaxın ətrafı ilə bir neçə dəfə müzakirələr aparması barədə də informasiyalar mövcuddur. Misal üçün, cəbhəçilərə yaxın olan mənbədən aldığımız xəbərə görə, bu dəfə də sosial şəbəkələr üzərindən “REAL”a, yəni İlqar Məmmədova qarşı savaş aparacağını gizlətməyən Kərimli eyni zamanda, Avropadakı “siyasi mühacirləri” də bu işə qoşmağı planlaşdırıb. Ancaq hələlik dəqiq cavab da ala bilməyib. Sadəcə, Qənimət Zahid bununla razılaşıb və əlbəttə ki, müəyyən məbləğ qarşılığında.
Əli Kərimli kimlərə və nə üçün maliyyə vəsaiti ayırıb?
Məhz Q.Zahiddən sonra, xüsusilə, milli xəyanətkarlar statusunu qazanmış Orduxan Teymurxanı, Sevinc Osmanqızını öz tərəfinə cəlb etməkdən ötrü AXCP sədrinin onlara maliyyə ötürəcəyi ilə bağlı məlumatlar mövcuddur. Çünki onlar da AXCP sədrindən sözsüz ki, nə isə umurlar. Beləliklə, onların qarşısına qoyulan əsas vəzifələrdən biri də İ.Məmmədova qarşı əks-təbliğat aparmaq məsələsidir. Nəticədə AXCP sədri mövcud planları vasitəsilə İlqar Məmmədovu dalana sıxışdırmağa çalışır.
Fəqət, daha bir maraqlı nüans yalnız AXCP sədrinin deyil, eyni zamanda başqa müxalifət partiyalarının da “REAL” partiyasının sədrinə qarşı müsbət mövqe sərgiləməmələridir. Görünür, həmin partiyalar da necə deyərlər, pul iyinə yığışıblar. Ancaq nəzərə alarsaq ki, Ə.Kərimli həm də pul atmaq barədə peşəkardır, bu zaman onun “kababının” iyinə gedənlər son danda “eşşəyin dağlandığını” görmüş olacaqlar.
Daha kimlər “kabab” iyinə gedə bilər?
Misal üçün, VİP sədri Əli Əliyev, ADP sədri Sərdar Cəlaloğlu, Ağ partiya sədri Tural Abbaslı və başqaları da İlqar Məmmədovun artıq istehza obyektinə çevrilmiş “üç hissəli” mətbuat konfransındakı fikirlərini ciddi qiymətləndirmirlər. Buna misal olaraq, “REAL” sədrinin rəhbəri olduğu siyasi təşkilatın “cümhuriyyətiçi” olmasını bir neçə dəfə təkrarlamasıdır. Halbuki, bu gün ölkədə fəaliyyət göstərən bütün partiyalar da iddia edirlər ki, “sağ”, yaxud “sol”, eləcə də “mərkəzçi” olmasından asılı olmayaraq, onların hər biri cümhuriyyətçilik faktorlarına əsaslanırlar. İ.Məmmədovun isə özünü və partiyasını ayrıca “cümhuriyyətçi” kimi təqdim etməsi əlbəttə ki, digər siyasi təşkilatların narazılığı ilə qarşılanmaqdadır. Bu baxımdan, onu qarşıda daha ağır hücumlar gözləyə bilər.
Beləliklə, “REAL” partiyasının sədri keçirdiyi ilk mətbuat konfransındaca, irəli sürdüyü qeyri-obyektiv fikirləri ilə özünü çətin vəziyyətdə qoyub. Bu vəziyyətdən istifadə edəcək ən əsas siyasi təşkilat isə yuxarıda adı çəkilən AXCP-dir. Hər halda, siyasi ictimaiyyət də başlanacaq AXCP-“REAL” siyasi savaşının nəticələrini görəcək.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB