“Bu hərəkətlər Azərbaycan mentalitetinə, əxlaqına uyğun deyil” RƏY-ÖZƏL

“Bu hərəkətlər Azərbaycan mentalitetinə, əxlaqına uyğun deyil” RƏY-ÖZƏL

"Azərbaycan hüquqi dövlətdir, burda hər bir vətəndaşın, siyasi qrupun və vətəndaş cəmiyyətinin kütləvi aksiya keçirmək hüquqi var". Bunu SİA-ya açıqlamasında “Yurddaş” partiyasının sədri Mais Səfərli deyib.

Onun sözlərinə görə, amma bunlar mütləq razılaşdırılmış şəkildə olmalıdır: "Çünki bir qrup tərəfindən keçirilən kütləvi aksiyalar digər insanların narahatlığına səbəb ola bilər. Ona görə də, istənilən aksiyanın keçirilməsi yerli icra orqanları ilə razılaşdırılmalıdır və uyğun yerlərdə keçirilməlidir. O ki, qaldı martın 8-də bir qrup feminist qadının Bakının mərkəzi küçələrinə çıxaraq icazəsiz aksiyalarla milli mənəvi dəyərlərimizə, əxlaqımıza, mənəviyyatımıza zidd olan çağırışlarla çıxış etməsi, şüarlar səsləndirməsi biabırçılıqdan başqa bir şey deyil. Özlərini feminist adlandıran qadınların Azərbaycançılıqla heç bir əlaqələri yox idi. Martın 8-də bir qrup feminist qadının yürüşü demək olar ki, normal ailələrdə böyüməyən, normal ailə tərbiyəsi görməyən, özünü idarə edə bilməyən insan kütləsindən ibarət idi. Onların bu cür hərəkətləri yolverilməzdir, Azərbaycan mentalitetinə, əxlaqına uyğun deyil. Tarixin bütün dövrlərində həmişə Azərbaycanda qadına böyük hörmət olub. Lakin özlərini qadın adlandıran həmin şəxslərin bu hərəkətləri isə Azərbaycan qadını ilə heç bir əlaqəsi yoxdur və Azərbaycan cəmiyyəti bunu birmənalı şəkildə pisləyir. Demək olar ki, bu Qərbdə ki ayrı-ayrı Azərbaycana qarşı təxribat siyasəti aparan dairələrin törətdiyi bir təxribatdır. Amma onlar buna nail olmayacaqlar və istəkləri baş tutmayacaqdır".

Müəllif: Gülyana

Bütün xəbərlər Facebook səhifəmizdə