"Dövlət başçısı daim xalqının maraq və mənafeyindən çıxış edir" ŞƏRH-ÖZƏL

"Dövlət başçısı daim xalqının maraq və mənafeyindən çıxış edir" ŞƏRH-ÖZƏL

"Prezident İlham Əliyev hər zaman Azərbaycan xalqının, vətəndaşının, insanının yanında olub, onun naminə fəaliyyət, xidmət göstərib. Ötən gün virus təhlükəsinə baxmayaraq, dövlət başçısının bölgələrə səfəri bunu bir daha təsdiq etmiş oldu”. Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Dövlət başçısının daim Azərbaycan xalqının maraq və mənafeyindən çıxış etdiyini deyən deputat bildirib ki, Prezidentin regionlara səfəri, orada bir sıra vacib müəssisələrin açılışını etməsi, o cümlədən Goranboy rayonunda Mərkəzi Xəstəxananın açılışı zamanı söylədiyi nitq əsl Liderlik mövqeyi idi: “Dövlət başçısı heç bir zaman ayrı-seçkilik etməyib, məmurları adi vətəndaşdan üstün tutmayıb, əksinə vəzifəli şəxsləri, biznes adamlarını Azərbaycan xalqına daha ürəklə və daha həssaslıqla xidmət etməyə, qulluq göstərməyə çağırıb. Dünən biz bir daha bunun əyani şahidi olduq”.

E.Səlimov vurğulayıb ki, hazırda ölkəmizdə dünyanı həyəcan içində saxlayan koronavirus infeksiyasına yolxuma təhlükəsinin qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülür: "Yeri gəlmişkən, ötən gün cənab Prezident bölgələrə səfəri zamanı da bu məqamlara toxundu. Dövlət başçısı vəziyyətin nəzarətdə saxlanıldığını, ölkəmizdə virusla bağlı təhlükəli, qorxulu hal olmadığını qeyd etdi. Bəzilərinin virus məsələsindən sui-istifadə edərək gərginlik yaratmaq istəməsi ilə bağlı məqama toxunan Prezident İlham Əliyev belə halın davam edəcəyi təqdirdə, daha kəskin addımların atılacağını, onların tapılıb cəzalandırılacağını bildirdi. Bununla yanaşı, bir daha əminliklə və qətiyyətliliklə vətəndaşlarımızın təhlükəsizliyinin, sağlamlığının təmin olunması və qorunması üçün bütün addımların atıldığını və atılacağını bəyan etdi”.

Deputat əlavə edib ki, Azərbaycan müasir səhiyyə infrastrukturuna malikdir: “Məhz bunun nəticəsidir ki, ölkəmizdə səhiyyənin maddi-texniki bazası ən yüksək səviyyədə qurulur, tibb ocaqları müasir standartlara cavab verir, avadanlıqlar dünyanın aparıcı xəstəxanalarında olan avadanlıqlardan fərqlənmir”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə