"Azərbaycan Gənclərinin Hüquqlarının Müdafiəsi Mərkəzi" İctimai Birliyi Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə 01 aprel 2011-ci ildən "Orta məktəblərdə psixoloji xidmətlərin gücləndirilməsinə dəstək və təhsil müəssisələrində psixoloqların rolunun artırılması" layihəsinin icrasına başlayıb. Təşkilatdan SİA-ya verilən məlumata görə, layihə 3 ay müddətində icra ediləcək. Layihənin əsas məqsədi orta məktəblərdə psixoloji xidmətlərin inkişafına dəstək vermək və təhsil müəssisələrində psixoloqların rolunun gücləndirilməsinin təbliğ olunmasından ibarətdir. Bundan başqa orta məktəblərdə uşaqlar arasında psixoloji xidmətin zəruriliyi ilə bağlı təbliğat işi aparması, məktəblərdə psixoloqların rolunun gücləndirilməsinə yardım göstərməsi, praktik psixoloqlarla orta məktəblərdə işləyən psixoloqlar arasında əməkdaşlıq əlaqələri yaratması, orta məktəb psixoloqlarını müasir tədris metodu və xarici iş təcrübəsi ilə yaxından tanış edilməsi, uşaqlarla müasir metodlar əsasında psixoloji seminarlar keçirməsi, orta məktəblərin psixoloqlarının psixoloji xidmət göstərən QHT-lərin ofislərinə səfərlərini təşkili və şagirdlərin psixoloqlara müraciət etmələrinin əhəmiyyətinin valideynlər arasında təbliğatını aparması layihənin əsas vəzifələrindədndir. Layihənin icrası müddətində 10 məktəbdə uşaqlar, valideynlər və müəllimlər arasında iş aparılacaqdır.
Təşkilatın yaydığı məlumatda qeyd olunur ki, layihə 2 istiqamət üzrə həyata keçiriləcəkdir: Bakı şəhərinin 10 orta məktəbində Psixoloji xidmət və uşaqlarla psixoloji işin təşkili mövzusunda seminarlar keçiriləcəkdir. Hər seminarda 30 məktəbli iştirak edəcəkdir. Seminarlar 4 saat müddətində davam edəcəkdir. Seminarlarda uşaqlara psixoloji tədrisin əhəmiyyəti barədə və uşaqlara psixoloji xidmətlər göstərən Uşaq Qaynar Xətti və Uşaq və Gənclərin Sosial Reabilitasiya Mərkəzi barədə geniş məlumat veriləcəkdir. Seminarlarda uşaqlar üzləşdikləri sosial problemlər zamanı həmin qurumlara müraciət etmə qaydaları ilə bağlı ətraflı məlumatlanacaqlar.
Eyni zamanda Bakı şəhərində "Uşaqlara göstərilən psixoloji xidmət işinin təşkili" mövzusunda dəyirmi masa keçiriləcəkdir. Dəyirmi masada dövlət orqanlarının, beynəlxalq təşkilatların, QHT-lərin nümayəndələri və orta məktəblərin psixoloqları iştirak edəcəkdir.
Həmçinin təşkilatın apardığı araşdırmalar göstərir ki, orta məktəblərdə uşaqlar çox az hallarda psixoloqa müraciət edirlər. Bununda səbəbi kimi psixoloqların uşaqlarda inam yarada bilməməsi və uşaqların psixoloqa müraciət etməklə bağlı çətinliklərdir. Orta məktəblərdə keçirilən görüşlərdə şagirdlərin 95 faizi psixoloqa müraciət etmədiyini bildirib. Onlar hesab edirlər ki, psixi problemləri olmadığı üçün psixoloqa müraciət etmirlər.
Təəsüf ki, şagirdlərin çoxu psixiatrla psixoloqu səhv salırlar. Həmçinin şagirdlərdən bəziləri qeyd ediblər ki, onlar hətta psixoloqa müraciət etsələr digər sinif yoldaşları onlara normal baxmayacaqdır. Layihənin icra olunması yuxarıda qeyd olunan problemlərin 10 orta məktəbdə aradan qaldırılmasına imkan verəcəkdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB