Elmar Məmmədyarov: “Azərbaycan AŞPA-da Dağlıq Qarabağ üzrə Alt Komitənin bərpasını tam dəstəkləyir” - MÜNASİBƏT

Elmar Məmmədyarov: “Azərbaycan AŞPA-da Dağlıq Qarabağ üzrə Alt Komitənin bərpasını tam dəstəkləyir” - MÜNASİBƏT

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Mövlud Çavuşoğlunu qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Azərbaycanın AŞPA ilə sıx əməkdaşlıq etdiyini qeyd edən E.Məmmədyarov bu əməkdaşlığın bir çox sahələri əhatə etdiyini və faydalı nəticələr verdiyini deyib. Azərbaycanın xarici siyasətinin əsas prioriteti olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair aparılan danışıqlar prosesi barədə məlumat verən nazir münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü vurğulayıb. Bu xüsusda AŞPA Bürosunda Dağlıq Qarabağ üzrə alt komitənin işinin bərpasına dair planları alqışlayan nazir Azərbaycan tərəfinin bu təşəbbüsü tamamilə dəstəklədiyini vurğulayıb və AŞPA-ın bu istiqamətdə səylərinin davam etdirilməsinin vacibliyini qeyd edib.

 

Öz növbəsində, M.Çavuşoğlu Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun və bu kimi tədbirlərin dünyada baş qaldıran dini, milli dözümsüzlük və digər təhlükə yaradan və neqativ halların qarşısının alınması prosesdə böyük rol oynadığını xüsusi vurğulayıb. Görüşdə tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da müzakirələr aparıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə