"İtaliya Azərbaycanın çox böyük enerji tərəfdaşıdır" ÖZƏL-MÖVQE

"İtaliya ilə Azərbaycanın münasibətləri həqiqətən də yeni bir fazaya daxil olub. Bu yeni faza iki ölkənin münasibətlərinin bütün istiqamətlər üzrə dərinləşməsini və strateji dialoq səviyyəsinə qədər yüksəlməsini nəzərdə tutur. Xüsusilə də çoxölçülü strateji əməkdaşlıq haqqında bəyannamənin imzalanması İtaliya-Azərbaycan münasibətlərinin gələcəyini müəyyənləşdirən bitkin bir yol xəritəsi kimi qəbul oluna bilər". Bunu SİA-ya açıqlamasında "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.

Baş redaktorun sözlərinə görə, həqiqətən bu gün İtaliya ilə Azərbaycanın münasibətlərinin indiki səviyyəsinə, formasına, məzmununa diqqət yetirsək, onun doğurdan da strateji xarakterli və çoxölçülü məzmunu olduğunu söyləməyə kifayət qədər əsaslar var: "Xüsusilə də bu son bəyannamədə iki ölkənin iqtisadi, siyasi, ticarət, hərbi və müxtəlif sosial sferaları əhatə edən turizm, investisiyalar və s. sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi barədə müddəalar çox böyük perspektiv vəd edir. Nəzərə alsaq ki, İtaliya dünyada yeddi böyük iqtisadiyyata malik olan ölkənin biridir. İtaliya Avropa Birliyi ölkələri arasında Azərbaycanın ən böyük iqtisadi, ticarət və investisiya tərəfdaşıdır. Aydın məsələdir ki, Azərbaycanın Avropa Birliyi ölkələri ilə münasibətlərinin, əməkdaşlığının daha da dərinləşməsində İtaliyanın özünün rolu da ola bilər. Bunlardan əlavə İtaliya Azərbaycanın çox böyük enerji tərəfdaşıdır. İtaliyanın özü təkcə Azərbaycanla əməkdaşlıqda kifayətlənmək istəmir. İtaliya qlobal siyasət aparan bir ölkədir. Sözsüz, belə niyyətlərə malik olan bir ölkənin Mərkəzi Asiya, Cənub-Şərqi Asiya ölkələrinə doğru iqtisadi, maliyyə və investisiya nöqteyi-nəzərdən nüfuz etməsində Azərbaycan çox böyük bir tranzit məntəqəyə çevrilə bilər. Necə ki, İtaliya bu gün Azərbaycan qazının, neftinin Avropaya nəql olunmasında həmin regionda çox vacib bir xaba çevrilib, eynilə də Azərbaycan İtaliyanın Mərkəzi Asiya ölkələri və Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrinin intensivləşməsində çox əhəmiyyətli bir məntəqəyə çevrilməkdədir. Bir sözlə, İtaliya ilə Azərbaycanın əməkdaşlığının, əlaqələrinin inkişaf etməsi hər iki ölkənin xeyrinədir və sözsüz ki, Azərbaycanın dünyada mövqelərini gücləndirir".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə