Avstriya Mətbuat Agentliyinin saytında Xocalı soyqırımı ilə bağlı məqalə yerləşdirilib

Avstriya Mətbuat Agentliyinin saytında Azərbaycan xalqının qan yaddaşında silinməz iz buraxan Xocalı soyqırımına həsr olunmuş məqalə yerləşdirilib.

SİA xəbər verir ki, məqalədə 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan hərbi birləşmələrinin Xocalı şəhərində genosid aktı həyata keçirdiyi qeyd edilib, bu vəhşilik nəticəsində qətlə yetirilən, yaralanan, əsir götürülən və itkin düşən insanlar barədə məlumat verilib.

Qeyd edilib ki, əvvəlcədən düşünülmüş bu məqsədyönlü aksiyanın əsas hədəfi Dağlıq Qarabağda azərbaycanlı əhalidə qorxu və vahimə yaratmaq, onların bu ərazini kütləvi şəkildə tərk etməsinə nail olmaq idi. Həmçinin Ermənistan hərbi birləşmələrinin törətdiyi vəhşilik barədə həmin dövrdəki beynəlxalq mətbuatda gedən məqalələr də sadalanıb. Müəllif qeyd edib ki, son illərdə Ermənistan tərəfi bu soyqırımın törədilməsinə görə cavabdehliyi öz üzərindən atmağa, hətta günahı o zamankı Azərbaycan rəhbərliyinin boynuna qoymağa çalışır. Lakin Xocalı faciəsinə görə cavabdehliyi Ermənistan daşıyır və Ermənistanın keçmiş dövlət başçısı Serj Sarkisyan bunu öz müsahibəsində də açıq şəkildə etiraf edib.

Məqalənin yekununda 2008-ci ildə start verilən "Xocalıya ədalət!" kampaniyasının beynəlxalq ictimaiyyətin diqqətini bu faciəyə yönəltməsi, indiyədək dünyanın bir sıra ölkələri tərəfindən Xocalı soyqırımının tanınması diqqətə çatdırılıb və beynəlxalq ictimaiyyət Xocalı soyqırımına siyasi qiymət verməyə çağırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...