"İnsanlar gigiyena qaydalarına əməl etməli və diqqətli olmalıdırlar" ÖZƏL-MÜNASİBƏT

Təəssüf ki, gündəmdə bir çox məsələlər olduğu kimi koronavirus da dünya mətbuatının, eləcə də yerli mətbuatın gündəmindədir, həmçinin cəmiyyətdə ən çox danışılan, narahatçılıq yaradan məsələlərdən biridir. Bunu SİA-ya müsahibəsində Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı deyib.

Komitə üzvü qeyd edib ki, koronavirus Çindən başladı və bu hava-damcı yolu ilə yayılan infeksiyadır:
“Xəstəliyin yayılması qida vasitəsi ilə olduqda buna nəzarət etmək mümkündür. Amma insan aldığı havanın necə olduğunu bilmir. Buna görə də dünyada təşviş var. Ümumdünya Səhiyyə Təşkilatının rəsmiləri davamlı olaraq demək olar ki, hər gün açıqlamalar verirlər, dünyadakı durumu deyirlər. Bildiyimiz kimi, Çində bu hadisə baş verəndə, xəstəlik ilk dəfə aşkar olunanda, bu xəstəlik barədə məlumat veriləndə möhtərəm Prezidentimiz operativ müşavirə keçirdi, ən yuksək səviyyəli dövlət qurumlarının rəhbərlərini yığdı və mümkün olan bütün vasitələrdən istifadə edib bu xəstəlikdən Azərbaycan xalqının maksimum qorunması ilə bağlı tapşırıqlarını verdi. Həqiqətən də ölkəmizdə bununla bağlı çox ciddi, dövlət səviyyəsində işlər görülür. Dövlətimiz bununla bağlı önləyici, profilaktik tədbirlər görür və sadəcə olaraq insanlar özləri də bir sıra məsələlərə nəzarət etməlidirlər. Hər bir insan özü-özünün həkimi olmalıdır. İndi koronavirus təzə peyda olub, lakin bundan qabaq müxtəlif qriplər olub və bu hal ilk dəfə deyil ki, insanlar bu dərəcədə panikaya düşsünlər. Yəni, 10 il bundan öncə dünyada da, ayrı-ayrı ölkələrdə də quş qripi, donuz qripi olmuş, hava-damcı yolu ilə yayılan müxtəlif növlü virus xəstəlikləri də yayılmışdı. İnsan birinci növbədə öz-özünün həkimi olmalı və profilaktik olaraq gigiyenaya maksimum dərəcədə əməl etməlidir. Yəni, hər kəs bilir ki, bu hava-damcı yolu ilə keçən infeksiyadır və bu baxımdan maksimum dərəcədə insanların sıx olduğu yerlərdən uzaq olmaq lazımdır. Müəyyən məcburiyyət qarşısında, iş-güclə bağlı ictimai nəqliyyatdan istifadə edilsə də davamlı olaraq gün ərzində gigiyena qaydalarına əməl edilməlidir. Təmizlik qorunmalıdır. İnsan şəxsi gigiyena qaydalarına əməl etməyəndə onu heç Çində baş qaldırmayan xəstəlik də tuta bilir. Yəni, başqa vaxtı insanlar xəstəliyə tutulmurdumu? Əlbəttə tutulurdu. Deməkdə məqsədim odur ki, insanlar özləri özlərinə də nəzarət etməlidirlər. İnsanlar özlərini, öz ailə üzvlərini qorumağı bacarmalıdırlar. Xəstə olduqları təqdirdə qoruyucu vasitələrdən, məsələn qoruyucu maskalardan istifadə etməlidirlər. Eyni zamanda otağın havası mütəmadi dəyişdirilməlidir və bütün bunlar elementar gigiyena qaydalarıdır ki, hər kəs bunlara əməl etməlidir. Hesab edirəm ki, insanlar şəxsi gigiyena qaydalarına əməl etsələr ümumiyyətlə xəstəliklərdən qoruna bilərlər. Məlumdur ki, bu xəstəliklər soyuq aylarda peyda olur və havalar istiləşənə qədər davam edir. Ona görə də hər kəs bu qısa müddətdə özünü qorumalı, diqqətli olmalıdır və həmçinin hər zaman gigiyena qaydalarına əməl etməlidirlər”.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə