"Vətəndaşlarımız koronovirusla mübarizə barəsində kifayət qədər məlumatlıdır" ÖZƏL-AÇIQLAMA

"Ümumiyyətlə bu gün dünya üçün problemə çevrilən koronovirusdan mübarizə üçün Azərbaycanda sistemli şəkildə çox güclü profilaktik tədbirlər görülür. Birincisi, sərhəd-keçid məntəqələrində, hava limanlarında ölkəmizə gələn və gedən insanlar mütəmadi yoxlanılır. Bu beynəlxalq Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən tövsiyyə edilən bir metoddur. Digər tərəfdən həm sərhəd bölgələrində, eyni zamanda iri şəhərlərin özündə nəzəri cəhətdən mümkün ola biləcək hallar üçün artıq xüsusi palatalar və müalicə dərmanları hazırlanıb. Bunun üçün həkimlər kursdan keçiblər, bunun üçün ciddi hazırlıq görülüb". Bunu SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputatın sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatının tövsiyyələri maksimum dərəcədə nəzərə alınır: "Bəlkə də bu görülən işlərin nəticəsidir ki, bu gün Azərbaycanda ona yoluxma halı yoxdur və eyni zamanda vaxtaşırı hakimiyyət orqanları tərəfindən vətəndaşlarımıza koronovirus təhlükəsi təhlükəsi olan ölkələrə səfərlərdən çəkinməyə, gigiyena qaydalarını gözdəməyə dair çoxsaylı çağırışlar var. Həmçinin Azərbaycan Səhiyyə Nazirliyinin, müvafiq orqanların məlumatları, mütəxəssis həkimlərin fikirləri mətbuatda geniş işıqlandırılır. Hesab edirəm ki, bu gün vətəndaşlarımız koronovirusla mübarizə, onun əlamətləri, Azərbaycanda görülən işlər barəsində kifayət qədər məlumatlıdırlar. Bu onu göstərir ki, dövlət bu işin məsuliyyətini artıqlaması ilə yerinə yetirir. Sadəcə olaraq vətəndaşlarımızın bu tövsiyyələrə riayət etməsi lazımdır. Digər tərəfdən çox təəssüf ki, sosial şəbəkələrdə, bəzən isə hansısa kiçik auditoriyası olan mətbuat orqanlarında kimlərsə ajiotaj yaratmağa, yalan məlumat yaymağa maraq göstərdilər. Təbii ki, bunun da qarşısı vaxtında alınır. Bir neçə gün bundan əvvəl bir həkimin yalançı çağırış etməsi vaxtında həmin həkimin səlahiyyətli orqanlara çağırılaraq ondan izahat alınmasına səbəb oldu. O bildirdi ki, sadəcə olaraq bir zarafat xarakterli məlumatı dövriyyəyə buraxmaq istəyirdi. Bugünkü həssas dövrdə koronovirus təhlükəsinə çox ciddi yanaşmaq lazımdır. Dövlət öz üzərinə düşəni edir, vətəndaşını qoruyur və vətəndaşını xəbərdar edir. Ümid etmək istəyirəm ki, bu görülən işlər Azərbaycanı o xəstəliyə qarşı həm müalicə metodları, həm də baksinlər tapılana qədər bu təhlükədən qoruya biləcək”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...