Müsavat AXCP-nin təsiri altına düşməkdə davam edir

Əli Kərimlinin cəhdləri Arif Hacılını “odla su arasında” qoyub

Məlumdur ki, Azərbaycanda irili-xırdalı onlarla müxalifət partiyası var. Bəzilərinin bir neçə yüz tərəfdarı olsa da, əksəriyyəti yalnız sədrdən və ya ən yaxşı halda, onun yaxın qohum-əqrəbasından ibarətdir. Rəhbərlərinin həddən artıq ambisiyalı olması səbəbindən, bu “partiyalar” həmişə bir-birinə rəqib gözü ilə baxıb. Onların əsas mübarizəsi də əslində hakimiyyət uğrunda deyil, müxalifətdaxili birincilik uğrunda olub. Kim birincidirsə, demək qrant və s. kimi gəlirlər onlara qismət olacaq. Daha dəqiq desək, maraq yenə də maliyyə və maddiyyat üzərində formalaşır. Bəllidir ki, məhz bu səbəbdən 90-cı illərdən bəri yaradılan birləşmələrin heç biri davamlı olmayıb, hamısı bir müddət sonra dağılıb.

2000-ci illərin əvvəllərində Müsavat daha öndə idi...

Yeri gəlmişkən, bunu həm də belə izah etmək mümkündür ki, artıq 26 ildən də çox bir müddətdə köhnəlmiş və nimdaş müxalifət düşərgəsində ərsəyə gətirilən “birlik formatları”nın hər biri mövsümi xarakter daşıyıb, fəslin başında “bu dəfə gəlirik” deyə bir-birinə ümid və təsəlli verənlər axırda yabalaşmaya çıxıblar.
Ancaq o da sirr deyil ki, qargüruhçu müxalif düşərgənin ən “mehriban düşmənləri” Müsavat və AXCP-dir. Halbuki, 2000-ci illərin əvvəllərində Müsavat AXCP-dən daha öndə idi. Amma İsa Qəmbər partiya rəhbərliyindən getdikdən və Arif Hacılı başqan seçildikdən sonra burada “yarpaq tökümü” başladı. Lakin bu da o demək deyil ki, İ.Qəmbər həqiqətən də “lider müxalifətçi” olub. O, sadəcə həmin ərəfələrdə Ə.Kərimlidən daha çevik olub və siyasi biclikləri vasitəsi ilə inisiativləri əlində cəmləşdirə bilib.

Elbəyi Həsənli: “Müsavat hazırda yox kimidir, getdikcə də itirə-itirə gedir...”

Yada sala bişərik ki, həmin vaxtlarda İsveçrədə yaşayan sabiq müsavatçı, jurnalist Elbəyi Həsənli bu haqda ilginc status da paylaşmışdı. XATIRLATMA: “Müsavat partiyasında lider dəyişikliyinin hansı nəticələr doğurduğu ortadadır. Uzun müddət Azərbaycan müxalifətinin ən güclü partiyası olan Müsavat hazırda yox kimidir, getdikcə də itirə-itirə gedir...”
Belə bir vəziyyətdə fürsəti fövtə verməyən AXCP sədri Əli Kərimli dərhal Müsavatın zəifləməsindən istifadə edərək, partiyanı nəzarətə götürmək üçün ciddi fəaliyyətə başladı, oradakı bəzi funksionerləri öz tərəfinə çəkməyə nail oldu. Müsavatın əsas funksionerlərindən hesab edilən və bir neçə il əvvəl həbsdən çıxan Tofiq Yaqublu həmin dövrdən başlayaraq, Müsavatın deyil, məhz AXCP sədri Əli Kərimlinin ətrafında daha çox görünməyə başladı, bu gün də həmin hal davam edir.

Əli Kərimli seçkilərdə uduzmuş müsavatçılara hansı minnətləri qoyur?

Bu yaxınlarda “saxta arayış biznesi” üstündə yaşanan qalmaqallar, ortaya çıxan danılmaz faktlar isə, Müsavatı bir qədər də zəiflətdi, həmin vəziyyət az-çox tanınan bir neçə funksionerin də AXCP-yə meyillənməsinə səbəb oldu. Əlaltıları vasitəsilə müsavatdaxili intriqaları daha da kəskinləşdirən Ə.Kərimli mövqeləri zəifləmiş başqan A.Hacılını tamamilə öz iradəsinə tabe etdirmək üçün addımlar atmağa başladı. Hazırda da bu proses davam edir. Məsələn, parlament seçkilərində uduzmuş müsavatçılara necə deyərlər, artıq gələn AXCP sədri “gördünüz, gərək siz də mənim boykot qərarıma dəstək verərdiniz” tipli minnətləri ilə müsavatçıları öz yanına çəkməyə cəhdlər göstərir. Hətta zaman-zaman sosial şəbəkələrdə icazəsiz aksiyalara dəstək verməyə çağırışlar edən cəbəhçi sədr müsavatçıları A.Hacılıdan imtina etməyə səsləyir. Düzdür, bunu açıq şəkildə etməsə də, trolları vasitəsi ilə reallaşdırmağa çalışır.

A.Hacılı isə necə deyərlər, qalıb odla su arasında. O, bir tərəfdən Əli Kərimli, digər tərəfdən də partiyalarının AXCP və “Milli Şura”nın əlaltısı, yəni “ikinci sort” quruma çevrilməsi faktı qarşısında acizliyini nümayiş etdirir. Hər halda, bu A.Hacılının öz fikri ola bilər ki, özünü və partiyasını Ə.Kərimlinin və trollarının caynaqlarından necə qurtarsın. Hər halda, Müsavat get-gedə AXCP-nin təsiri altında düşməkdə davam edir...

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...