"İmzalanan Birgə Bəyannamə ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir" AÇIQLAMA-ÖZƏL

"Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri ölkələrimiz arasındakı münasibətlərin ən yüksək səviyyədə olduğu bir dövrə təsadüf edir. Belə ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 6 milyard dollara yaxın olub. Bu, kifayət qədər ciddi rəqəmdir. Bundan başqa İtaliya xam neftə olan tələbatının 15 faizindən çoxunu Azərbaycan vasitəsiylə ödəyir. Bu, Azərbaycanın İtaliyanın enerji təchizatında oynadığı mühüm rolu göstərir". Bunu SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib. O bildirib ki, Azərbaycan İtaliya şirkətlərinin ölkəmizdə müxtəlif seqmentlərdə təmsil olunmasında maraqlıdır: "Səfər zamanı bu məsələyə bir daha toxunuldu. Həmçinin Azərbaycanın Xəzər dənizi hövzəsində yerləşməsi İtaliyada Aralıq dənizi və Xəzəri əhatə edən yeni layihələr və infrastruktur işləri görməyə maraq yaradır. Azərbaycan da Aralıq dənizində geoloji və digər sahələrdə birgə fəaliyyətdə maraqlıdır. Bundan başqa, TAP layihəsi üzrə də işlər artıq yekunlaşmaq üzrədir". Azərbaycan və İtaliya arasında imzalanan Birgə Bəyannamənin önəmini vurğulayan politoloq qeyd edib ki, bu sənəd ölkələr arasında strateji tərəfdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirir, həmçinin ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Birgə Bəyannamədə İtaliya və Azərbaycanın bir-birinin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərinin toxunulmazlığına hörmətlə yanaşdığı vurğulanıb. Hesab edirəm ki, Azərbaycan və İtaliya liderlərinin son görüşündə İtaliya Prezidenti bir daha kəskin mövqe ortaya qoydu".
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə