Prezident İlham Əliyevin İtaliyaya səfəri bu ölkə mətbuatının diqqət mərkəzindədir

Azərbaycan Prezidenti İlham Əliyevin İtaliyaya dövlət səfəri bu ölkənin mətbuatının diqqət mərkəzindədir.

SİA "AZƏRTAC" a istinadən xəbər verir ki, fevralın 21-də keçirilmiş İtaliya-Azərbaycan biznes forumu yerli mətbuatda geniş işıqlandırılıb.

Məqalələrdə qeyd olunur ki, İtaliya tərəfi bu forumdan böyük nəticələr gözləyir. Romada imzalanmış "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə", habelə çoxsaylı biznes anlaşmaları nəinki İtaliyanın idxal etdiyi xam neft və təbii qaz mənbələrinin şaxələndirilməsinə, həm də iqtisadiyyatın digər sahələri üzrə əməkdaşlığın genişləndirilməsinə təkan verəcək. Azərbaycanın kənd təsərrüfatı, infrastruktur, turizm, tekstil, şərabçılıq, nəqliyyat və digər sahələrinə yatırılan italyan sərmayələri artacaq. Hazırda 100-dən çox italyan şirkəti Azərbaycanla əməkdaşlıq edir.

İtaliya tərəfdən biznes foruma rəhbərlik edən Xarici İşlər naziri Luiji Di Mayo vurğulayıb ki, bu görüş siyasi və iqtisadi münasibətlərin möhkəmlənməsi yolunda atılan növbəti addımdır. Son 10 ildə İtaliyanın Azərbaycandan məhsul idxalı 55,5 milyon avro təşkil edib. Biznes forumda iştirak edən italyan şirkətləri müxtəlif sahələr - nəinki neft və qaz sahəsi, eləcə də digər sahələr üzrə fəaliyyət göstərirlər. Bu şirkətlərin əlaqələrimizin inkişafına dəstək verməsi gözlənilir. Son 15 ildə İtaliya şirkətləri tərəfindən Azərbaycanda qazanılmış tenderlərin dəyəri 7 milyard avro təşkil edir.

Azərbaycan Prezidenti İlham Əliyevin də çıxışı İtaliya mətbuatında geniş şərh olunub. Dövlət başçısı çıxışında əsas vəzifənin ticarət əlaqələrinin şaxələndirilməsi olduğunu vurğulayıb. Prezident İlham Əliyev deyib ki, qeyri-neft sektorunda layihələrin həyata keçirilməsi məhz belə imkanlar yaradacaq. Habelə TAP layihəsinin uğurla başa çatması nəticəsində Azərbaycan və İtaliya bundan sonra onilliklər ərzində qaz sahəsində çox etibarlı tərəfdaşlar kimi birgə fəaliyyət göstərəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə