"Səs" qəzetinin 6000-ci nömrəsi işıq üzü gördü

Müstəqil Azərbaycanın demokratik inkişaf yolunda müstəsna xidmətləri olan, yarandığı zamandan xalqın səsini səsində birləşdirərək, dünyaya Azərbaycanın səsini çatdıran "Səs" qəzetinin artıq 6000-ci nömrəsi işıq üzü gördü. Çap olunmağa başladığı ilk gündən elə ölkənin həyatında tanınan, Azərbaycan həqiqətlərinin xalqa çatdırılmasında obyektivliyi ilə seçilən "Səs" bir mətbu orqan kimi hər zaman oxucu diqqətində olub. Bu mətbu orqan ədalətə, haqqa səslədi milyonlarla insanları. Təlatümlü zamanda xalqın səsini ucaltdı. Müstəqilliyə gedən yolda, "Qoy ədalət zəfər çalsın" prinsipini əsas götürərək qısa zaman məsafəsində Azərbaycanda bu qələbənin təntənəsini səhifələrində dərc etdirdi. Öz çoxminli oxucularının ümidlərini doğrultdu. Bu gün "Səs" qəzeti mətbuatımızın, azad sözün inkişafına öz mühüm töhfəsini verməkdədir. Məqalələri, analitik və təhlil yazıları ilə insanların məlumatlandırılması, maarifləndirilməsi kimi mühüm missiyanı uğurla həyata keçirir. Təsis edildiyi gündən bu günədək "Səs" qəzetinə ən yüksək qiyməti də elə, məhz "Səs qəzeti mənim üçün ən əziz qəzetdir", - deyən Ümummilli Liderimiz Heydər Əliyev verib.
İlk nömrəsindən bu günə qədər tutduğu yolu davam etdirərək, amalının müdafiəçisi tək zamanın səsini bəyan edib. Azərbaycanın 29 illik tarixi səhifələrinə həkk olunub. "Səs" ictimai-siyasi qəzeti yaşadığı zamanın hesabatında qürürla, dəyanətlə dayanıb çağdaş dünyamıza həqiqətləri çatdırıb. 29 ildə saxta tarixdən deyil, zamanın həqiqətlərindən, burulğanlı, təlatümlü, mübarizəli, mücadilə ilə dolu bir dövründən - müstəqilliyimizdən söz açıb. Zamanımız üçün fəxarətlə səhifələdiyimiz səhifələrdə milli düşüncə, milli qeyrət, heysiyyət, qəhrəmanlıq, azadlıq kimi məfhumlarla qarşılaşırıq. Milli mətbuatımızda çəkisi, yeri olan "Səs" qəzetinin çağdaş dünyamızın aynası və tərəzisidir.
Tarixə səyahət edərək bildirək ki, "Səs" qəzetinin yaranması 1990-cı illərin hadisələri ilə - Azərbaycanda milli-azadlıq hərəkatının başlaması ilə bağlıdır. Həmin illərdə Azərbaycanda yaşanılan ictimai-siyasi böhran, Ermənistanın ölkəmizə qarşı işğalçılıq və soyqırımı siyasəti, olduqca ağır sosial-iqtisadi durum, insanların üzləşdikləri çətinlikləri qəzet səhifələrində işıqlandırıldı. Gerçəklik qəzetin səhifələrinə yol açdı. Real mənzərəni geniş ictimaiyyətə çatdıran yeganə mətbu orqan "Səs" qəzeti idi. "Səs" qəzeti o zaman Azərbaycanda daha çox oxunan, əldən-ələ gəzən mətbu orqana çevrilmişdir. "Səs" üçün yaşanılan illər hamar olmayıb. Elə ilk addımından təzyiqlə üz-üzə qalıb, sonralar qəzetə dəfələrlə hücumlar edilib. Lakin bu hərəkətlər vətəni sevən, həqiqətən, Vətən keşiyində duran qəzetin fədakar kollektivini haqq-ədalət yolundan, milli mücadilədən çəkindirməyib.
Ümummilli Liderimiz Heydər Əliyevin çıxışlarını, ideyalarını təbliğ etməkdə vuruş meydanına çevrilən qəzet geri çəkilmədi. Bu prinsipiallıq olmasa idi, 1992-ci ilin oktyabrında ölkə ziyalılarının xalqın iradəsini ifadə edən Ümummilli Lider Heydər Əliyevə ünvanlanan müraciəti "Səs" qəzetində dərc olunmazdı. Ulu Öndərimiz, əslində, xalqın çağırışı olan bu müraciətə biganə qalmadı və bu cavab da "Səs" qəzetində yer aldı. Ümummilli Lider hakimiyyətə gəldikdən sonra "Səs" qəzetini özü üçün doğma qəzet adlandırması da, məhz bu mübarizliyə verilən qiyməti idi.
1991-ci ilin 11 yanvar tarixində ilk sayı işıq görən qəzet elə həmin zamandan bu günə qədər əqidə və prinsinini rəhbər tutaraq, dövlətimizin qarşısında duran çətin sınaqları dəf etmək üçün silahlanıb. Azərbaycanın müstəqilliyinin yaşıdı olan qəzet bu çətin dövrdə azadlıq istiqlalçısı kimi tarixi zamanla bərabər addımladı, şərəfli bir yola körpü saldı və fəaliyyəti dövründə xalqın sevimli mətbuat orqanına çevrildi. Azərbaycan dövlətçiliyinin, Ulu Öndər Heydər Əliyev ideyalarının yaşadılması, təbliği, Azərbaycana xidmət idi xalqda bu sevgini oyadan.
Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda xalqın çağırışı ilə hakimiyyətə qayıdışından sonrakı dövrdə isə Azərbaycan mətbuatının inkişafında tamamilə yeni mərhələ başlandı. Azərbaycanda söz və mətbuat azadlığının, müstəqil mətbuatın əsasını qoymuş lider kimi böyük ehtiramla anılır. Həmin dövrdən respublikada mətbuat orqanlarının azad fəaliyyəti və inkişafı yolunda süni maneələrin aradan qaldırılması "Səs"in vətəndaş cəmiyyəti quruculuğunda rolunu daha da fəallaşdırdı. "Səs" mövcud proseslərdən kənarda qalmadı.
"Səs" qəzetinin keçdiyi tarixi yolu, onun fəaliyyətini bütün hallarda Yeni Azərbaycan Partiyasının fəaliyyətindən ayrı təsəvvür etmək mümkün deyil. YAP-ın yarandığı ilk illərdə "Səs" qəzeti, bilavasitə partiyanın mətbu orqanı kimi fəaliyyət göstərib, onun fəal təbliğatı ilə məşğul olub, məram və məqsədlərini ardıcıl, məqsədyönlü, məzmunlu və uğurlu şəkildə təbliğ edib. "Səs" qəzeti bu gün də bu şərəfli missiyanın daşıyıcısıdır. Belə ki, YAP-ın ideyalarının ən fəal təbliğatçısı kimi çıxış edir. Partiyanın fəaliyyətinin təbliğində və işıqlandırılmasında qəzetin özünəməxsus rolu var. YAP-ın mövqeyini, siyasi kursunu müdafiə edən qəzetlər sırasında "Səs" qəzeti öz ardıcıllığı, mübarizliyi və məqsədyönlülüyü ilə seçilir. "Səs"in yolu Azərbaycan mətbuatı üçün nümunəvi məktəbdir. Bu gün təvazökarlıqdan uzaq olsa da, bildirək ki, "Səs" qəzetinin milli mətbuatımızda özünəməxsus yeri var.
"Səs" bu gün Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin siyasi xəttini, fəaliyyətini çox fəal, qətiyyətli şəkildə müdafiə edir. Qəzet ölkədə və dünyada baş verən hadisələri, insanların fikirlərini, əldə olunan uğurları və problemləri səhifələrində işıqlandırır. Obyektiv, peşəkar qələm cəmiyyətin maraqlarına, vətəndaş cəmiyyətinin inkişafına xidmət edir. Bu da öz ədalətli mövqeyində dönməz olan "Səs"in ictimai-siyasi qəzet kimi nüfuzunu, populyarlığını daha da artırır və qəzetin oxucu auditoriyasını bir qədər də genişləndirir.
Ulu Öndərimiz Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin Azərbaycanın inkişafı və çiçəklənməsi, xalqın rifahının yüksəlməsi yolunda gördüyü möhtəşəm işlərin işıqlandırılması və əhaliyə çatdırılmasında "Səs" qəzeti öz yolunu davam etdirir. Bu gün dövlətə, dövlətçilik ənənələrinə sadiq qalan "Səs" qəzeti bir sıra mətbu orqanlar kimi dövlət qayğısı ilə əhatə olunub. "Səs" qəzeti bu gün də dövlətə, YAP-ın siyasi kursuna, daşıdığı dəyərlərə sadiqdir və daim bu amal uğrunda çalışır. Zamanla ayaqlaşan qəzet dövrün tələblərinə cavab verir, yenilənir, müasir texnologiyalara yiyələnir. Bu gün qəzetin bazasında "Səs" İnformasiya Agentliyi və SəsTV fəaliyyət göstərir.
Mətbu orqan hər zaman olduğu kimi, heç şübhəsiz ki, bundan sonrakı dövrdə də öz missiyasını yerinə yetirəcək. Sağlam əqidə, milli özünüdərk ruhunda köklənmiş insanları ətrafında birləşdirən "Səs" qəzeti Ümummilli Lider Heydər Əliyevin ideyalarını qətiyyətlə təbliğ edib, müasir Azərbaycanın inkişafından, onun müasirləşməsindən, əhalinin sosial rifahının yüksəlməsindən söz açır. Məhz bunun nəticəsidir ki, qəzetin oxucularının sayı gün-gündən artır. Sosial şəbəkələrdə on minlərlə izləyicisi var.
Bəli, "Səs" qəzeti müstəqil mətbuat tariximizdə özünəməxsus yeri, dəst-xətti, eləcə də, şərəfli tarixçəsi olan mətbuat orqanıdır. Azərbaycan cəmiyyətinə, dövlətçiliyinə sədaqət amalıdır ki, şərəfli yolunda neçə-neçə onillikləri yaşayacaq.
"Səs" qəzetinin 6000-ci nömrəsinin işıq üzü görməsində əməyi olan kollektivin hər bir üzvünü təbrik edir və onlara dövlətçilik və milli maraqlar uğrunda yaradıcılıq uğurları arzulayırıq. Qoy həmişə qələmimiz iti, sözümüz kəsərli olsun.

Nəzakət ƏLƏDDİNQIZI

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...