Azərbaycanın Misirdəki səfirliyi “Təhrir Beynəlxalq kitab sərgisi”ndə iştirak edib
31 mart - 04 aprel tarixlərində Qahirə şəhərində keçirilən "Təhrir Beynəlxalq kitab sərgisi"-də Azərbaycan Respublikasının Misirdəki səfirliyi iştirak edərək, Azərbaycanın tarixi, mədəniyyəti, incəsənəti, musiqisi, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü, erməni terrorizmi, ümummilli lider Həydər Əliyevin həyat və yaradıcılığı, Azərbaycanın iqtisadiyyatı, neft tarixi və müasir neft-qaz sənayesinin inkişafı və sair barəsində ərəb, ingilis, fransız, rus və digər xarici dillərdə olan kitablar və digər çap materialları nümayiş etdirilib. Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyindən SİA-ya verilən xəbərə görə, sərgidə 100-dən artıq müxtəlif çap şirkətləri, ABŞ, İtaliya və Polşanın Qahirədəki səfirlikləri təmsil olunub.
Sərginin açılışında iştirak edən Misirin Mədəniyyət naziri Emad Əbu Ğazi Azərbaycan guşəsi ilə tanış olub və ona Azərbaycan kitabları barəsində məlumat verilib. Sərgi çərçivəsində Azərbaycana aid mədəniyyət guşəsi də yaradılıb və burada Azərbaycan xalçaları, musiqi və qədim məişət əşyaları nümayiş etdirilib.
Sərgidə Azərbaycan haqqında nümayiş olunan kitab və çap materialları sərgi iştirakçılarının xüsusi marağına səbəb olub və sərgi çərçivəsində iştirakçılara Azərbaycan haqqında 200-dən artıq kitab, jurnal və digər çap materialları paylanıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB