Strateji mövqeyinə görə hədəfə çevrilən Xocalı faciəsi ŞƏRH - ÖZƏL

“Xocalı soyqırımı məqsədyönlü şəkildə Azərbaycanın dinc əhalisini qətlə yetirərək vəhşicəsinə həyata keçirilən bir faciədir. Xocalını törədənlərin kimliyi, təşkilatçıları da hər kəsə məlumdur və onlar beynəlxalq axtarışa verilib”. Bu fikirləri SİA-ya açıqlamasında politoloq Sahil İsgəndərov deyib.

O bildirib ki, Xocalı strateji mövqeyinə görə düşmənin əsas hədəflərindən biri idi: “ Çox təəssüf ki, ermənilər və onların havadarları bəyan edir ki, heç bir həqiqətə sığmayan fikirlər irəli sürərək guya əslində Xocalıda heç bir soyqırımın olmadığını, onların dinc əhalinin çıxması üçün hətta dəhliz qoyduğunu, lakin Azərbaycan tərəfinin öz əhalisini çıxarmağa imkan vermədiyini bəyan edirlər. Təbii ki bu fikirlərin heç bir əsası yoxdur. Hər kəsə məlumdur ki, ermənilər tərəfindən dinc əhalinin çıxması üçün heç bir dəhliz qoyulmamışdı. Bu köklü yalanı hətta o zaman Xocalı faciəsinin təşkilatçılarından biri, Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan faciənin onlar tərəfindən törədilyini konkret olaraq öz dili ilə etiraf edib”.

Politoloq qeyd edib ki, Xocalı soyqırımı hər hansı bir xalqın, etnosun məqsədli şəkildə məhvinə yönələn siyasətdir.

S.İsgəndərov qeyd edib ki, Fevralın 15-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Dağlıq Qarabağ münaqişəsinə həsr olunan panel müzakirələrdə Ermənistan Baş naziri Nikol Paşinyanın Xocalı faciəsini başqa bir məcraya yönəltməyə cəhd etsə də, Prezident İlham Əliyev onu faktlarla susdura bildi: “Prezident İlham Əliyev gələcəkdə digər xalqlara qarşı belə bir hadisənin baş verməməsi məqsədilə hər zaman iştirak etdiyi bütün beynəlxalq platformalarda dünya ictimaiyyətini bu faciəyə tarixi, hüquqi qiymət verməyə çağırıb. Çünki Xocalı soyqırımı təkcə Azərbaycanın deyil, eləcə də bütün bəşəriyyətin faciəsidir. Çox təəssüf ki, dünyanın böyük ölkələri, güc mərkəzləri buna getmək istəməsələr də, Azərbaycanın haqq səsi ildən–ilə daha çox insanlara, ölkələrə çatır”.

Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən həyata keçirilən işlər, eləcə də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə reallaşdırılan “Xocalıya Ədalət” kampaniyasının mühüm əhəmiyyətə malik olduğunu deyən ekspert vurğulayıb ki, görülən işlər nəticəsində minlərlə insan bu cinayəti lənətləyir: “Artıq ABŞ-ın 20-ə yaxın ştatında Xocalı soyqırım kimi tanınıb. Bir müddətdən sonra bununla bağlı məsələ Ulrayna parlamentində müzakirəyə çıxarılacaq. Bu məqamlar göstərir ki, Azərbaycan öz həqiqətlərini düny ictimaiyyətinə çatdırır. Bundan Ermənistan hakimiyyəti çox narahatlıq keçirir. Çünki, onlar anlayır ki, Azərbaycan bütün sahələrdə olduğu kimi informasiya müharibəsində də onları qabaqlayıb. Hər bir cinayət öz layiqli cəzasını almalıdır. Onlar tarixin, bəşəriyyətin məhkəməsi qarşısında gec-tez cavab verəcəklər”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə