Səfərin Azərbaycan və İtaliya üçün əhəmiyyəti ŞƏRH - ÖZƏL

“Prezident İlham Əliyevin İtaliyaya səfəri iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi baxımından çox böyük əhəmiyyət kəsb edir”. Bu fikirləri SİA-ya açıqlamasında Milli Məclisin deputatı Azər Badamov deyib.

O bildirib ki, səfər çərçvəsində imzalanan sənədlər bizə ölkələr arasında iqtisadi potensialın, gələcək perspektivlərin daha da geniş olduğunu deməyə imkan verir: "İtaliya Azərbaycanla dost ölkədir və ölkəmizin ərazi bütövlüyünü dəstəkləyir. İtaliya Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması, Dağlıq Qarabağ münaqişəsinin ölkəmizin ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır”.

İki ölkə arasında iqtisadi imkanların geniş olduğunu deyən A.Badamov vurğulayıb ki, bu gün Azərbaycan böyük, beynəlxalq transmilli layihələrə imza atıb: “İtaliya Azərbaycanın həyata keçirdiyi Bakı-Tbilisi-Qars layihəsi, Şimal-Cənub, Qərb-Şərq dəhlizləri kimi beynəlxalq layihələrindən istifadə etmək imkanına malikdir”.

Deputat qeyd edib ki, Azərbaycan qeyri-neft sektorunu inkişaf etdirən ölkələrdən biridir: “Belə olan halda, İtaliya şirkətlərinin sərmayələrinin Azərbaycana cəlb edilməsi imkanı da genişdir. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatı dünya üçün maraqlıdır. Düşünürəm ki, Prezident İlham Əliyevin İtaliyaya səfəri zamanı imzalanan müqavilələr bu imkanların reallaşmasını daha da genişləndirəcək. Bu gün İtaliya neft məhsullarının 90 faizindən çoxunu Azərbaycandan idxal edir. Hesab edirəm ki, gələcəkdə qeyri-neft məhsullarımız da İtaliya bazarlarına ixrac olunacaq və bu, iki ölkə arasında ticari əlaqələrin inkişafına imkan verəcək”.

A.Badamovun sözlərinə görə, həm qarşılıqlı investisiyaların yatırılmasını, həm ölkəmizə İtaliyanın istehsalı olan müasir texnologiyaların idxalını, eləcə də qeyri-neft sektorunun inkişafı istiqamətində atılan addımları nəzərə alaraq deyə bilərik ki, İtaliya Azərbaycan arasında iqtisadi əməkdaşlıq əlaqələri strateji xarakter daşıyır və gələcək perspektivlər çox genişdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə