"Azərbaycanın haqq səsini dünyaya çatdırmaq borcudur" ÖZƏL-MÜNASİBƏT

Xocalı soyqırımı Azərbaycanın tarixində həqiqətən də çox dəhşətli bir hadisə kimi qeydə alınıb və ermənilərin, xüsusən də işğalçı Ermənistanın bizim xalqımıza yaşatdığı ən böyük faciələrdən biridir ki, bu faciəni heç bir halda unutmaq olmaz. Bunu SİA-ya açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

“Bu günlərdə Cənab Prezident İlham Əliyev Münhendə Ermənistanın baş naziri ilə debatda da bu məsələyə toxundu və Ermənistanın baş naziri həyasızcasına iddia etdi ki, azərbaycanlılar özləri bu təxribatı törədiblər ki, erməniləri ittiham etsinlər. Təbii ki, bu ədəbsizlik idi və Cənab Prezident də samballı şəkildə, tutarlı şəkildə onun cavabını verdi. Demək istəyirəm biz istənilən platformada Xocalı soyqırımı ilə bağlı məsələləri dilə gətirməliyik, əsaslandırılmış şəkildə dünya ictimaiyyətinin diqqətinə çatdırmalıyıq. İndi bu Avropada belə bir tədbirin keçirilməsi əlbəttə ki, yerinə düşür və mən fürsətdən istifadə edib Azərbaycandan kənarda yaşayan bütün azərbaycanlılara səslənmək istəyirəm ki, bu tədbirdə yaxından iştirak eləsinlər və onun təşkilatçılığına dəstək versinlər. Burada müxalifət, yaxud iqtidar deyə heç kimi ayırmaq lazım deyil. Müxalifətdə olan, Azərbaycan hakimiyyətini tənqid edən adamların da bu tədbirdə olmasını arzu eliyirəm. Çünki bu bütün Azərbaycanın milli maraqlarına xidmət edən bir tədbirdir və belə bir tədbirdə heç kim mən müxalifətəm deyib, yaxasını kənara çəkməməlidir. Bu hamımızın borcumuzdur və burada siyasi cəbhə ayrımı eləmədən gedib iştirak eləmək, Azərbaycanın haqq səsini dünyaya çatdırmaq lazımdır. Mən düşünürəm ki, sağlam müxalifətçilik xəttində olanlar mütləq bizim bu çağırışımızı eşidəcəklər və əlbəttə ki, belə olacağı təqdirdə bizin azərbaycanlı olaraq həll edə bilməyəcəyimiz məsələ qalan deyil”, deyə siyasi şərhçi Azər Həsrət bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə