"Azərbaycan münaqişənin hərbi müstəvidə həllinə daha çox diqqət ayırmalıdır" MÖVQE-ÖZƏL

“Prezident İlham Əliyevin arqumentləri qarşısında aciz duruma düşən Paşinyan Azərbaycan torpaqlarını işğal etdiklərini, bu torpaqları qaytarmaq niyyətində olmadıqlarını etiraf etdi. Paşinyanın işğalçı olduqlarını etiraf etməsi faktı da Azərbaycanın siyasi uğuru kimi qiymətləndirməlidir”. Bu fikirləri SİA-ya açıqlamasında Respublika Veteranlar Təşkilatının sədr müavini, sabiq polkovnik Cəlil Xəlilov deyib.

O bildirib ki, Ermənistan Baş nazirinin etirafı işğalçı ölkənin problemi sülh yolu ilə həll etmək niyyətində olmadığını bir daha sübut etdi.

Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin hərbi müstəvidə həlli məsələsinə daha çox diqqət ayırmalı olduğunu deyən sabiq polkovnik qeyd edib ki, işğaldakı torpaqlarını azad etmək Azərbaycanın beynəlxalq hüquqla təsbit olunan haqqıdır və buna ölkəmizin həm hüquqi, həm də mənəvi haqqı var.

C. Xəlilov vurğulayıb ki, Münxen diskussiyasında Azərbaycan Prezidenti İlham Əliyev dünya mediasının, beynəlxalq ictimaiyyətin gözü qarşısında Ermənistanın işğalçılıq siyasətini bir daha ifşa etdi, Paşinyanın absurd iddialarını darmadağın etdi: “Ölkə başçısı dünya ictimaiyyətinin, o cümlədən beynəlxalq təşkilatların təcavüzkara təzyiq göstərməsinin vacibliyinə diqqət çəkdi, bunu zəruri edən səbəblərə toxundu. Prezident İlham Əliyev Azərbaycanın uğradığı təcavüz fonunda Ermənistanın bütün region, beynəlxalq təhlükəsizlik sistemi üçün ciddi təhdid mənbəyi olduğunu real faktlar əsasında ortaya qoydu”.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə