Politoloq: “Xankəndində hava limanının açılışı Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərəcək” - FAKT

Politoloq: “Xankəndində hava limanının açılışı Qarabağ münaqişəsinin həllinə mənfi təsir göstərəcək” - FAKT

Heç kəs zamin dura bilməz ki, həmin o mülki reyslərdə silah-sursat, hərbi texnika daşınmayacaq. Politoloq Elman Nəsirli SİA-ya açıqlamasında deyir ki, Ermənistanın işğalı altında olan Azərbaycanın Xankəndi şəhərində qanunsuz inşa olunmuş hava limanının açılışı Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinə çox mənfi təsir göstərəcək. Belə ki, Azərbaycanın mövqeyi nəzərə alınmadan bu reallaşarsa indidən 2011-ci ildən Qarabağ probleminin həlli ilə bağlı ATƏT-in Minsk qrupunun göstərcəyi səylərin üzərindən qara xətt çəkmək olar: "Yəni o səylər artıq heç bir nəticə verməyəcək. Əgər bu gün onlar Ermənistana münasibətdə yenə susurlarsa, deməli, onların diktəsi altında fəaliyyət göstərirlər. Buna etiraz edəndə isə Azərbaycanı barışmağa təhrik etmək istəyirlər. Belə bir vəziyyətdə Azərbaycan müharibə variantını önə çəkə bilər, müzakirələri siyasi müstəvidən çıxarıb güc variantına üstünlük verə bilər".

 

Politoloq hesab edir ki, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayzanın da bəyanatı da təəccüb doğurur. Belə ki, o Ermənistandan Xankəndinə uçmaqla Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına uçmaq arasında paralellik gətirib: "Bununla o bərabərlik prinsipi qurmaq istəyib. Metyu Brayza yəqin onun fərqindədir ki, Azərbaycan öz ərazisi olan Naxçıvan Muxtar Respublikasına uçuşlar həyata keçirir və bütün beynəlxalq hüquq normaları çərçivəsində hava məkanından keçməklə bunu reallaşdırır. Bunu bütün təşkilatlar da bilir və beynəlxalq qanunlara zidd deyil. Ermənistan tərəfi isə işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni şəkildə hava limanı tikintisini həyata keçirir. Azərbaycan hava məkanından Azərbaycanın işğalı altında olan torpaqlarına reyslər həyata keçirir. Mənə elə gəlir ki, bu məsələdı paralellər aaxtarmaq və bu iki hadisə arasında oxşarlıq tapmaq reallığa söykənmir. Bu faktları təhrif etmək kimi dəyərləndirilə bilər. Halbuki başqa-başqa məsələlərdir".

 

Qeyd edək ki, ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza Xankəndində aeroport açılması və oraya aviareyslərin təşkili barədə suallara cavabında daha konkret şərh verməyib. O, bildirib ki, Azərbaycandan Naxçıvana uçan təyyarələr Ermənistanın hava məkanından keçir və bu məqbul sayılır.

Bütün xəbərlər Facebook səhifəmizdə