Paşinyan əzab və sıxıntıları ilə... TƏHLİL

Paşinyanın gülüş hədəfinə çevrilməsi Ermənistan adlı işğalçı ölkənin uduzması təəssüratı yaratdı. Bu barədə Ermənistan mətbuatı, xüsusən də hayeli.am saytı yazır.

Nəinki Azərbaycan Prezidenti İlham Əliyevin, hətta Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun ermənilərin dövlət başçısının ifadələrinə gülüşü Ermənistan mətbuatında xüsusi rezonansa səbəb olub. Hətta erməni mətbuatı yazır ki, Paşinyan öz mikro inqilabı haqqında həvəslə danışdığı zaman onun pafoslu nitqi gülüş, istehza doğurub. Qeyd olunur ki, bu dəfə erməni baş nazirinin populizmi işə yaramadı. Heç şübhəsiz ki, ermənilər özləri belə Paşinyanı acizlikdə, gülüş hədəfinə çevrilməkdə günahlandırır və baş nazirin düşdüyü acınacaqlı durumdan narahatlıqlarını da gizlətmirlər. Bir növ, erməni baş nazirin məğlubiyyətini açıq şəkildə etiraf edirlər.

Paşinyanın öz kreslosunda belə özünə yer tapa bilmədiyini yazan erməni mətbuatı qeyd edir ki, gülünc bir duruma düşməsinə onun özü həm icazə, həm də rəvac verdi. Münhendə hər iki ölkə rəhbərinin görüşü zamanı erməni baş nazirinin düşdüyü durumu utancverici səhnə adlandıran, ümumilikdə erməni xalqının, Ermənistanın məğlubiyyəti hesab edən ermənilərin sıxıntısı ölkənin kütləvi informasiya vasitələrində öz əksini tapır. Həmin informasiya vasitələri kimin diktə etdiyi, kimin isə təslim olduğu məlum idi, yazaraq, əslində, Azərbaycan Prezidentinin üstünlüyünü, diplomatik qələbəsini etiraf edirlər. Etiraf edirlər ki, erməni baş nazir özünü idarə edə bilmir, daim həyəcanlı bir hərəkətdə olur, dərsini öyrənməmiş tələbəyə oxşayır, tamaşaçılar üçün də, sadəcə gülməli bir xarakter alırdı. Xüsusilə vurğulanır ki, lazımi təhsil və psixoloji keyfiyyətlərə sahib olmayan bir insanın bir milləti təmsil etməsi çox ayıbdır.

Ermənistan mediası etiraf edir ki, Azərbaycan tərəfi BMT tərəfindən qəbul olunan və on illərdir təkrarlanan qətnamələrdən məharətlə istifadə edir. Etiraf edir ki, bu qətnamələr Azərbaycanın haqlı olduğunun sübutudur və məhz buna görə də Azərbaycan prezidenti Münhendə həm haqlı tərəf idi, həm də növbəti dəfə Paşinyan, ermənilər, Ermənistan dövləti üzərində mükəmməl diplomatik qələbəsini qazandı. Bu isə o deməkdir ki, Münhendə Paşinyan məğlub duruma düşüb və bunu da bütün erməni ictimaiyyətinin çox yaxşı başa düşdüyü işğalçı ölkənin mətbuat səhifələrində açıq-aydın görünür.

Ermənilər Paşinyanın hazırlıq görmədiyini, daha doğrusu hazırlıqsız olduğunu açıqca bildirirlər. Bunu ermənilərin əlində olan, onlara xidmət belə edən dünya mətbuat səhifələri də gizlətmir və açıq şəkildə etiraf edirlər. Etiraf edirlər ki, erməni baş nazir hər dəfə olduğu kimi, yenə də, “Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları bir yerdə məsələnin həllini müzakirə etməlidir”, deyə eyni sözü təkrarlamaqla kifayətlənirdi və çarəsizliyi də göz qabağında idi. Bu fikirlərinin, əvvəla məntiqsiz olduğu, mənasız səsləndiyi dərhal hiss olunurdu, digər tərəfdən də Paşinyanın başqa bir sözü, fikri olmadığı tam aydın şəkildə görünürdü deyə, ermənilərə məxsus media etiraf etmək məcburiyyətində qalıb. Bu məcburiyyət isə onlara, “Paşinyanın öz nöqteyi-nəzərində nə düşüncə, nə də məzmun yoxdur”, deməkdən başqa yol qoymadı.

Artıq açıq-aşkar hiss olunur ki, Paşinyanın təkcə Ermənistanda deyil, ümumiyyətlə, erməni əsillilər arasında da zərrə qədər nüfuzu qalmadı və elə özləri də onu gülüş hədəfinə çeviriblər. Hər dəfə öz liderlərini şişirdən, milçəkdən fil düzəldən erməni toplumu artıq onun populizmini qlobal şəkildə etiraf edirlər. Etiraf edirlər ki, mikro inqlabları, pafoslu danışıqları, mənəm-mənəmliyi yalnız elə Ermənistanda keçərli imiş. Yaxud onun Ermənistan vətəndaşlarını sən demə ələ salaraq özünə inandırdığı, yalançılığı, əslində isə böş bir heç olduğu Münhendə öz sübutunu tapdı. İndi erməni xalqı, erməni lobbisi, onun mediası Paşinyanın Ermənistan sərhəddindən kənarda bir heç olduğunu açıq şəkildə bildirir.

Ermənilər tarixçilərin və təbliğatçıların sözlərini, hap-gopunu bir kənara qoyaraq qeyd edirlər ki, danışıqlar zamanı Azərbaycan Prezidentinin tələbləri yenidən səsləndiyi halda Paşinyan eyni sözləri təkrarlamaqla məşğul oldu. Dərsinə hazırlıqsız bir şagird kimi özü ilə gətirdiyi kitab-dəftəri ilə də Azərbaycan Prezidentinə “imtahan” verə bilmədi. Əvəzində isə, ölkə başçımızın ona çox yaxşı dərs keçdiyi bildirilir. Bildirilir ki, rəsmi Bakı Qarabağı Azərbaycanın bir hissəsi hesab edir və İlham Əliyev azərbaycanlıların Şuşaya və digər yaşayış məntəqələrinə qayıtmalarını, ərazilərin qaytarılması, qaçqınların Qarabağda məskunlaşdırılmasını tələb etdiyi halda, Paşinyan, bu gözlər qarşısında özünü daha yaxşı göstərmək üçün arxa planda sülh göyərçini kimi davranmağa çalışır. Bu mənzərəni ermənilər özləri üçün çox təhlükəli hesab edirlər və bu mənada haqlıdırlar da. Çünki, onlar şəxsən Azərbaycan Prezidentinin uzaqgörənliyi, iradəsi, bilik və bacarıqları, şəxsi keyfiyyətləri və nəhayət rəhbərliyi ilə Azərbaycan tərəfinin ən yaxın zamanda əldə edəcəyi qələbəni aydın şəkildə görürlər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə