Əsirlərin qaytarılmasının Münhendə gündəmə gətirilməsi təqdirəlayiqdir -AÇIQLAMA

"Azərbaycan uzun müddətdir ki, erməni əsirliyində olan əsirlərimizin geriyə qaytarılması istiqamətində çox ciddi səylər göstərir". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib.

Q.Hüseynli bildirib ki, Ermənistan tərəfi bu əsirlərin sayını gizlədir və bu haqqda düzgün məlumat vermir: "Bəzən isə hətta bir neçə nəfərin adını çəkməklə kifayətlənir. Amma Azərbaycanda yaradılmış xüsusi komissiya ermənilərin əlində xeyli sayda əsirləmizin olduğunu müəyyən edib. Azərbaycan Prezidentinin Münhen Təhlükəsizlik Konfransında bu məsələni qaldırması çox böyük əhəmiyyətə malikdir. Xocalı soyqırımında əsir düşmüş 1200 nəfərdən artıq insanın taleyi barədə məlumat verilib, yəni Azərbaycana qarşı ermənilərin soyqırım törətməsi faktını Münhen Təhlükəsizlik Şurasında bir daha gündəmə gətirib. Azərbaycan uzunmüddətlik əsirlərinin dəyişdirilməsi haqqında Ermənistana müraciət etsə də, erməni tərəfi bununla razılaşmır".

Politoloq vurğulayıb ki, müharibənin də öz qaydaları var. "Müharibə zamanı hər iki tərəfin əsirlərini bir nəfəri-bir nəfərə yox, hamının-hamıya dəyişdirilməsi, yəni hər iki tərəfdə nə qədər əsir varsa bir-birlərinə qaytarılması prinsipi əsasdır. Bu məsələdə Ermənistan tərəfinin tutduğu qeyri-kostruktiv mövqeyi arqumentlərlə tənqid etməklə Prezident İlham Əliyev Təhlükəsizlik Konfransında ictimailəşdirib. Ermənistan son zamanlar hətta bir nəfərin-bir nəfərə dəyişdirilməsi məsələsində də inadkarlıq göstərir. Ermənistan tərəfi həm danışıqlar prosesində, həm də bölgədə sülh yaratmaq marağında deyil".

Q.Hüseynli qeyd edib ki, əsirlər Ermənistanın törətdiyi təcavüzkar müharibə nəticəsində Kəlbəcərdə, Xocalıda, o cümlədən işğal olunmuş digər ərazilərdə ələ keçirilmiş dinc əhalidir. "Hazırda həmin əsirlər ən ağır işlərdə çalışdırılır və sağlamlıqları ciddi təhlükə altındadır. Bu nöqteyi nəzərdən Azərbaycan Prezidentinin bu addımı çox təqdirəlayiqdir. Fikrimcə bu məsələnin populyarlaşdırılması vacibdir və nüfuzlu Münhen Beynəlxalq Təhlükəsizlik Konfransında gündəmə gətirilməsi çox prinsipial əhəmiyyətə malikdir. Ümid edirik ki, Cənab Prezidentin qaldırdığı bu məsələ Münhen Təhlükəsizlik Konransının yekun sənədlərində öz əksini tapacaq".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə