"Bütün məsələlərdə milli dövlətçiliyimizi üstün tutmalıyıq” ÖZƏL-MÜNASİBƏT

"Azərbaycan Prezidenti cənab İlham Əliyevin Kürdəmirdə “ASAN xidmət” mərkəzinin açılış mərasimindəki çıxışı hesab edirəm ki, cəmiyyətə, Azərbaycan vətəndaşlarına bir çağırış və ciddi bir mesaj idi. Bunu şərtləndirən vacib məqam ondan ibarətdir ki, Azərbaycan yalnız özünə güvənməlidir, Azərbaycan insanı yalnız öz dövlətinə güvənməlidir. Beləcə Azərbaycan insanları arasında ideoloji iş çox mükəmməl səviyyədə qurulmalıdır. Əlbəttə ki, bu cənab Prezidentin bu istiqamətdə ilk çağırışları deyil". Bunu SİA-ya açıqlamasında Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyib.

Sədrin sözlərinə görə, ölkə başçısı hər zaman Azərbaycan vətəndaşlarına, cəmiyyətə səslənir və bu istiqamətdə çox ciddi çağırışlarını səsləndirir: "Eyni zamanda Azərbaycan insanı, cəmiyyət üçün bir tezis olaraq ideoloji xətti ortaya qoymuş olur. Təbii ki, bu çağırışda Azərbaycan gənclərinə də bir xitab var, o xitab ondan ibarətdir ki, Azərbaycan gəncliyi öz milli-mənəvi dəyərlərinə bağlı olmalıdır, Azərbaycan dövlətinin qüdrətlənməsi yolunda üzərinə düşən vəzifəni dərk etməlidir. Bu gün Azərbaycan insanı müstəqilliyin həqiqi mənasını dərk edir və öz ölkəsi ilə bağlı istənilən qərarların qəbul edilməsində yalnız və yalnız xalqın maraqları üstün tutulur. Bu baxımdan əlbəttə ki, Azərbaycanla bağlı, ölkənin gələcəyi ilə bağlı Azərbaycan vətəndaşları çox ayıq-sayıq olmalıdırlar. Bu istiqamətdə hər bir vətəndaş ilk növbədə üzərinə düşən vəzifələri yerinə yetirməlidir. Hesab edirəm ki, hər birimiz çalışdığımız sahədən, peşədən asılı olmayaraq bütün məsələlərdə milli dövlətçiliyimizi üstün tutmalıyıq”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə