Teleradio məkanında yeni radio açıldı

Teleradio məkanında yeni radio açıldı
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) "Araz" FM radiosunun açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, Azərbaycan teleradio məkanında yeni radionun açılışında Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli, Mətbuat Şurasının sədri Əflatun Amaşov, MTRŞ-nin üzvü, "Kaspi" Təhsil Şurasının sədri Sona Vəliyeva, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun sədri Vüqar Səfərli, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və başqaları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan radionun baş redaktoru Vüsalə Kərimova bildirib ki, FM 103.3 dalğasında yerləşən radio əsasən Azərbaycanda və dünyada baş verən xəbərlərin dinləyicilərə çatdırılmasına üstünlük verəcək. Radionun www.araz.fm adında internet səhifəsinin fəaliyyətdə olduğunu deyən V.Kərimova vurğulayıb ki, radioda hər saatın tamamında "Azad xəbər" başlığı altında qısa xəbərlər efirə çıxacaq: "Saat 18:30-da isə daha geniş formatda xəbərlər proqramı dinləyicilərin ixtiyarına veriləcək. Bundan başqa, "Sabahın xeyir" "Yolda ikən...", "O olmasın, bu olsun", "Yurdum" və digər bu kimi verilişlərdə dinləyicilərə təqdim olunacaq. Hazırda "Araz" radiosu Bakıda və Abşeron yarımadasında yayımlanır. Yaxın gələcəkdə isə biz bütün respublika üzrə yayımlanmağı planlaşdırmışıq".

Daha sonra çıxış edən Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli son illər Azərbaycanda radio və televiziyaların sayının artdığını deyib. "Araz" radiosunun ölkədə fəaliyyət göstərən sayca 12-ci radio olduğunu deyən MTRŞ sədri bu radioların hədəfi ən azı bütün ölkə üzrə yayımlanmaqdır. Onun sözlərinə görə, "Araz"ın eyni zamanda hədəflərindən biri öz verilişlərində Azərbaycanın milli-mənəvi dəyərlərin dinləyicilərinə aşılanmaqdır.

Tədbirin davamında çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov "Araz" radiosunun 1964-cü ildə yaradılan "Araz"ın irsini daşıdığını qeyd eidb. Onun fikrincə, bu ənənəyə görə "Araz" bütün dünyada yaşayan azərbaycanlıların radiosuna çevriləcək.

Mərasimin davamında radionun internet səhifəsinin nümayiş olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə