Əli Həsənov: "Minlərlə insanın küçələrə çıxacağı haqda deyilənlərin heç bir əsası yoxdur, bu mümkün deyil” - MÜNASİBƏT
Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov müxalifətin aprelin 2-də Fəvvarələr meydanında mitinq keçirməsi ilə bağlı bəyanatına münasibət bildirib.
SİA-nın xəbərinə görə, şöbə müdiri mətbuata açıqlamasında deyib ki, etirazçıların Fəvvarələr meydanına daxil olmasının qarşısı qətiyyətlə alınacaq. "Ora mitinq yeri deyil. O meydanda mitinq keçirilməsinə icazə verilməyib. Ona görə də polis mitinq keçirmək istəyənlərin qarşısını birmənalı şəkildə və qətiyyətlə alacaq".
Onun fikrincə, minlərlə insanın küçələrə çıxacağı haqda deyilənlərin heç bir əsası yoxdur, bu mümkün deyil. "Ötən dəfə olduğu kimi, yenə də 150-200, maksimum 300 nəfər meydana çıxmağa cəhd edəcək. Bu gün və sabah onlar qayda-qanuna dəvət olunacaqlar. Onlarla bağlı tədbirlər görüləcək".
Müxalifətin Bakı Şəhər İcra Hakimiyyətinin ayırdığı yerlərin şəhərdən kənarda yerləşdiyini əsas gətirib bundan imtina etməsi məsələsinə toxunan Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, hara olar, hara olmaz yanaşmasının hamısı mülahizədir: "Hər şey müxalifətin hansı məqsədlərlə mitinq keçirməsindən asılıdır. Müxalifət öz tərəfdarlarını yığıb sözünü demək, hakimiyyətin siyasətinə etiraz etmək, yoxsa şəhərdə qarışıqlıq yaratmaq, insanların, avtomobillərin hərəkətini pozmaq, şəhər həyatını iflic vəziyyətə salmaq istəyir? Bu baxımdan çox şey müxalifətin istək və iradəsindən asılıdır. Şəhər rəhbərliyi bunu nəzərə alır. Müxalifətə yer ayrılarkən həm orada mitinq keçirilməsinin mümkünlüyü, həm də şəhərin ictimai həyatının ahənginin pozulmaması əsas götürülür".
Ə.Həsənov həmçinin martın 31-də bir qrup gəncin AXCP sədri Əli Kərimlinin şəhərin mərkəzində yerləşən evinin qarşısında piket keçirməsinə də münasibər bildirib: "Müxalifət də dəfələrlə bu tip piketlər keçirib və bundan sonra da keçirəcək. Piket başqa, mitinq başqa. Bir qrup adamın bir necə dəqiqəliyə bir yerə yığılması başqa, 4-5 saat şəhərin mərkəzi hissəsində nəqliyyatın və insanların hərəkətini iflic etmək başqa. Orada piket keçirənlərin buna icazə alıb-almadıqlarını bilmirəm. Düşünürəm ki, əgər ora çıxıblarsa, deməli, icazə alıblar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB