Soğan yeməmisənsə, için niyə göynəyir, Qulu Məhərrəmli? NÖQTEYİ-NƏZƏR

Soğan yeməmisənsə, için niyə göynəyir, Qulu Məhərrəmli? NÖQTEYİ-NƏZƏR

Yaxud, əlahəzrət faktlar onu bütün çılpaqlığı ilə belə ifşa edir!

Bu gün yetənə-yetən, yetməyənin arxasınca daş atan Qulu Məhərrəmli barədə çox danışmaq və çox yazmaq olar. Hətta bunu silsilə şəklinə də salıb, bir sıra faktları oxucuların, ictimai rəyin diqqətinə çatdırmaq mümkündür. Şükür Allaha, texnika və informasiya əsridir və zamanında haqqında bəhs elədiyimiz şəxsin ifşasını da etmək bizə elə də çətinliklər yaratmır.

Məsələn, xatırlatmaq yerinə düşərdi ki, 2007-ci ilin aprelində AzTV-də rəhbərlik etdiyi "Səhər" proqramından öz xahişi ilə istefa verdiyini deyən və kanalda qalaraq, digər layihələr üzərində işləyəcəyini deyən Q.Məhərrəmlinin indi durub kimlərisə günahkar çıxarmaq cəhdləri belə bir zəmin yaradır ki, əslində onun özü heç də “aydan-arı, sudan da duru” deyil, əksinə, o nə qədər çox danışırsa, bir o qədər də ifşaolunma təhlükəsini yaşayır.

FAKT: "Səhər" proqramına 12 il rəhbərlik etmişəm, indi isə yeni proqramlarla tamaşaçıların qarşısına çıxacağam. Özüm bu vəzifədən çıxmaq istəmişəm və bununla bağlı televiziyanın rəhbərliyinə fikrimi 3-4 ay əvvəl bildirmişəm".

Baxın, bu adam rəhbər vəzifədən (!) çıxması üçün telekanal rəhbərliyinə hətta 2-4 ay əvvəlcədən (!) məlumat verib. Lakin sonradan layihələri uğursuz olduğu üçün onları reallaşdıra bilməyib və nəticədə, getməli olub. İndi onun bəzi maraqları niyə birdən-birə bu faktları unutmaqla yenidən oyanıb?! Bu sualın cavabını cavab haqqı tanıyaraq, ondan öyrənmək istərdik!

Türkiyədə hərbi çevriliş cəhdində bulunan Fətullah Gülənə "mübarək insan" deyən Qulu Məhərrəmli onunla təmaslarını niyə xatırlatmır?

Bəlkə Qulu Məhərrəmlinin "mübarək insan" adlandırdığı və Türkiyədə dövlətçilik əleyhinə çıxış etiyinə görə, sonradan ABŞ-a qaçıb-gizlənən terrorçuların lideri Fətullah Gülənlə təmaslarını da etiraf etsin? Və bir halda ki, Qulu Məhərrəmli "Fətullah Gülənlə iki dəfə görüşmüşəm. İlk dəfə 1998-ci ildə Türkiyədə, ikinci dəfə isə 2011-ci ildə ABŞ-da. Amma bunlardan əvvəl 1992-ci ildə də belə bir görüş imkanı yaranmışdı görünür, bu mübarək insanla görüşmək qismətimizdə var imiş..." deyirsə, demək, məsələ tamamilə aydındır.

O, vaxtilə AzTV-nin fəaliyyətini belə qiymətləndirmişdi…İndi isə...

Yenə də faktlara əsaslanaraq, 2007-ci ildə "Həftə içi" qəzetinə müsahibə verən Qulu Məhərrəmlinin dövlətin media siyasətinə qarşı kirli ittihamlarını atmasını tamamilə alt-üst edən və "AzTV büsbütün yeniləşir" başlıqlı müsahibəsini təqdim edirik. Belə ki, "AzTV-də gedən prosesləri necə qiymətləndirirsiniz?" sualına Qulu Məhərrəmli belə cavab vermişdı: "Mübaliğəsiz deyim ki, bu gün AzTV-də təkcə texnika və texnologiya yeniləşmir, efirin siması, dizaynı, ritmı dəyişir, ekrana yeni verilişlər, yenı sifətlər gəlir. Yəni bütövlükdə, istehsalat sistemi və münasibətlər dəyişir…”

O cümlədən, "Tv plyus" dərgisinin 2007-ci il avqust sayında Qulu Məhərrəmli yazmışdı: "Televiziyada 29-cu ildir ki, çalışıram və mən indiyədək burada bu miqyasda yeniləşmə aparılmasının şahidi olmamışam".

Beləliklə, Qulu Məhərrəmlinin vaxtilə çörək yediyi qazana tüpürməsi arxasında kirli maraqların dayanması faktı var və bu gün də mövcuddur. Onu guya ki, müdafiə edən destruktiv xarakterli siyasi müxalifət isə bu kimi məsələləörin üzərində özünə xas olan teatral səhnə dekorasiyaları qurmaqda davam edir. Əgər bu gün onun hədəfində “SƏS” qəzeti və dövlətdən maliyyə dəstəyi alan digər mətbuat qurumları varsa, demək o növbəti sifarişi həyata keçirməyə başlayıb. Belə fərdlərə əqidəsini dəyişənlə yanaşı, həm də reneqat deyilir…

“O, tabeliyində olan jurnalistlərin və diğər əməkdaşların müəllif və digər fundamental hüquqlarını kobudcasına tapdalayan bir zavallıdır”

Azərbaycanda çalışan kifayət qədər televiziyaçılar, teleşünaslar var ki, Qulu Məhərrəmlinin zamanında plagiatlıqla məşğul olduğunu deyiblər. Onlardan biri də tanınmış jurnalist-publisist Rauf Rəcəbovdur. Onun vaxtilə (2016-cı ildə) Qulu Məhərrəmli haqqında irəli sürdüyü fikirləri də kifayət qədər maraq doğurur. Ondan bəzi sitatları gətirib, oxucularımıza xatırladırıq: "Bu "ağıldan bəla araşdırmaçı" getdiyi ölkələrdə aldıgı və ya əldə etdiyi kitabları AzTV-nın əməkdaşı Salar Aslanova tərcümə etdirərdi. Sonra Q.Məhərrəmli həmin hissələri öz beyninin məhsulu kimi kitablarına daxil edirdi. Burada söhbət iqtibasdan və yaxud istinadlardan getmir. Q.Məhərrəmli başqalarının əqli mülkiyyətinə əməlli-başlı "sahiblənməyi" artıq "şakərə" çevirmişdi. Hətta onunla səfərdə olan həmkarlarından biri "kitabından Tsvekin iyi gəlir" sözünü Qulunun üzünə söyləyəndə, o, bu ifşanı malalamağa çalışmışdı. AzTV sədrinin keçmiş müavini Vaqif Ağayevin danışdığı əhvalat isə bir şoxlarının yaxşı xatirindədir. Bir dəfə V.Ağayevdən televiziya terminlərinə dair kitab alan Qulu bir müddət sonra onu geri qaytarır. Amma kitabın 20 səhifəsi cırılmış halda... Sonradan Qulunun nəşr olunmuş yeni kitabı V.Ağayevə təqdim olunanda, sədr müavini plagiatlığın şahidi olduğunu deyirdi".

Həmkarımız daha sonra yazmışdı ki, Qulu Məhərrəmliyə artıq "YETƏR!" deməyin zamanı çatıb: "O özü haqqında "demokratik ruhlu", "müstəqil şəxs" imici yaratmağa çalışsa da, onu yaxından tanıyanlar bunun tam tərsinə olduğunu çox gözəl bilirlər. O, tabeliyində olan jurnalistlərin və diğər əməkdaşların müəllif və digər fundamental hüquqlarını kobudcasına tapdalayan bir zavallıdır. Bir sözlə, zəifin qənimi, güclünün kiçiyidir. Əgər beynəlxalq media təşkilatlarında və hüquq müdafiəsi təşkilatlarında bilsələr ki, Qulu Məhərrəmli öz avtomobilini rejissoruna yuduzdurur, bir telejurnalistin ərsəyə gətirdiyi verilişi onun əlindən alıb, mahiyyətindən xəbəri olmayan "adamlarına" verir, işçisini mənəvi işgəncələrə və mənəvi terrora məruz qoyurdu, yəqin ki, beynəlxalq ekspertlər onunla bir sırada dayanmağı özlərinə təhqir hesab edərlər".

Beləliklə, kifayət qədər faktlara əsaslanan Rauf Rəcəbov digər faktları da ortaya çıxarıb: "Onun özündən "dürust insan" obrazı yaratmağa, AzTV-ni "kriminallaşan" bir qurum kimi təqdim etmək cəhdi isə əsl cəfəngiyyatdir. Biz kiçik məmləkətdə yaşayiriq və kimin-kim olduğunu çox gözəl bilirik. İndiyə qədər hansısa jurnalist quru maaşla özünə villa tikdirə, avtomobil ala bilibmi? Əlbəttə ki, yox. Amma əmək haqqının və qonorarın o qədər də yüksək olmadığı AzTV-də çalısarkən Qulu Məhərrəmlinin Badamdarda 4 mərtəbəli villa tikdirdiyi çox adama bəlli idi. Badamdardakı torpaq sahəsi AzTV əməkdaşlarına paylananda, Qulu da bu fürsətdən bəhrələnmişdi. Hazırda Qulunun həmin villani sataraq, goydələn binada 2 mənzil aldığı deyilir. İstər torpaq sahəsinə yiyələnəndə, istərsə də xarici avtomobilinin pulunu "Səhər"in reklamları hesabına ödəyəndə, Q.Məhərrəmli bunun jurnalistika peşəsi ilə bir araya sığmadığını heç yadına belə salmamışdı. Görəsən, "ünlü" telejurnalist cavab verə bilərmi ki, qızlarına mənzili hansı pulla alib?"

Göründüyü kimi, Qulu Məhərrəmlinin "yaradıcılığı" kifayət qədər köklü faktlara söykənir və ƏLAHƏZRƏT FAKT qarşısında onun acizliyini, qorxaqlığını, bütün bunlardan doğan və gizlədə bilmədiyi daxili aqressiyasını də anlamaq olar əslində. Atalar demişkən, soğan yeməmisənsə, için niyə göynəyir, Qulu Məhərrəmli?

Rövşən NURƏDDİNOĞLU

Bütün xəbərlər Facebook səhifəmizdə