Qulu Məhərrəmli özünü və tarixi unudub! TƏRS BAXIŞ

Qulu Məhərrəmli özünü və tarixi unudub! TƏRS BAXIŞ

Yaxud, “SƏS” qəzetinin adı və fəaliyyəti onu niyə xoflandırır?

Təəssüf ki, bu gün Azərbaycanda özlərini "ziyalı" adlandırıb bu ad altında ölkənin möhtərəm zümrəsinin adını batırmağa çalışanlar hazırda da mövcuddurlar. Təbii ki, belə "ziyalıların" ortada var-gəl etmələri, ictimai-siyasi proseslərə öz təbirlərincə münasibət bildirmələri elə-belə deyil, bunun müəyyən tərəfləri var. Daha dəqiqi isə maraqları var. Məsələn, Qulu Məhərrəmli kimi...

Kin və xof tipindəki münasibətlər əslində qəzetimizin mübarizlik ruhunu, dövlətçilik maraqlarının qorunması yolunda külüng vurması istəyini daha da artırır

Bir zamanlar qəzet redaksiyamıza günaşırı şəkildə daban döyən, indi isə adı gələndə belə xoflanan, qorxuya düşən Qulu Məhərrəmlinin özünü “görkəmli jurnalist” kimi ictmai rəyə sırımaq cəhdi şəxsən məni düşünməyə vadar etdi. Məsələ ondadır ki, KİVDF-nin maliyyə ayırdığı mətbu orqanlar arasında “SƏS” qəzetinin də yer alması ilk növbədə, bu qəzetin müstəqil mediamızda adının, yerinin, dəyərinin olması faktıdır. Bu gün Q.Məhərrəmli olmasın, onun kimi qeyrisi olsun – yersiz və əsassız şəkildə “SƏS” hədəfə alma cəhdləri sanki bir ənənəyə çevçrilib. Ancaq bu “ənənə”, yəni kin və xof tipindəki münasibətlər əslində qəzetimizin mübarizlik ruhunu, dövlətçilik maraqlarının qorunması yolunda külüng vurması istəyini daha da artırır. Bu baxımdan, Q.Məhərrəmli bilməlidir, anlamalıdır ki, onun qəzetimizə etdiyi uğursuz “hücumu” ictimai rəyə, oxucu kütləmizə qətiyyən sirayət etməyib. Əksinə, Q.Məhərrəmli burada özünüifşaya yol verib. Bəs nədədir onun özünüifşası?

Əgər Qulu Məhərrəmli həddini aşıb bunu da görməzlikdən gəlirsə, öz səviyyəsizliyini, məzminsuzluğunu daha çox etiraf edir

Biz, elə də uzağa getməyərək, “görkəmli jurnalistin” var-gəllərini onun “SƏS” qəzetinin kuluarlarında verdiyi müsahibələri ilə, dəyirmi masalarda qatılmaq üçün elədiyi müraciətlərini də xatırlada bilərik. Belə olan halda,əgər o iddia edirsə ki, qəzet “məzmunsuzdur”, demək onun özü də bu uğurusz fikri ilə aşkar düşüncəsizliyini, açıq məzmunsuzluğunu ortaya qoyur. “SƏS”in isə dəyərini vaxtilə Ulu Öndər Heydər Əliyev verib, onu “ən əziz qəzet” adlandırıb və “SƏS” qəzeti bu gün ölkə mətbuatında yeganə mətbu qurumdur ki, onun yubileyi münasibəti ilə ölkə başçısı cənab İlham Əliyev təbrik məktubu ünvanlayıb!

Əgər Q.Məhərrəmli həddini aşıb, bunu da görməzlikdən gəlirsə, öz səviyyəsizliyini, məzminsuzluğunu daha çox etiraf edir, özü də bilmədən.

Belələri başa düşməlidirlər ki, “SƏS” qəzetinə qarşı nə qədər çox “buynuz” çıxaracaqlarsa, bir o qədər daha ağır zərbələrə, cavablara məruz qalacaqlar. Bu, təhdid deyil, bu böhtanları və şərləri yerində və zamanında cavablandırma haqqımızdır!

Qulu Məhərrəmli kimi “görkəmli jurnalistlər” isə getsinlər dəyərsiz, reketçi saytlarda nə qədər istəyirlərsə həmdən-həmə, dəmdən-dəmə mızıldansıznar

“SƏS” qəzeti bu gün yalnız qəzet deyil, həm də TV-si, saytı olan Media Qrupdur ki, öz fəaliyyəti ilə oxucu kütləsinin hörmətini, auditoriyasının rəğbətini qazanıb. Q.Məhərrəmli kimi “görkəmli jurnalistlər” isə getsinlər dəyərsiz, reketçi saytlarda nə qədər istəyirlərsə həmdən-həmə, dəmdən-dəmə mızıldansınlar. Özlərini bu vasitələrlə rüsvay etsinlər.

Yeri gəlmişkən, xatırlatma edə bilərik ki, Q.Məhərrəmlinin zaman-zaman ölkəmizin dövlətçilik maraqlarına qarşı çıxış etməsi faktı dəfələrlə üzə çıxıb. Xüsusilə, radikal, destruktiv müxalifət cinahında tez-tez görünən bu şəxs istədiyi maraqları təmin edilməyəcəyi təqdirdə, dərhal mövqe dəyişkənliyi ilə seçilir. Vaxtilə Azərbaycan Dövlət Televiziyasında mövcud iqtidarı dəstəklədiyini dəfələrlə bəyan edən Qulu Məhərrəmli məlum səbəblər üzündən oradan çıxarılan kimi özünü radikal müxalifətin yanında tapmış olduğunu da dəyərli oxucularımızın diqqətinə çatdıra bilərik. Bunu isə daha bir adla - əqidəsizliklə əlaqələndirə bilərik. Əqidəsizdən isə, nə desən, hansı xəyanəti desən gözləmək olar!

Rüstəm İbrahimbəyov Qulu Məhərrəmliyə hakimiyyətə yiyələnən kimi Az TV-nin sədri postunu verəcəkmiş...

Heç də uzağa getməyərək, 2013-cü ilin prezident seçkilərini xatırlayaq... Həmin ərəfələrdən başlayaraq müxalifətin mədhiyyəçisi rolunu Qulu Məhərrəmli "Milli Şura"nın "simasına" çevrilərək, qurumun o zamankı sədri Rüstəm İbrahiməyovun sözcüsünə çevrilmişdi. Ona bu vəzifəni AXCP sədri Əli Kərimli təqdim etmişdi. Həmişə "adına layiq" iş görən, ucuz, şou xarakterli mədhiyyələri ilə ürəkləri bulandıran Qulu Məhərrəmli adlı subyekt Moskvadan göndərilən paraların qarşısında tab gətirə bilmədi və saxlaya bilmədiyi vicdanını hərraca çıxarddı, nədir ki, həmin vaxtlar Rüstəm İbrahimbəyov Q.Məhərrəmliyə hakimiyyətə yiyələnən kimi Az TV-nin sədri postunu verəcəkmiş və s...

İndi də bənzər hal davam edir. Əqidəsi ingilis bayrağı kimi ora-bura yellənən Q.Məhərrəmli “SƏS”i hədəfə alarkən, özü “SƏS”in hədəfinə düşdü, layiqli cavabını da almaqda davam edəcək, bax bundan qəti şübhə etməsin. Çünki “SƏS” qəzeti bir cinahdadır və heç vaxt öz əqidisəni dəyişməyib, zamanında işlərində nöqsan edən dövlət məmurlarını da, dövlətçilik maraqlarına qarşı çıxan istənilən şəxsi də iti qələmi ilə süngüləyib!

Özünü “görkəmli jurnalist” kimi təqdim etdiyi kimi, Əkrəm Əylislini “Azərbaycanın görkəmli xalq yazıçısı” olaraq cəmiyyətə sırımağa çalışmışdı

Əfsus ki, bu gün Q.Məhərrəmlinin ətrafında ona “qaz” verənlərin bəlkə də çoxu bilmir ki, bu adam Ermənistanda “xalq qəhrəmanı” elan edilmiş, erməni xalqına mədhiyyə yazmış, azərbaycanlıları qəddar, vəhşi kimi təqdim etmiş Əkrəm Əylislini və onun bədnam “Daş yuxuları”nı qaynar şəkildə müdafiə etmişdi, bu gün özünü “görkəmli jurnalist” kimi təqdim etdiyi kimi, Əkrəm Əylislini “Azərbaycanın görkəmli xalq yazıçısı” olaraq cəmiyyətə sırımağa çalışmışdı. Görəsən nəyə görə? Əlbəttə ki, buradakı maraqlarına görə, haradansa alacağı qrantlara görə, erməni puluna görə..!

Beləliklə, Q.Məhərrəmli guya ki, bizə meydan oxumaq istəyir, amma onun oxuduğu şey meydan deyil, bir zarıltıdır, inləmədir, mızıldanmadır – həm də “SƏS”in süngüsündən xoflanma reallığı..!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə