Natiq Cəfərli Cəmil Həsənlini “ağ yuyub, qara sərdi” İTTİHAM

Natiq Cəfərli Cəmil Həsənlini “ağ yuyub, qara sərdi” İTTİHAM

“REAL”çı funksioner “Milli Şura” sədrinin bu addımını zərərli hesab edir

Parlament seçkiləri öncəsi radikal müxalifət daxilində qarşıdurmalar sürətlə davam edir. İstər seçkilərə qatılanlar, istərsə də qatılmayanlar arasında baş verən siyasi duellər bir daha sübut edir ki, düşərgə həqiqətən də çıxılmaz durumdadır.

Bu arada, “Milli Şura”nın sədri Cəmil Həsənlinin özündən növbəti siyasi hoqqabazlıq sərgiləyərək, guya ki, deputat seçiləcək şəxslərin “siyahısını” tərtib edib, ictimailəşdirməsi elə həmin düşərgənin digər qanadında təmsil olunan şəxslər tərəfindən də sərt şəkildə qınanılıb.

“Milli Şura” özü seçkilərdə iştirak etmir və yanlış olaraq da insanların seçkilərə marağının azalmasını, seçkiyə qatılmamalarını istəyir”

SİA xəbər verir ki, “REAL” partiyasından namizədliyini irəli sürmüş icra katibi Natiq Cəfərliyə görə, C.Həsənlinin iddiasına özünəməxsus cavab verib: “Məni şəxsən üzən məsələ ondan ibarətdir ki, indi bu siyahını yayan adam-“Milli Şura”nın sədri özü iki dəfə deputat olub. İndi onun siyahı yaymasından onun özünə sual ünvanlayıram ki, əgər indiyə qədər seçkilər sizin dediyiniz kimi keçirilibsə, etiraf etmisinizmi siz də iki dəfə deputat mandatını saxta yolla almısınız?”

“REAL”çı funksioner nə C.Həsənlinin, nə də sədri olduğu qurumun seçkilərə qatılmadığı halda, belə bir oyunbazlıq sərgiləməsini yolverilməz adlandırıb və iddia edib ki, bu addım həm də insanların seçkiyə inamlarının azaldılması üçün atılan təxribat addımıdır: “Milli Şura” özü seçkilərdə iştirak etmir və yanlış olaraq da insanların seçkilərə marağının azalmasını, seçkiyə qatılmamalarını istəyir. Məlum siyahını da yaymaları insanlarda seçkiyə inamı azaltmaq, insanların seçkiyə getməsinin qarşısını almaqdır”.

“Özünü müxalifət adlandıran marginallaşmış qrupun bu hərəkəti çox üzücü mənzərədir”

“Bu, çox yanlış və zərərli fəaliyyətdir”, deyən “realçı”ya görə, belə çıxır ki, həmin təşkilat və onun sədri ölkədə demokratiya istəmir: “Çünki seçicilərin seçkidə aktivliyinin yüksək olmasının özü demokratiya nümunəsidir. Boykotçular insanları seçkidən soyutmağa çalışırlar. Məlum addımları ilə həm demokratiyaya zərbə vururlar, həm də seçicilərə hörmətsizlik edirlər. Sanki mesaj verirlər ki, Azərbaycanda vətəndaş, seçici yoxdur, seçicidən heç nə asılı deyil və sair. Özünü müxalifət adlandıran marginallaşmış qrupun bu hərəkəti çox üzücü mənzərədir. Həmin marginallaşmış qrup qarşısına məqsəd qoyub ki, seçkidə vətəndaş aktivliyi aşağı düşsün. Yumşaq desək, bu, ən azından təəssüf doğurur”.

Nəticə isə budur – artıq düşərgədə doğru ilə yanlışlıqlar göz önündədir və hətta onun digər qanadını təmsil edənlər də, reallığı görür, dərk edirlər. Hər halda, seçkilər öncəsi bu prosesə pəl vurmağa çalışanlar layiqli cavablarını almaqdadırlar.

Rövçən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə