Xocalı qaçqınları beynəlxalq təşkilatların ikili standartlarına qəti etiraz edirlər

Xocalı qaçqınları beynəlxalq təşkilatların ikili standartlarına qəti etiraz edirlər
"Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin tədbirlər planına uyğun olaraq 31 mart Azərbaycanlıların Soyqırımı günü ilə əlaqədar Xəzər rayonundakı "Mərdəkan" Mədəniyyət Sarayında ədəbi-bədii gecə keçirilib. Tədbir iştirakçıları öncə soyqırım faciəsinə həsr olunan sərgi ilə tanış olublar. Daha sonra tədbir sarayın böyük zalında açıq elan edilib.

SİA-nın məlumatına görə, Respublikamızın ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı şəhid olan soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin aparıcısı, Xocalıdan məcburi köçkün Ayna Quliyeva düşmənlərimiz tərəfindən zaman-zaman xalqımızın başına gətirilən bəlalardan danışıb. Birliyin sədri, müharibə vetiranı, "Tərəqqi" medalına layiq görülən jurnalist Şamil Sabiroğlu XX əsrin əvvələrində və sonlarında daim daşnakların havadarlığı ilə dədə-baba torpaqlarımıza təcavüz edən, oğul və qızlarımızı girov götürərək öldürən, işgəncələrə məruz qoyan ermənilərin hələ də cinayət məsuliyyətinə cəlb olunmamalarını beynəlxalq təşkilatlar üçün yaxşı olmayan hal adlandırıb.

Natiq BMT Təhlükəsizlik Şurasının 1973 saylı Qətnaməsinə uyğun olaraq Liviyada aparılan beynəlxalq əməliyyatlara toxunub. Qarabağda işğalçılıq siyasəti aparan Ermənistan Silahlı Qüvvələrinin bölgədən çıxarılması üçün BMT-nin 4 Qətnaməsinin icra olunmamasını beynəlxalq təşkilatlar üçün təhqiredici amil olduğunu qeyd edib.

Bakı Humanitar Kollecinin tələbələri Qarabağa, Xocalıya həsr olunan ədəbi-bədii kompozisiya ilə tədbir iştirakçıları qarşısında çıxış ediblər. Kollecin müəllimi İmran Vahabovun rəhbərliyi altında hazırlanan kompozisiya dəfələrlə alqışlara səbəb olub. Sonda Birliyin sədri, Ş.Sabiroğlu ədəbi-bədii gecənin hazılanmasında əziyyət çəkənlərə, xüsusən də Bakı Humanitar Kollecinin müəllim və tələbələrinə öz minnətdarlığını bildirib. Tədbir "Azərbacan əsgəri!" marşı ilə sona yetib.

Bütün xəbərlər Facebook səhifəmizdə