Yaxud, 1993-cü ildən indiyədək biabırçı seçki məğlubiyyətlərinə uğrayan radikalların gerçək üzü
Sirr deyil ki, uzun illərdir dağıdıcı müxalifət qalmaqallarla gündəmdə qalmağa müxtəlif və çoxsaylı cəhdlər göstərir. Lakin fakt budur ki, xarici havadarları vasitəsi ilə müxtəlif siyasi oyunbazlıqları da radikallara heç bir siyasi üstünlüklər vermir. Əksinə, daxili didişmələr və qarşıdurmalar artır, ambisiyalar uğrunda savaşlar daha da şiddətlənir. Əslində, bu kimi halların digər səbəbi dağıdıcı müxalifət partiyalarında daxili islahatların keçirilməməsi və partiyaların yeni təşəbbüslərlə çıxış etməmələridir. Bunun da nəticəsi olaraq, müxalif partiyalar öz elektoratını, sosial və siyasi resurslarını tamamilə itiriblər. Bəziləri də artıq seçki kampaniyası aparmağa gücləri çatmadığına və özünəinamsızlıqlarına görə, güya seçkiləri boykot edirlər və ya seçkilərə qatılanlar müxtəlif bəhanələrlə, şər-böhtan vasitələri ilə qarşılaşacaqları məğlubiyyət reallığını pərdələməyə cəhdlər göstərirlər.
Siyasi savadsızlıq və səbatsızlıq gerçəkliyi
Nəticədə yenə də rüsvayçı durumdan kənara çəkilə bilmirlər. Onlar bununla etiraf edirlər ki, siyasi savadsızlıq və səbatsızlıq bilavasitə boylarına biçilmiş reallıqdır. Çünki seçkinin taleyini ayrı-ayrı partiyalar və şəxslər deyil, xalq müəyyənləşdirir. Xalqın isə belələrinə inamları çoxdan tükənib.
Daha bir fakt budur ki, tükənməyən və uzun illərə söykənən AXCP-Müsavat qarşıdurması müxalifətin parçalanmasını və zəif düşməsini şərtləndirən əsas amillərdəndir. Partiyadaxili savaşdan əlavə, bu iki partiya illərdir bir-birini sıradan çıxarmaqla məşğuldur. Mövzunun köhnəlmiş və çeynənmiş olmasına rəğmən, hər iki partiyanın rəhbərliyi hələ də qarşı tərəfi "satqın" ittihamı ilə atəşə tutur. Hər iki tərəf yenə də "satqınlıq", "xəyanətkar" ittihamı səbəbindən qarşı-qarşıya dayanıb. Misal üçün, qısa tarixi ekskur vasitəsilə 1998-ci il prezident seçkiləri dövrünü götürək. Xatırladaq ki, həmin ərəfələrdə müxalifət "SİDSUH" adlanan təşkilatda birləşmişdi. Lakin AXCP və Müsavat "vahid namizəd" məsələsində ümumi fikrə gələ bilmədi, nəticədə, qarşılıqlı ittihamlar ifrat həddə qədər inkişaf etdi. Nəhayət, biri digərinə güzəştə getməyən hər iki siyasi partiya bir-birini hakimiyyətə işləməkdə suçlayaraq, "boykot" taktikasını seçdi. Bununla da, "SİDSUH" adlı qurumun fəaliyyətinə son qoyulmuş olur.
"SİDSUH" - parçalanmanın əsasını qoyan "hərəkat" kimi müxalifətin rüsvayçılıq tarixinə yazıldı. Ənənəvi düşərgəni təmsil edən bir sıra digər partiyaların da cəmləşdikləri “DUH”, “MKM”, "Demkonqres", "Azadlıq", “Bizim Azərbaycan”, “Qarabağ” və digər seçki blokları, eləcə də birlikləri də eyni aqibəti yaşadılar. Beləliklə, illər boyu bu düşmən və bir-birilərinə patoloji nifrət edən parityaları son nəticə etibarilə guya "Milli Şura" bir araya gətirib çıxardı – dağılmış “İctimai Palata”dan sonra...
Fevralın 9-da keçiriləcək parlament seçkilərindən sonra bu gerçəklik özünü daha geniş siyasi diapazonda təsdiq edəcək
Heç də təsadüfi deyil ki, 1993-cü ildən indiyədək keçirilən bütün seçki proseslərində həmin qüvvələr biabırçı məğlubiyyətlərə uğrayıblar. Artıq məğlubiyyətləri ilə barışan AXCP-Müsavat başbilənləri Avropadan gələn ianənin azlığını nəzərə alıb, alver taktikalarını dəyişiblər. Yeni mühacir biznesinə girişiblər. Bununla bağlı hazırkı dövrə qədər bir çox maraqlı fikirlər də səsləndirilib. Məsələn bəlli olub ki, dağıdıcı müxalifətin zaman-zaman keçirməyə cəhd göstərdikləri icazəli, yaxud icazəsiz etiraz aksiyaları onların heç də siyasi iddialarını təşkil etmək üçün düşünülməyib. Onlar bununla mühacir biznesini genişləndirmək istəyirlər. Çünki etiraz aksiyalarında yeni şəkillər çəkəcəklər və arayışlar alacaqlar. Birmənalı olaraq, qənaətə gələ bilərik ki, müxalifətin bu etiraz aksiyaları xaricdən sığınacaq almaq üçün nəzərdə tutulub və ötən ilin sonlarından başlayaraq, bu barədə kifayət qədər materiallar ictimaiyyətin diqqətinə çatdırılıb. Beləliklə, “müxalifətin” dırnaqarası “varlığı” olsa da, onun nə siyasi, nə sosial nə də başqa məzmunlarda dövlətə, xalqa heç bir səmərəsi olmayıb, yoxdur və olmayacaq da. Hətta xarici havadarları belə, onlardan istədikləri qədər yararlana bilmir. Çünki belə dırnaqarası siyasi təşkilatlar həm də xalqdan təcrid olunmuşlardırlar. Xalq isə hakimiyyətin, dövlətin yanındadır. Məhz bu fakt radikalların siyasi ölüm prosesini sürətləndirir. Fevralın 9-da keçiriləcək parlament seçkilərindən sonra bu gerçəklik özünü daha geniş siyasi diapazonda təsdiq edəcək.
Rövşən NURƏDDİNOĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB