Müxalifət Bəxtiyar Hacıyevin “birləşmək” təklifini rədd edir QARŞIDURMA

Müsavatçılarla “realçılar” bir-birləri ilə savaş apararkən, digər müxalifətçilərə qarşı da çıxırlar

Müxalifətçi namizəd Bəxtiyar Hacıyevlə “ReAl” və Müsavat partiyaları arasında kəskin qarşıdurma yaşanmaqdadır. Belə ki, müvafiq seçki dairəsində bitərəf və hakimiyyət namizədlərinə qarşı birləşmək təklifini önə sürən B.Hacıyev nəticədə rədd olunub. Daha dəqiq desək, hə iki müxalifət partiyası ona qarşı kampaniya aparmağa başlayıblar.

Hacıyev bəzi müxalif dairələrdən müəyyən dəstək aldığını da etiraf edib, amma əsas zərbəni məhz Müsavatla “ReAl”a, onların “liderlərinə” endirib

Maraqlısı da budur ki, “realçılarla” müsavatçılar bir arada B.Hacıyevə qarşı çıxmaqla yanaşı, həm də bir-birləri ilə ən kəskin seçki intriqası yaşamaqdadırlar. Sosial şəbəkələrdə və mediada bu fakt özünü daha çox qabardır. Məhz bu rəddolunmadan sonra, B.Hacıyev müxalifət partiyalarını sərt şəkildə hədəfə alıb, üstəlik onların heç bir resurslarının, şanslarının olmadığını bildirib. SİA xəbər verir ki, sözügedən məsələ mediada da işıqlandırılıb. Misal üçün, V.Hacıyev bildirib ki, müxalifətçi rəqibləri heç bir sistemi iş apara bilmirlər, bu isə onların uduzma reallıqlarını açıq-aydın bəlli edir. Düzdür, Hacıyev bəzi müxalif dairələrdən müəyyən dəstək aldığını da etiraf edib, amma əsas zərbəni məhz Müsavatla “ReAl”a, onların “liderlərinə” endirib.

Bəxtiyar Hacıyev: “Seçkidən sonra bu partiyalarla bağlı fikirlərimi geniş yazacam”

“Bir neçə namizəd və partiya müsbət cavab verib”, deyən müxalifətçi fəal bildirib: “Ancaq şansı, resursları, təşviqatı çox zəif olan, təşviqatın təxminən 10 günündə heç bir sistemli iş aparmayan, bunu bildikləri halda ümumi və ölkə maraqlarını yox, dar partiya maraqlarını güdərək addım atanlar da olur. Seçkidən sonra nəticələr açıqlansın, bu partiyalarla bağlı fikirlərimi geniş yazacam”.

Onu da xatırladaq ki, B.Hacıyevin təklifini rədd edən hər iki partiya hələ ki, onn ittihamlarına cavab verməyib. Ancaq gözləniləndir ki, qısa zamanda, xüsusilə seçkilərdən sonra tərəflər arasındakı qarşıdurma şiddətlənəcək. Hər halda, buna bənzər məsələlər, yəni müxalifətçi namizədlər arasındakı qarşıdurmalar digər seçki dairələrində də müşahidə olunmaqdadır.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə