"Davos Forumu Azərbaycanın öz sözünü deməsi üçün çox vacib məkandır" ÖZƏL-MÜNASİBƏT

"Yanvarın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfər edib. Ümumiyyətlə isə demək istərdim ki, Davos Forumu dünya miqyasında çox əhəmiyyətli bir Forumdur". Bunu SİA-ya politoloq İlqar Vəlizadə deyib.

"Bu səfər bir növ onu göstərir ki, mötəbər təşkilat Azərbaycanla münasibət qurmağa, əməkdaşlıq etməyə xüsusi önəm verir. Digər tərəfdən bu Forum dünya biznes liderlərinin, ölkə başçılarının toplandığı yerdə Azərbaycanın öz sözünü deməsi üçün çox vacibdir. Eləcə də bu Forum faydalı kontraktların, müqavilələrin, əməkdaşlıqla bağlı konkret addımların atılması üçün mühüm əhəmiyyətə malikdir. Dünya İqtisadi Forumu da onu göstərdi ki, biz bundan yararlanmışıq. Dövlət başçımız orada bir çox mühüm görüşlər keçirib. Cənab İlham Əliyev mötəbər maliyyə qurumlarının, neft şirkətlərinin, bizlə əməkdaşlıq edən ölkələrin rəhbərləri ilə görüşüb. Bu görüşlər əsnasında müqavilələr imzalanıb və qərarlar qəbul olunub. Onlar Azərbaycanı hal-hazırda regionun ən aparıcı dövləti və eyni zamanda aparıcı bazarı olaraq tanıyırlar. Azərbaycanla münasibət quran tərəflər, ölkələr bir növ çalışırlar ki, təkcə Azərbaycanda yox, regionda öz yerlərini möhkəmləndirsinlər. Artıq “Procter and Gamble Europe” şirkəti regional mərkəzini Bakıda açacaq, “Carlsberg Group” şirkəti Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətindədir və s. Bütün bunlar ona görədir ki, burada açılan regional nümayəndəlik imkan verəcək ki, həmin o qurumlar digər regionda fəaliyyət göstərsinlər və nüfuzunu artırsınlar"-deyə, fikrini tamamlayıb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə