Ombudsman E.Fətullayevin digər cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı ədliyyə nazirinə müraciət edib
Azərbaycan Respublikasnın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 1 saylı cəzaçəkmə müəssisəsində (CÇM) öz ərizəsinə görə kamerada tək saxlanılan Eynulla Fətullayevlə bir daha görüşmüş, onun vəziyyətini araşdırıblar.
Ombudsman Aparatından SİA-ya verilən xəbərə görə, məhkum 1 saylı CÇM-in rəhbərliyi və əməkdaşlarının ona qarşı rəftarından şikayət etməyib. Eyni zamanda o, Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında (BİT) saxlanıldığı zaman təzyiqlərə məruz qaldığını bildirmiş, habelə təhlükəsizliyinin təmin edilməsini əsas gətirərək, 9, 11 və ya 15 saylı cəzaçəkmə müəssisələrinə köçürülməsini xahiş edib.
Aparatın əməkdaşları E. Fətullayevə bildiriblər ki, Ombudsman onun vəziyyətini diqqətdə saxlayır. Belə ki, E. Fətullayevin adı çəkilən istintaq təcridxanasında üzləşdiyi təzyiqlərlə əlaqədar müraciəti üzrə bu günlərdə Ombudsman Aparatının əməldaşları Müvəkkilin tapşırığına əsasən, BİT-də bir daha araşdırma aparmış, vaxtilə baş redaktorla bir kamerada saxlanılmış və onun istinad etdiyi məhkumla təkbətək söhbət ediblər. Araşdırma nəticəsində həmin məhkum istintaq təcridxanasında E. Fətullayevə qarşı qanunsuz hərəkətin, təzyiq göstərilməsinin şahidi olmadığını söyləyib.
Həmçinin baş redaktorun ciddi rejimli cəzaçəkmə müəssisələrində təhlükə ilə üzləşməsi ehtimalı olduğunu bildirməsi və 9 saylı CÇM-ə köçürülməsində kömək göstərilməsi xahişinə əsasən, Müvəkkilin Ədliyyə nazirinə məktubla müraciət etdiyi bildirilib. Həmin müraciətdə məsələnin araşdırılması, qanunvericilik çərçivəsində həll edilməsi və nəticəsi barədə məlumat verilməsi xahiş olunub. Ədliyyə Nazirliyindən verilən məlumatda E. Fətullayevin həyatına CÇM-lərdə hər hansı təhlükənin olmadığı bildirilib.
E. Fətullayev Müvəkkilin onun vəziyyətini diqqətdə saxladığına və Ombudsmanın tapşırığına əsasən, səhhəti ilə bağlı Ədliyyə Nazirliyi Baş Tibb İdarəsindən həkimlərin cəlb edilməsinə görə razılığını bildirib.
Hazırda Ombudsman jurnalistin digər CÇM-ə köçürülməsi ilə bağlı xahişinin təmin olunması üçün ədliyyə nazirinə məktubla müraciət edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB