Uruqvaylı nazir: Ölkələrimiz arasında ikitərəfli münasibətlər yüksək səviyyədə davam edir

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və Uruqvay Şərq Respublikasının Xarici İşlər naziri Rodolfo Nin Novoa iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktublarının mübadiləsini həyata keçiriblər.

SİA xəbər verir ki, nazir Elmar Məmmədyarov məktubunda Azərbaycan ilə Uruqvay arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə həmkarı Rodolfo Nin Novoanı təbrik edib. Məktubda Elmar Məmmədyarov ötən 25 il ərzində uğurlu siyasi dialoq, ticarət əlaqələri və mədəni mübadilələr də daxil olmaqla, bir çox sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün möhkəm təməlin qoyulduğunu bildirib. Qeyd olunub ki, 2014-cü ildən etibarən Uruqvayda Azərbaycanın daimi diplomatik nümayəndəliyinin fəaliyyət göstərməsi ikitərəfli münasibətlərin daha da inkişafına yardım edib.

E.Məmmədyarov Azərbaycanda da Uruqvayın diplomatik nümayəndəliyinin təsis olunmasının müxtəlif sahələrdə, xüsusilə enerji, kənd təsərrüfatı, turizm sahələrində əməkdaşlığın daha çox inkişafına təkan verə biləcəyini vurğulayıb. Təbrik məktubunda Uruqvayın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair həmin ölkənin Xarici İşlər Nazirliyinin 26 aprel 2019-cu il bəyanatında əks olunmuş mövqeyi yüksək qiymətləndirilib.

Nazir Elmar Məmmədyarov hər iki xalqın rifahı naminə mövcud çoxşaxəli əlaqələrin gələcəkdə daha da inkişafı üçün birgə səylərin davam etdiriləcəyindən əmin olduğunu ifadə edib.

Nazir Rodolfo Nin Novoa azərbaycanlı həmkarına ünvanladığı məktubda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə səmimi təbriklərini çatdırıb. O, ötən ilin may ayında Bakıda keçirilmiş V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirakı çərçivəsində həmkarı Elmar Məmmədyarovla keçirilmiş görüşə istinadən qeyd edib ki, hazırkı mərhələdə ölkələrimiz arasında ikitərəfli münasibətlər yüksək səviyyədə davam edir. Qət olunmuş yol xalqlarımız arasında ortaq dəyər və prinsiplərə əsaslanan və inkişaf edən dostluğu, eyni zamanda, gələcəkdə siyasi, iqtisadi və mədəni əlaqələrimizi dərinləşdirmək üçün açılacaq imkanları nümayiş etdirir.

Uruqvaylı nazir, habelə qeyd edib ki, Azərbaycan bundan sonra da xalqlarımızın rifahı naminə konstruktiv, praqmatik və məsuliyyətli fəaliyyətin davam etdirilməsi yoluna Uruqvayın sadiq qalacağına əmin ola bilər. Qeyd edək ki, Azərbaycan ilə Uruqvay arasında diplomatik münasibətlər 1995-ci il yanvarın 11-də qurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...