"Qorbaçovdan Nobel sülh mükafatını geri almaq hələ də gec deyil" - MÖVQE

20 yanvar faciəsi yanvarın 19-dan 20-nə keçən bir hadisə deyildi. 20 Yanvara Sumqayıt hadisələrindən başlayan və Xocalıda davam edən bir hadisə kimi baxmaq lazımdır. SİA-nın məlumatına görə, bunu bu gün ADA Universitetində 20 yanvar faciəsinin 30 illiyinə həsr edilmiş tədbirdə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı etnik təmizləmə prosesi həyata keçirilib: "Bu proses Dağlıq Qarabağda da həyata keçirilib. Məhz Heydər Əliyevin sovet rəhbərliyindən uzaqlaşdırılmasından sonra bu proseslər həyata keçirildi. 20 Yanvara hərbi nöqteyi-nəzərdən də baxmaq lazımdır. Bakının yad şəhər kimi işğalı kimi bir plan hazırlanmışdı. Tank və digər ağır texnikalardan istifadə edildi, yalnız artilleriya çatmırdı. Məqsəd insanları küçələrdə kütləvi şəkildə öldürmək idi".

Şöbə müdiri vurğulayıb ki, bu proses həm də informasiya blokadası şəraitində həyata keçirilib: "Xarici jurnalistlərin akkreditasiyası Moskvaya idi və onlar Bakıya buraxılmamışdılar. Çox az sayda jurnalist fədakarlığı nəticəsində Heydər Əliyevin Azərbaycan nümayəndəliyinə gedəndən və orada mətbuat konfransı keçirəndən sonra beynəlxalq mediada fərqli mənzərə yarandı. Beynəlxalq mediada qeyd edildi ki, Bakıda faciə törədilib. Bütün bunlara baxmayaraq oktyabrın 15-də Mixail Qorbaçova Nobel sülh mükafatı verildi. Qorbaçovdan Nobel sülh mükafatını geri almaq hələ də gec deyil. Sovet hökumətinin istəyi Azərbaycan xalqının iradəsini qırmaq idi. Ancaq bu, mümkün olmadı. Biz müstəqilliyə nail olduq. Biz müstəqilliyimizi qorumalıyıq. Müstəqilliyin qorunması çətin vəzifədir. Müstəqilliyimizin qorunması uğur hekayəsidir və Azərbaycan bir uğurdan digərinə keçir. Biz qürur duyuruq ki, 20 Yanvarda şəhidlərimiz müstəqilliyimiz uğrunda şəhid olublar".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə