Qurumda AXCP sədrinə qarşı qəzəb yaranıb
Kimsəyə sirr deyil ki, yarandığı dövrdən daxilində çaxnaşmalar, qarşıdurma və ziddiyyətlər yaşayan və əsasən, xarici dairələrdən təlimatlar alaraq, AXCP sədri Əli Kərimlinin dirijor çubuğu ilə idarə olunan “Milli Şura” hazırkı dövrə qədər dəfələrlə istefalara məruz qalıb. Buna olan ilk səbəb isə, əlbəttə ki, AXCP-nin bu qurumu öz maraqlarının girovuna çevirməsi olub.
Yeri gəlmişkən, bu qurumun sözdə “fəxri sədri” hesab olunan, lakin orayla bütün əlaqələrini pozan kinodrammaturq Rüstəm İbrahimbəyovun bir fikrini xatırlatmaq yerinə düşərdi. Etirafda bulunan İbrahimbəyov deyib ki, hələ “Milli Şura”nı yaradanda bildirdi ki, bu birləşmədə bir sünilik var, yəni “Milli Şura” amorf bir qurumdur.
Məsuliyyət AXCP sədrinin boynundadır!
Məhz bu reallıq sonradan göstərdi ki, müsavatçıların və ayrı-ayrı şəxslərin ardıcıl surətdə “Milli Şura”nın qapısını çöldən və sədrt şəkildə çırpıb-getmələri prosesi hazırkı məqamda da davam edir. Maraqlısı da budur ki, istefa verənlər demək olar ki, eyni ittihamlarını səsləndirirlər. “Milli Şura”da yaranan böhranlı vəziyyətə görə, AXCP-nin məsuliyyət daşıdığını bildirən narazılar qurumda dominantlıq iddiasının, başqalarının maraqlarına qarşı addımın atılmasının bu birliyin missiyasını dağıtdığını bəyan edirlər. İstər Müsavatın sabiq başqanı İsa Qəmbər, istər Eldar Namazov, istər Rəsul Quliyev, istər Sülhəddin Əkbər, istər Qələndər Muxtarlı və İsgəndər Həmidov, istərsə də digərləri bənzər ittihamları ilə birbaşa Ə.Kərimlini hədəfə alıblar.
Söz yox ki, həmin qəzəb gec-tez yenidən püskürəcək
Misal üçün, Müsavat partiyasının eks-başqanı İ.Qəmbər yaxşı başa düşürdü ki, Ə.Kərimli bir vaxtlar AXCP sədrinin müavini olmuş Cəmil Həsənlini qurumun başına gətirməklə, “Milli Şura”nı öz maraqlarını girovuna çevirir. Ona görə də, az müddət sonra oranı tərk etdi.
Bir neçə il öncə, AMDP də bu reallığı diqqətə alaraq, “Milli Şura” ilə vidalaşdı və Ə.Kərimli ilə yollarını ayırdı. Necə deyərlər, cidanı çuvalda gizdətmək də mümkün deyil. Bu gün “Milli Şura”da AXCP-yə, daha doğrusu özünü “lider” kimi zorla ictimai rəyə sırımağa cəhdlər göstərən Ə.Kərimliyə qarşı bir qəzəb var. Söz yox ki, həmin qəzəb gec-tez yenidən püskürəcək. Gedənlərin və bundan sonra da gedəcək şəxslərin münasibətləri də məhz bu məsələnin göstəricisidir.
Rövşən RƏSULOV
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB