Afrikalıların ehtiras və ambisiyalarının cəhənnəmi TƏHLİL

Afrikalıların ehtiras və ambisiyalarının cəhənnəmi TƏHLİL

Liviyada uzun müddətdir davam edən müharibəni heç cür dayandırmaq mümkün olmur. Moskvadakı danışıqlarda üsyançı Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftar Baş nazir Faiz Sarajın rəhbərliyi ilə beynəlxalq səviyyədə tanınan bir hökumətlə atəşkəs müqaviləsi bağlamaqdan imtina belə edir. O, əslində müharibəni dayandırmaq üçün beynəlxalq vasitəçilərin uzunmüddətli cəhdlərinə də məhəl qoymur və qoşunların paytaxt Tripoliyə hücumlarını davam etdirir. Dünya birliyinin illərdir ki, müharibə edən tərəfləri barışdıra bilmədiyi, Rusiya və Türkiyənin niyə bu prosesə qoşulduğu və nəhayət ölkədə sülhün bərqərar olması üçün nələrin baş verəcəyi həqiqətən də düşündürücü məqamlardır.

Əbədi müharibə qorxusu

Müəmmər Qəddafi rejiminin devrilməsindən, daha dəqiq desək, 2011-ci ildən bəri Liviya bölünməkdə, parçalanmaqda davam edir və hərcmərcilik bu ölkə üçün xarakterik hal alıb. Sui-qəsddən bir qədər sonra ölkədə vətəndaş müharibəsi başladığı sirr deyil. O dövrdə Liviyada yüksək ömür uzunluğu və aşağı inflyasiya olduğu qəbul edilirdisə, indi bunun belə olmadığı düşünülür. Cəmiyyətdə qəbilə sistemini tanıyan insanlar çox idi, lakin qarşıdurmalar ciddi hakimiyyət böhranı fonunda başladı. Doğrudur, Qəddafi öz hakimiyyəti dövründə müxalifət qəbilələrini hakimiyyətdən məhrum etməyə, sıralarından uzaqlaşdırmağa çox çalışdısa da, görünür buna nail ola bilmədi. Liviyada onların sayı təxminən 140 nəfər idi və belə məlum olur ki, onlardan ən azı 30 nəfər ciddi nüfuzlarını qoruya bildilər. Liderin devrilməsi ilə yenidən hakimiyyət uğrunda mübarizə aparmaq üçün bir növ yeni bir fürsət yarandı.

Belə bir mübaizədə, vətəndaş müharibəsində, 1969-cu ildə kral hakimiyyətinin devrilməsində iştirak edən, Qəddafi tərəfində olan təcrübəli hərbçi Xəlifə Haftar özünü ən qabarıq şəkildə göstərdi. O, uzun müddət, daha dəqiq desək, müharibənin davam etdiyi Çaddada 1987-ci ildə əsir düşənə qədər baş nazirin yaxın adamlarından olub. Liviya hərbi qüvvələrinin qonşu ölkədəki vəziyyətə müdaxiləsindən sonra hərbiçi keçmiş müttəfiqindən üz döndərərək, ABŞ-a qaçıb, orada yaşayıb və 2011-ci ildə yenidən ölkəyə qayıdıb.
Vətəndaş müharibəsinin başlaması ilə general özünü üsyançıların baş komandiri elan etməyə bir neçə dəfə cəhd etsə də, əvvəlcə uğursuzluqla qarşılaşıb. Sonralar ölkənin şərqində etibar qazanaraq, burada 2014-cü ildə “azadlıq əməliyyatı” həyata keçirməyə başlayıb. Tədricən Liviyanın bir hissəsini, həmçinin parlamenti ələ keçirib, özünə tərəfdarlar cəlb edib. İndi Haftar tərəfində olan qüvvələrinin paytaxtı Tobruk şəhəridir. Nümayəndələr Palatası orada oturur və müvəqqəti hökumət fəaliyyət göstərir. Ölkənin qərbi, Faiz Sarajın hakimiyyəti beynəlxalq səviyyədə tanınsa da, Liviyanın rəsmi paytaxtı Tripolidir.
Dünya birliyi dəfələrlə "barışığı" təmin etməyə və bölünmüş Liviyanı yenidən birləşdirməyə çalışdı. Onların bundan əvvəl son görüşü 2017-ci ilin iyulunda Parisdə Fransa Prezidenti Emmanuel Makron və BMT-nin Liviya üzrə xüsusi nümayəndəsi Hasan Salamenin vasitəçiliyi ilə baş tutdu. Sonra tərəflər atəşkəs rejiminin yaradılması və 2018-ci ilin yazında milli seçkilərin keçirilməsi barədə razılığa gəldilər. Ancaq “barışıq” yalnız Saraj və Haftarın Parisdə olduğu müddətə qədər davam etdi. Haftarın ambisiyaları özünü çox gözlətmədi və o 2019-cu ilin aprel ayında Tripoliyə hücum elan etdi. Vəziyyət qızışmağa başladı və dünya yenidən iki lideri danışıqlar masasına oturdulmasını vacib hesab etdi. Çünki, təkcə region ölkələri deyil, ümumilikdə bütün dünya ölkələri münaqişənin sonsuza qədər davam edəcəyindən ehtiyat edir. Dünya ictimaiyyəti belə davam etməsindən narahatdır və əbədi müharibə qorxusu hiss olunmaqdadır.

Maneələrlə qaçış

Ötən həftə İtaliya hökuməti, xüsusilə baş nazir Cüzeppe Konte, Romada Haftar və Saraj arasında görüş təşkil etməyə çalışdısa da, ancaq bu da baş tutmadı. Rusiya və Türkiyə danışıqlara kömək etməyə başladı. Ölkə liderləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan yanvarın 8-də İstanbulda görüşərək Liviyadakı vəziyyəti müzakirə etdilər. Nəticədə onlar hər iki tərəfin nümayəndələrini Moskvada danışıqlar üçün toplamaq təklifi irəli sürdülər. Əvvəlcə Haftar Rusiya-Türkiyə təşəbbüsünü rədd etdi. Bir gün sonra o fikrini dəyişdi, Putinin müdaxiləsini xatırlatdısa da, nədənsə Ərdoğanın rolunu bilərəkdən görməməzliyə vurdu. Beləliklə, Ankara və Moskva görüşü hazırlamaq üçün razılıq əldə etdilər.
Liviya nizamlanmasına dair danışıqlar yanvarın 13-də Xarici İşlər Nazirliyində baş tutdu və 10 saatdan çox davam etdi. Rusiya və Türkiyənin xarici işlər və müdafiə nazirləri də danışıqlara qatıldı. Eyni zamanda, Haftar və Saraj birbaşa danışıqlar aparmadılar, Moskva və Ankaranın vasitəçiliyi ilə kifayətləndilər. Həmin ərəfədə Əl Arabiya kanalı ilkin razılaşmanın bəzi məqamlarını yayımladı. Onların arasında türk qoşunlarının Liviyaya köçürülməsinin, terrorçularla mübarizənin, sərhədsiz atəşkəsin tətbiqi və "barışıq hökumətinin" yaradılması ola biləcəyi iddia edildi. Bəzi ərəb KİV-lərinin yaydığı sazişin mətnində tərəflər münaqişənin həllinə məcbur etməkdən imtina etməyə çağırıldı.

Belə bir təəssürat yarandı ki, vasitəçilər tərəfləri danışıqlara dəvət edirsə də, onlar hərhansı bir vasitə ilə danışıqlardan imtina edir, yayınır, bir sözlə qaçır. Qısa şəkildə desək, sadəcə sonda sülh danışıqları maneələrlə qaçış kimi görünməyə başladı. Razılaşmadan əvvəl Haftar tərəfdarlarının fikir ayrılığı özünü biruzə verdi. Saraj və Liviya Ali Dövlət Şurasının rəhbəri Xalid əl-Mişri sənədi imzaladılar, lakin Haftar özü düşünmək üçün səhərə qədər fasilə götürdü. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun "bəzi irəliləyişlər əldə olunduğuna" əminliyinə baxmayaraq yanvarın 14-də o Moskvadan ayrıldı.

İddia olunur ki, Haftar müqavilənin şərtləri ilə tələb olunan hərbi hücumu dayandırmaq istəməyib. Komandirə yaxın mənbələrə görə, onun tələbləri nəzərə alınmadığı üçün sənəd imzalanmayıb. Onun nümayəndələri iddia edirlər ki, saziş ölkəni daha da parçalaya bilər.

Liviyadakı vəziyyət yalnız Rusiyanı və Türkiyəni narahat etmir. Avropa Birliyi, Amerika Birləşmiş Ştatları, Birləşmiş Millətlər Təşkilatı və Ərəb Dövlətləri Liviyadakı ziddiyyətlərdən narahatlıq keçirirlər. Beləliklə, sonuncular hesab edirlər ki, Liviyanın daxili işlərinə hər hansı bir xarici müdaxilənin də qarşısı alınmalıdır. Ağ evdə eyni şəkildə danışılır. ABŞ hökuməti tərəflərin münaqişənin həlli üçün təcili tədbirlər görməli olduğunu bəyan edir.

Liviyaya qonşu olan ölkələr vəziyyətdən xüsusilə narahatdırlar. Qahirədən silah tədarükü barədə xəbərlər meydana çıxıb. Noyabr ayında Liviyada S-130 hərbi yük təyyarəsi görünüb və ehtimal olunur ki, bu, Misir tərəfində hərəkət edir. Liviya münaqişəsinin səbəb olduğu problemlərdən danışan Xarici İşlər Naziri İbrahim Hassan Tahın sözlərinə görə isə, Liviyanın cənubunda olduğu iddia edilən Sudan milisi özü də xüsusi bir təhdiddir.

Zor və güc tətbiqi sülh, sakitlik gətirə bilməz

Ümumiyyətlə, beynəlxalq ictimaiyyət Liviyadakı hərbi ssenarinin daha tez bitməsini istəyir. Bu fikir Fransa Xarici İşlər Nazirliyində də ifadə edilib. Parisdə bəyan edildi ki, tərəflərdən birinin zorla, güc tətbiq edilməsi ilə qələbəsi siyasi bir nizamlanmanın əksinə olaraq sülh, sakitlik gətirə bilməz.

Bununla yanaşı, əgər Rusiya və Türkiyə sadəcə vasitəçilik etmək əvəzinə Liviyaya birbaşa yardım etmək qərarına gəlsələr, münaqişə yeni bir dövrə başlaya, yeni mərhələyə keçə bilər. Beləki, vəziyyət gərginləşə və Afrika ölkəsi Moskva ilə Ankara arasında müharibə meydanına çevrilə bilər. Xatırladaq ki, Rusiya öz hərbi texnikasını xaricə ixrac edir. Türkiyənin özü isə rəqibinə S-400 Triumf hava hücumundan müdafiə sistemi almaq üçün müraciət edir. Bütün bunlarla yanaşı, Türkiyə hərbçiləri Liviyaya daha yaxındırlar. Bir sözlə tərəflərin hər birinin öz üstünlükləri var və qarşıdurma heç də arzuolunan deyil.

Liviyalıların öz burunlarının önündə baş verənlər barədə özlərinin nə düşündüklərinin söyləmək çətindir, baxmayaraq ki, onların bir çoxunun muzdluları açıq şəkildə qaddarlıq, kobudluq nümayiş etdirirlər. Döyüşlərin əks oldunduğu videodakı şərhlərdə "Ey Putin itləri, Liviya sizin qəbiriniz olacaq!" yazırlar. Parçalanmış hökumətin nümayəndələri də münaqişəyə müdaxilə etmək istəyənləri hədələyirlər. Liviya ordusunun sözçüsü Məhəmməd Qnunu özü də, "Tezliklə vətənimizə qarşı döyüşən bütün muzdlular üçün cəhənnəm gələcək" deyib.

Barışıq cəhdlərinə baxmayaraq Liviya müharibəsinin sonu hələ görünmür. Bu mərhələdə beynəlxalq təşkilatlar hətta Liviya iqtisadiyyatı haqqında məlumat da toplaya bilmirlər. Sadəcə etiraf edilməlidir ki, etibarlı məlumat yoxdur. Dünya Bankının məlumatına görə, Liviyadakı münaqişə 2016-cı ildə yenidən iqtisadi çöküşə səbəb olub. Qarşıdurma müddətində, yalnız beş il ərzində neft hasilatı dörd dəfə azalıb. ÜDM ən azı iki dəfə aşağı düşüb. İlkin ehtimala görə, hər il Liviyada 14 mindən 30 minə qədər insan ölür. İnsan tələfatı ilə yanaşı, 150 mindən çox insan ölkəni tərk etmək məcburiyyətində qalır. “Cəhənnəmin” artıq çoxdan gəldiyi görünür və bu, yalnız xarici muzdlulara deyil, həm də liviyalıların özlərinə də birbaşa aiddir. İlk növbədə belə bir çətinlikdə onların özləri qalırlar və tələfat da, ölkəni tərk etmək məcburiyyəti kimi təsirlər də birinci növbədə onların özlərinə toxunur.

Qeyd olunduğu kimi regionda daha çox qonşu dövlətlərin narahatlığı özünü aydın şəkildə büruzə verir və bu da tamamilə başadüşüləndir. Çünki, hər bir region ölkəsi yaxınlığında qeyd olunan “cəhənnəmin” olması səbəbindən narahatdır. Afrikalıların ehtiraslarının, ambisiyalarının qurbanı olmağı, bu ehtirasların regionu “cəhənnəmə” döndərməsini də kimsə istəməz.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə