Rusiya: “Qərbin Liviyada vətəndaş müharibəsinə müdaxilə etməsi BMT qərarına ziddir”

Rusiya: “Qərbin Liviyada vətəndaş müharibəsinə müdaxilə etməsi BMT qərarına ziddir”

Rusiya xarici işlər naziri Sergey Lavrov Qərb güclərinin Liviyada vətəndaş müharibəsinə müdaxilə etməsinin BMT Təhlükəsizlik Şurasının 17 mart qərarına uyğun olmadığını açıqlayıb. SİA-nın "İnterfaks" agentliyinə istinadən verdiyi məlumata görə, Lavrov BMT Təhlükəsizlik Şurasında qəbul olunan qərarın dinc insanların itkisinin qarşısını almaq üçün uçuş sahəsinin yaradılmasını nəzərdə tutduğunu söyləyib.

 

Qərarın başqa bir hədəfinin ola bilməyəcəyini deyən Rusiya xarici işlər naziri ölkəsinin BMT qərarının əleyhinə məhz buna görə səs vermədiyini ifadə edib.Təhlükəsizlik Şurasının qərarının yalnız vətəndaşların həyatını qorumaq məqsədini daşıdığını vurğulayan S.Lavrov bildirib ki, burada vətəndaş müharibəsində tərəf olmaq kimi hansısa məqsəd yoxdur.

 

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası qərarına Rusiya və Çinlə birlikdə 5 ölkə bitərəf qalıb. Veto hüququna malik olan Rusiyanın belə bir mövqe sərgiləməsi Moskvanın da Liviya əməliyyatını dəstəklədiyi şəklində şərhlərə yol açıb.

 

Liviyada müharibənin uzunmüddətli olacağını düşünən Moskva hava əməliyyatının da uğurlu ola bilməyəcəyini iddia edir. Rusiya Baş Qərargah rəisi Nikolay Makarov hava əməliyyatından hansı bir nəticə əldə olunmayacağını, Qərb ölkələrin quru əməliyyatları nəzərdən keçirdiklərini ifadə etdi. Makarov qeyd edib ki, Rusiyanın müharibədə tərəf olması, ya da hərbçilərini bu ölkəyə göndərməsi mümkün deyil.

 

Rusiya kəşfiyyatının yüksək rütbəli rəsmilərindən biri isə quru əməliyyatlarının aprelin sonu, ya da may ayının əvvəlində başlaya biləcəyini açıqlamışdı. ABŞ prezidenti Barak Obama isə ölkəsinin quru əməliyyatında iştirak etməyəcəyi ilə bağlı söz verib.

Bütün xəbərlər Facebook səhifəmizdə