YAP Binəqədi rayon təşkilatı «Heydər Əliyev irsinin öyrənilməsi» mövzusunda dərslərə start verib
YAP Binəqədi rayon təşkilatının inzibati binasında Bakı şəhəri üzrə Təhsil İdarəsinin və rayon təşkilatının birgə təşkilatçılığı ilə Binəqədi rayonunda fəaliyyət göstərən tam orta ümumtəhsil məktəblərin şagirdlərinin iştirakı ilə «Heydər Əliyev irsinin öyrənilməsi» mövzusunda dərslərə start verilib.
Dərslərin təşkilində əsas məqsəd Ulu Öndər Heydər Əliyevin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, Onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində Ümummilli Liderin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir.
Tədbirin giriş sözü ilə çıxış edən Binəqədi rayonu 283 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Tünzalə Zeynalova layihə haqqında ətraflı məlumat verib. Qeyd edib ki, Azərbaycan xalqı xoşbəxtdir ki, onun Heydər Əliyev kimi Ulu Öndəri, dünyanın hörmətlə yanaşdığı və qəbul etdiyi Ümummilli Lideri var.
Tədbirdə geniş məruzə ilə çıxış edən YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov bildirib ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var: «Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynayıblar. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi və müdrik dövlət xadimi kimi düşüb. Ümummilli Lider Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Məhz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi o illərdə bugünkü dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı.»
Qeyd edək ki, Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə bağlı müxtəlif mövzuları əhatə edəcək dərslərin tədrisi ilə əvvəlcədən müəyyənləşdirilmiş müəllimlər məşğul olacaq. Dərslər silsilə olaraq davam etdiriləcək.
ZÜMRÜD BAYRAMOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB