Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarından olan İmadəddin Nəsimi xalqın çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şairdir. Onun zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüm əhəmiyyətə malikdir. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2019-cu ilin Azərbaycan dilini ədəbi-bədii dil səviyyəsinə yüksəldən böyük ustad İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar "Nəsimi İli" elan edilməsi şairə verilən dəyərin, hörmət və ehtiramın, eyni zamanda, yüksək ideallara, mədəniyyətə, şeirə, sənətə, onların inkişafına nə qədər böyük diqqət yetirildiyinin təzahürüdür. "Nəsimi İli" çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən müxtəlif əlyazma xəzinələrindən əldə olunmuş materialar əsasında "Bilinməyən Nəsimi" kitabı nəşr edilib. Kitabın elmi məsləhətçisi akademik İsa Həbibbəyli, elmi redaktor və ön sözün müəllifi akademik Teymur Kərimli, tərtib edəni isə filologiya üzrə fəlsəfə doktoru Kərimulla Məmmədzadədir. Kitabın nəşrində məqsəd İmamməddin Nəsiminini indiyə qədər yalnız əlyazma şəkilində mövcud olan ölkəmizdə bu vaxta qədər işıq üzü görməmiş dünyanın müxtəlif arxiv kitabxana və muzeylərində qorunan əsərlərini transliterasiya edərək ilk dəfə geniş oxucu auditoriyasına təqdim etməkdir.
Kitabın ilk səhifələrində Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi, eləcə də «Nəsimi İli» elan edilməsi haqqında sərəncamları yer alıb. "Nəsimisevərlərlə ilk görüş" başlıqlı ön sözdə akademik Teymur Kərimli Nəsimi irsinin öyrənilməsi və təbliği, xatirəsinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atıldığını qeyd edərək, onun Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 600 illik yubileyinin UNESCO tərəfindən qeyd edildiyini diqqətə çatdırıb. O da qeyd olunur ki, şairin əsərləri Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli Sərəncamına əsasən, kütləvi tirajla nəşr olunaraq, ölkə kitabxanalarına hədiyyə edilmişdir.
Daha sonra akademik şairin yaradıcılıq dünyasına nəzər salaraq mürəkkəb və ziddiyyətli inkişaf yolu keçmiş mütəffəkirin sənətkarlıq xüsusiyyətlərini səciyyələndirir.
Kitabda İ.Nəsiminin qəsidələri, qəzəlləri, müxəmməs və tuyuğları yer alıb.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB