Liviyadakı əməliyyatlar rəsmi olaraq NATO-nun nəzarətindədir, ancaq Fransa çirkli bir oyun arxasındadır. ABŞ, İngiltərə və Fransanın rəhbərlik etdiyi "Şəfəq əməliyyatı" dünəndən etibarən NATO-ya təhvil verilib. SİA-nın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, ittifaqın qərarverici orqanı Şimali Atlantik Şurası Liviya əməliyyatını müzakirə etmək üçün Londonda toplanacağı bir vaxtda Fransanın siyasi liderliyi üçün israrını davam etdirir.
ABŞ, Britaniya və İtaliya uçuşa qadağan bölgənin tətbiq olunması və hava hücumları da daxil olmaqla bütün hərbi əməliyyatların NATO nəzarətində olmasının tərəfdarı olduğu halda Fransa qərar vermə səlahiyyətinin ittifaqa verilməsinə qarşı çıxıb. Rəsmi Paris siyasi liderlik üçün xarici işlər nazirlərindən ibarət qrupun yaradılmasını təklif edir. AFP-ə açıqlama verən fransalı diplomat "biz NATO əməliyyatında olmayacağıq, bunda ən kiçik bir tərəddüd yoxdur" deyib.
Fransa prezidenti Nikolya Sarkozi keçən həftə Avropa Birliyi toplantısında "əməliyyatlar və texniki koordinasiya NATO-da olacaq, amma siyasi koordinasiya koalisiyada olacaq" demişdi. Fransa iki mərhələli mexanizm təklif edir: Birinci qrupda fərqli ölkə, tərəf və regional təşkilatlardan 60 nümayəndə iştirak edir. İkinci qrupda yalnız hazırkı əməliyyata qatılan ölkələr təmsil olunur. Paris 35 ölkənin qatılacağı sabahkı London konfransını siyasi mexanizmin ilk yığıncağı olaraq təqdim edir.
NATO rəhbərliyi isə Liviyada həyata keçirilən əməliyyata kanadalı general Çarlz Boşardın rəhbərlik edəcəyini dəqiqləşdirib. Məlumatı Kanadanın müdafiə naziri Peter Makkey də təsdiq edib. NATO-nun baş katibi Anders Foq Rasmussen kanadalı generalı "NATO-nun ən yaxşı komandiri" olaraq xarakterizə edib. Rasmussen bildirib ki, NATO Birləşmiş Millətlər Təşkilatının qərarını dəqiqliyi ilə icra edəcək.
Liviyada Qəddafiyə qarşı əməliyyatların davam etdiyi bir vaxtda İtaliya onun sürgün olunması ilə bağlı plan irəli sürüb. İtaliyanın xarici işlər naziri Franko Frattini "Repubblica" qəzetinə "bütün Avropa və BMT polkovnik Qəddafinin artıq qəbuledilməz bir lider olduğunu söylədiyinə görə onun iqtidarda qalacağı bir həll variantı da mümkün deyil. Qəddafinin sürgünə göndərilməsi təqdirində vəziyyət başqa olacaq" deyib. Frattini iddia edib ki, Qəddafinin sürgünə göndərilməsi variantını onun öz rejimi daxilində də dəstəkləyənlər var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB