Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əlaqədar qurumları əməkdaşları "Ovçuluq haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması vəziyyətinin araşdırılması məqsədilə ölkə ərazisində növbəti reydlər keçiriblər.
ETSN-dən SİA-ya verilən məlumata görə, Samux Ovçuluq Təsərrüfatı ərazisində qanunsuz ovla məşğul olan Goranboyun Qazaxlar kənd sakini Ziyabil Sarıyev saxlanılmış və ondan 1 ov tüfəngi və 1 patron götürülüb. Onun barəsində müvafiq akt və protokol tərtib edilmiş, inzibati qaydada 1000 manat məbləğində cərimə olunub.
Qaxın Cəlayir kəndinin "Qovra" adlanan sahəsində qanunsuz ovla məşğul olan Dəymədağ kənd sakini Coşqun Məmmədov saxlanılmış, ondan 1 ov tüfəngi götürülüb. C.Məmmədovun barəsində müvafiq akt və protokol tərtib olunmuş, o, inzibati qaydada 1000 manat məbləğində cərimə edilib.
Şirvan Milli Parkının ərazisində isə qanunsuz ovla məşğul olan Salyanın Yenimuğan kənd sakini Siyasət Əkbərov saxlanıb. Ondan 1 ov tüfəngi, 17 patron və 1 patrondaş götürülüb. S.Əkbərov barəsində akt və protokol tərtib edilmiş və o, 1000 manat məbləğində cərimə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB