"Prezidentin sərəncamı tarixi könüllülük ənənələrimizə verilən ən yüksək qiymətdir" RƏY-ÖZƏL

"Bildiyiniz kimi Cənab Prezident İlham Əliyev tərəfindən 2020-ci il Azərbaycanda "Könüllülər ili" kimi elan olundu. Bu bir daha ölkə başçısı tərəfindən könüllü ruhu ilə yaşayan və yaradan insanların əməyinə verilən yüksək qiymətdir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İnsan resursları və təlim şöbəsinin müdir müavini, "ASAN Könüllülük" Məktəbinin rəhbəri Cahangir Hacıyev deyib. Azərbaycanda könüllülük ənənələrinin dərin köklərinin olduğunu deyən Məktəb rəhbəri söyləyib ki, Könüllülük bir dəyər kimi müxtəlif zamanlarda cəmiyyəti vahid bir niyyət ətrafında birləşdirib. O bildirib ki, çox da uzaq olamayan tariximizə nəzər salsaq görərik ki, istər XX əsrin əvvəllərində qardaş ölkə Türkiyədə baş vermiş hadisələr, istərsə də Qarabağ müharibəsində yüzlərlə vətəndaşlarımız könüllü olaraq cəbhəyə gediblər:" Bu misallar onu göstərir ki, könüllülük o qədər yüksək dəyər və daxildən gələn hissdir ki, insanlar hətta bunun üçün canlarından keçməyə hazırdılar. Könüllülər təkcə müharibə zamanı deyil, eləcə də müxtəlif ictimai-siyasi proseslər zamanı cəmiyyət üçün faydalı və zəruri işlər aparırlar". C. Hacıyev qeyd edib ki, həm dünya təcrübəsində, həm də Azərbaycanın çox da uzaq olmayan keçmişində könüllülük hərakatının xüsusi yeri olub:" Məhz ilk cümhiriyyətimizin qurulduğu illər ərəfəsində də könüllü olaraq fəaliyyət göstərənlər, eləcə də qadınlar dövlətin qurulmasında yaxından iştirak ediblər. Lakin təəssüf ki, sovetlər dövründə ictimai fəaliyyət olan könüllülük, xeyriyyəçilik siyasi fəaliyyətə və dövlətə maneə kimi dəyərləndirilərək bu cür hərəkatlara ciddi qadağalar qoyuldu. Lakin müasir dünyanın inkişafında biz bunun bariz nümunələrini görürük ki, inkişaf etmiş ölkələrdə könüllülük insanların bir həyat tərzinə çevrilərək eyni zamanda xalq və dövlətə bir dəstək kimi vətəndaşlıq mövqeyinin bir təcəssümü kimi çıxış edir. Təmənnasız olaraq insan, cəmiyyət və dövlət üçün çalışan könüllülər dövlət tərəfindən dəstəyi görəndə daha da böyük əzim və ruh yüksəkliyi ilə çalışırlar". Məktəb rəhbəri vurğulayıb ki, müstəqil və müasir Azərbaycanda könüllülərin ən böyük dəstəkçiləri Ölkə başçısı İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevadır:" 2020-ci ilin "Könüllülər ili" elan olunması həm də tarixi könüllülük ənənələrimizə verilən ən yüksək qiymətdir. 2012-ci ilin 29 dekabr tarixində Cənab Prezidentin ASAN könüllüləri ilə ilk görüşündən sonra ruhlanan ASAN könüllüləri Azərbaycanda həyata keçirilən inzibati islahatlara öz əvəz olunmaz töhfəsini verirlər. ASAN Könüllüləri daim Cənab Prezidentin dəstəyini hiss edir və onun etimadını doğrultmağa çalışırlar. Bu illər ərzində könüllülər tərəfindən müstəqil "ASAN könüllüləri" təşkilatı qurulub, yüzlərlə vətənpərvərlik, mədəniyyət, təhsil, sosial və digər istiqamətlər üzrə layihələr həyata keçirilib və bundan minlərlə gənc bəhrələnib. Bunlar arasında xüsusilə "ASAN Akademiya" "ASAN Məktub", "Əsgərə Məktub", "Könüllülər Yurdu Azərbaycan" , "Hərbiyyə" , "AVOMUN" layihələrini qeyd etmək olar. ASAN könüllülük hərəkatı çərçivəsində gənclərin kariyera inkişafı üçün "ASAN Kadr" Kariyera mərkəzi qurulub və yüzlərlə gəncin işlə təmin olaunmasına nail olunub. Ekoloji istiqamət üzrə "Yaşıl ASAN" proqramı çərçivəsində yüzlərlə layihələr həyata keçirilib, beynəlxalq əməkdaşlıq çərçivəsində əcnəbi könüllülər də proqrama cəlb olunub. Arıq 3 ildir ki, əcnəbi könüllülərin də ASAN könüllüsü adını qazanaraq Avropa, Asiya, Afrikada da ASAN könüllüləri təmsil olunurlar. Bu dəstəyin nəticəsidir ki, Azərbaycanda ASAN Xidmətdən başlayan könüllülük hərəkatı təkcə ASAN xidmət çərçivəsində qalmayıb və digər könüllülük hərəkatlarının yaranmasına da təkan verib. Bunun nəticəsidir ki, bu gün Azərbaycanda onlarla könüllülük hərəkatları yaranmış və uğurlu fəaliyyət göstərirlər". Məktəb rəhbəri əlavə edib ki, Azərbaycan Prezidenti tərəfindən könüllülük fəaliyyətinə verilən dəstək və inam gənclərin fərdi inkişafı üçün yaradılan növbəti imkanlardandır:" Heç kim üçün sirr deyil ki, ASAN və digər könüllülük hərəkətlarında olmuş gənclər qazandıqları təcrübə əsasında əmək bazarında daha yüksək tələbata malikdirlər. Qeyd olunanlar onu deməyə əsas verir ki, könüllülük gənclər üçün yeni inkaşaf modelidir. Bu fəaliyyət həm fərdi, həm də cəmiyyəti inkişaf etdirir. Bu gün könüllülük təkcə gəncləri deyil, eləcə də müxtəlif yaş kateqoriyalarını əhatə edir. Bu onu deməyə əsas verir ki, 2020-ci ilin "Könüllülər ili" elan olunması bu dəyər ətrafında təkcə gəncləri deyil, eləcə də bütün insanlarımızı birləşdirəcək. Bu, bir həmrəylik nümunəsi, və xalqın bir daha cənab Prezidentə olan böyük etmadının ifadəsi olacaq. Göstərilmiş məqamlar ölkə başçısı tərəfindən 2020-ci ilin "Könüllülər ili" kimi elan etməsinin gənclər və ümumilikdə cəmiyyətin inkişafı üçün xüsusi rol oynayacağına deməyə əsas verir".
Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə